Ru
11:50 / 07 Oktyabr 2022

“Naxçıvanlı olmaq...” - Firidun Ağazadənin yazısı

19307
Firidun Ağazadə




“Naxçıvanlı olmaq” təkcə naxçıvanlının fəxr-fəxarəti “dəyil”, “Naxçıvan” hər bir azərbaycanlının fəxarətidir.


“Naxçıvanlı” anlayışı ilə geniş mənada ali məktəbin birinci semestrində rastlaşdım. Xarici Dillər İnstitutun birinci kursunda Bənənyarski adlı bir dosent mənə “SOV. İKP tarixi”ndən “kafi” yazıb əlaçılığa yolumu kəsdi. İngilis dilinin leksikasından, fonetikasından, qrammatikasından “əla” alan mən tarixdən “kafi” aldım. İndi adını unutduğum o Bənənyarski tanıdığım ilk canlı naxçıvanlı idi. O birinci naxçıvanlı yadımdan çıxmır.


Amma nə sirdirsə, bütün fikirlərim naxçıvanlılarla üst-üstə düşür. Necə deyərlər, elə bil, “alt yapımız” eynidir. Xasiyyət, dini inanc, adət-ənənəyə bağlılıq, heysiyyət, təşəxxüs, ideologiya, fəxr-fəxarət, Vətən sevgisi, torpaq sevgisi, poeziya sevgisinə qədər. Bir neçə yerdə naxçıvanlılarla işləmişəm, nahaq demirlər ki, “Atı atın yanında bağlasan, həmrəng olmasa da, həmxasiyyət olar”. Savalanın o tayında – Ərdəbildə bu məsəli belə eşitdim: “Atı at yanına bağlarsan, həmrəng olmasa da, həmxuy olar”. Farscasını da yazaq ki, mətləb bir az da genişlənsin: “Əsb pişe həm bebəndi, həmrəng nəşəvəd, həmxuy mişəvəd”. İngilis dilində: “İf you held the horses beside each other, if they would not get each other’s color, they would get each other’s temper”. Bu, hərfi tərcümədir, dostlar deməsin ki, “Həylə dəyil”.


Orta məktəbdə müəllim işlədiyim illərdə günlərin bir günü kəndimizə bir “Villis” gəlmişdi. Dedilər ki, alimlərdir, dağlara baxmağa gəliblər, deyəsən, sərhədə qədər gedib, Savalanı “bu üzdən” seyr etmiş, qayıdan baş sərhəd kəndimizin dükanının qabağında maşını saxlayıb dükana girmişdilər. Uşaqlardan kimsə pəncərəsi açıq maşından alimlərin fotoaparatını, alışqanını götürmüşdü. Uşaqları dilə tutduq ki, yaxşı deyil, kəndimizə qonaq gəliblər, gətirin hər şeyi yerinə qoyun. Fotoaparat tapıldı, alışqanı sındırıb atmışdılar. O alimlərdən biri akademik Həsən Əliyev idi. Böyük naxçıvanlı. Yəni Zəngəzur da bizimdir... harada anadan olmasından asılı olmayaraq, o kişi naxçıvanlı idi. Sonralar Bakıda Təbiəti Mühafizə Cəmiyyətində işləyəndə Həsən müəllimi daha yaxından tanıyacaqdım.


Üçüncü tanıdığım naxçıvanlı Böyük Məmməd Araz idi. Şeirlərimi oxuyan Şair işsiz olduğumu bildi, Təbiəti Mühafizə Cəmiyyətinin rəsmilərindən xahiş etdi, məni balaca bir işə götürdülər. Cəmiyyətin “...rayon şöbəsinin məsul katibi” kimi təmtəraqlı bir adım da vardı. Əlbəttə, rayonun adı indiki kimi “Xətai” deyildi... “Azərbaycan təbiəti” jurnalında əməkdaşlıq etməyə başladım. Sonralar mənə “gənc dostum” deyən Şairi daha yaxından tanıdım, sevdim, şeirlərimin çapına da bir-iki dəfə kömək etdi.. Hə, o, əsl naxçıvanlı idi. Şəmsəddin Eldənizdən, Məhəmməd Cahan Pəhləvandan, Əcəmi Naxçıvanidən, Hinduşah Naxçıvanidən, Məhəmməd Naxçıvaniyə, Kəlbəli Xana qədər, Cəmşid Naxçıvanskidən, Bəhruz Kəngərlidən, Əliqulu Qəmküsardan Mirzə Cəlilə, Əbülfəz Elçibəyə qədər, Hüseyn Caviddən, Həsən Abdullayevdən Abbas Zamanova, Şamil Mahmudbəyova, Ramiz Mirişliyə, Azər Zeynalova, Azərbaycan Respublikasının Prezidenti İham Əliyevə qədər... Vikipediyadan adlarını ixtisarla çəkdiyim bu insanlar Böyük Naxçıvanlıdırlar... Və Böyük Azərbaycanlıdırlar. Bu Tarixdir. Həm də Azərbaycan Tarixidir! “Naxçıvanlı olmaq” təkcə naxçıvanlının fəxr-fəxarəti “dəyil”, “Naxçıvan” hər bir azərbaycanlının fəxarətidir.


İş yerimdə istedadlı, amma “yekəxana” bir naxçıvanlı vardı. Direktor o naxçıvanlı ilə pişim-pişimlə danışırdı, yəni, qorxurdu, müavin isə onu görən kimi əlləri titrəyir, dili-dodağı söz tutmurdu... Yəni naxçıvanlı olmaq belə qorxulu imiş?..


Başqa bir naxçıvanlı - Azərnəşrdə işlədiyim illərdə əvvəlcə Mətbuat İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini, sonra Azərnəşrin direktoru olan Əjdər Xanbabayev. Böyük vətənpərvər, böyük ziyalı idi. 1988-ci il Meydan hərəkatı günləri idi, redaktor maaşı az idi deyə, mən Azərnəşrdə üç gündən bir növbəyə çıxan gözətçi işinə də düzəldim. O günlərdə Əjdər müəllim axşamlar da nəşriyyata gəlir, işləyirdi. Bir-iki dəfə məni axşamlar burada görüb (yayınırdım ki, “gözətçi” işlədiyimi bilməsin) maraqlandı, mən də məsələni dedim. Səhər məni böyük redaktor keçirtdi.


Böyük naxçıvanlı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev.

Tarix yaradan Şəxsiyyət. Azərtacda işlədiyim illərdə çox böyük, siyasi-ictimai sənədlər, bəyanatlar tərcümə edirdim. Bunların bəzisi birbaşa dövlət başçısının stoluna gedirdi. Bunları oxuyan Ulu Öndər tərcüməçini soruşmuş, demişdi ki, “Gətirin, yanımızda işləsin”...


Naxçıvana “Kiçik torpaq” da demişik, “Nəqşecahan” da. Nəqşe-cahan, “Dünyanın naxışı”. “Kiçiklər” ərköyün, hərdən də “yekəxana” olurlar. Mənbə deyir ki, “Naxçıvan Yaxın Şərqin ən məşhur qədim şəhərlərindən biridir. Onun 3500 ildən çox yaşı vardır. Naxçıvan haqqında ilk yazılı məlumata Misir astronomu və riyaziyyatçısı Klavdi Ptolemeyin “Coğrafiya” əsərində rast gəlinir. O, Naxçıvanın hələ miladdan öncə II yüzillikdə şəhər olduğunu xəbər verərək yazmışdır: “Naksuana geniş ərazisi olan vaspuraqanın mərkəzidir. 37 nahiyədən ibarət olan bu ölkənin bir nahiyəsini də Naksuana təşkil edir”.


İyirmi beş il əvvəl bir qrup jurnalist Astaradan, Ərdəbildən keçib İrana, Tehrana getmişdik, yolüstü Məşhəddə İmam Rza (ə) hərəmini də ziyarət etdik. Orada Naxçıvandan gəlmiş zəvvarları görüncə dilimiz açıldı... Necə sevindik?!.. Qucaqlaşdıq, öpüşdük... Düşmən işğalı davam edirdi. Ayrı düşən qardaşlarımız idi. Onlar o üzdən, Arazdan keçib ziyarətə gəlmişdi. Bizsə Astaradan...


Jurnalist, həm də sərhədçi zabit, naxçıvanlı dostum Elşən Məmmədov. Dağ çeşməsi kimi duru, saf insan. Nəhayət, bağ qonşum, naxçıvanlı “Kamaz Fərhad”. Vicdanlı, zəhmətsevər, qızıl kimi adam. Bəs, “Naxçıvanlı olmaq...” ifadəsini niyə belə hallandırırlar? Nə demək istəyirlər?..


FB səhifələrindən: “...90-cı illərdə məlum səbəblərdən özünü naxçıvanlı və ya qərbi azərbaycanlı adlandıranlar indi də şuşalı, qarabağlı olurlar. Yaxşı ki, Hitler Bakını işğal edə bilməmişdi... (yoxsa dönüb alman olardılar)”.

“AzTV-nin bir mühasib sədri vardı, əvvəl qarabağlı, sonra gürcüstanlı, daha sonra qərbi azərbaycanlı, nəhayət, naxçıvanlı oldu, indi haralı olduğu bilinmir və heç özü üçün əhəmiyyətli də deyil... xameleon çoxdur bu cəmiyyətdə...”


Tələbə yoldaşlarım arasında naxçıvanlı yox idi. Ötüb keçən illərdə istedadlı jurnalist İradə Tuncayın “Bəli, naxçıvanlıyam...” hikkəsini eşitdim, ədalətsizliyə üsyan edən bu hikkənin mahiyyətinə vardım. Bir müddət əvvəl, naxçıvanlı, rejissor, aktyor Rza Rzayevin “Naxçıvanlı olmaq...” yazısını oxudum, əndişə və qəzəbini başa düşdüm. Müəllif “Arının pətəyinə çöp uzatmayın!” desə də, mən çöp uzadıram və deyirəm: Mən naxçıvanlıları belə gördüm. Bir az “ərköyün və yekəxana” olsalar da, hamısı qürurlu, vüqarlı, haqsevər, istedadlı insanlardır. Mənim yanımda kimsə deməsin ki, “Həylə dəyil”.

Şərhlər
  • t.ədalət

    Bu günkü "naxçıvanlılar",əgər onlara "naxçıvanlı" demək mümkündürsə, əsasən, vəzifələri işğal edən kürdlərdir.Biz,müasir Azərbaycanımızın təməl daşlarından olan böyük Hüseyn Cavidi və Abbas Zamanovu digərləri ilə bulaşdırmayaq.Şəxsi mənafe üçün yaşayanların haralı olduğu maraqlı deyil,biz ictimai mənafe uğrunda həyatlarını girov qoyan böyük dahilər haqqında danışanda ehtiyatlı olmalıyıq.Azərbaycanı regionlara bölməyii də dayandırmaq lazımdır.Bölücülər,əlbəttə,türk deyillər.Adətən,Bölücülük etnikizmin təzahürüdür.Elə yerliçilik də.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər