Ru
11:38 / 17 İyun 2022

Naxçıvana bilet məsələsi parlamentdə qaldırıldı - Deputatlardan AZAL-a etiraz

2537
“Nə qədər ki, dəmiryolu, avtomobil yolu açılmayıb, Naxçıvana aviabiletlərin qiymətlərinin artırılması yoxsul, imkansız ailələr üçün problemlər yaradır”.


Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasında çıxışı zamanı Fazil Mustafa bildirib.


Deputat qeyd edib ki, 7-10 ildir müalicə üçün Bakıya gələ bilməyən ailələr var: “İran üzərindən quru yolu ilə də Naxçıvandan Azərbaycana gəlmək üçün əvvəllər də 30 AZN olan gediş haqqına əlavə 8 manat da artırılıb və hazırda 38 manat olub. Vaxt itkisini nəzərə alsaq, quru yolu ilə də gedib gəlmək heç də əlverişli deyil”.





O, eyni zamanda vurğulayıb ki, Naxçıvana və Türkiyəyə olan aviabiletlər AZAL tərəfindən öncə turizm şirkətlərinə satılır: “Gürcüstanla müqayisədə Türkiyəyə Bakıdan olan aviabiletlərin qiymətləri 5-6 dəfə artıqdır. Qiymətlər baha olduğuna görə, tələbələr, Azərbaycan vətəndaşları ölkəmizə gələ bilmirlər.


Onlar yerli hava şirkətləri ilə (Türkiyə -red.) İğdıra, ordan Naxçıvana və daha sonra isə hava yolu ilə Azərbaycana gəlməli olurlar. Bu qiymət siyasətindən bütövlükdə bütün Azərbaycan əhalisi əziyyət çəkir. Təsəvvür edin, yalnız 20 gün, bir ay sonraya aviabiletlər tapılır. Düşünürəm ki, hökumət bu məsələ haqqında həssaslıqla düşünməli və qısa müddətdə Naxçıvan əhalisini bu əziyyətdən, zülmdən qurtarmalıdır”.


Digər bir deputat İsa Həbibbəyli də Naxçıvana biletlərin tapılmaması ilə bağlı çıxış edib:





"Naxçıvana təyyarə biletləri almağın çətinliyi insanları ciddi narahat edir. Adamlar 10-15 gün əvvəl də bilet almaqda çətinlik çəkirlər. Əlavə reyslərin açılması elan olunduqdan bir saat sonra həmin reysə bilet almaq mümkün olmur. Yay mövsümü ilə əlaqədar olaraq gedib-gələnlər çoxalıb. Xeyir-şər məclislərinə gedənlər və xəstələr Naxçıvana bilet ala bilməməkdan narahatlıqlarını deputatların nəzərinə çatdırırlar. Gərginlik aradan qaldırılmalıdır. Müntəzəm reyslərin sayını artırmaq, əlavə reysləri tələbata uyğun olaraq tənzimləmək lazımdır" - deyə deputat vurğulayıb.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər