Ru
14:08 / 06 Yanvar 2022

Nazarbayev dövrünün sonu: "Bütün kadrlar təmizlənəcək" - Politoloqların şərhi

6331

Qazaxısatanda baş verənlər təkcə region ölkələrinin yox, bütün dünyanın diqqət mərkəzindədir. Ölkənin ən böyük şəhəri olan Almatıda dövlət binaları ələ keçirilib, aksiyalar ölkənin bir neçə vilayət mərkəzinə yayılıb.


Maye qazın qiymət artımı ilə başlanan etirazlar, siyasi mərhələyə keçib. Ölkədə polislə vətəndaşlar arasında xaos yaşanır.

Artıq KTMT sülhməramlıları Qazaxıstanda fəaliyyətə başlayıb. Məlumata görə, sülhməramlılar ölkədə qayda-qanunun yaradılmasında deyil, hərbi strukturların və dövlət əhəmiyyətli başqa obyektlərin mühafizəsində iştirak edəcəklər.


Maraqlıdır, Qazaxıstanda baş verən hadisələr doğurdanmı maye qazın qalxması ilə bağlıdır, yoxsa burada digər qüvvələrin əli var?

Məsələni Bakupost.az -a şərh edən politoloq Qabil Hüseynlinin fikrincə, baş verənlər kənardan idarə olunan hadisələrdir:



“Bəziləri hesab edir ki, guya bu demokratiya uğrunda mübarizədir, “rəngli İnqilabın” bir növüdür. Bu fikriləri qətiyyən qəbul etmirəm. Qazaxıstanda baş verənlər kənardan idarə olunan hadisələrdir. Bu hadisələr cüzi bir qərardan sonra, yəni maye qazın qiymətinin qaldırılması ilə başladı. Heç hökumət də, dünya da belə bir hadisənin olacağını təxmin etmirdi. Bütün bunlar onu göstərir ki, bu, Qazaxıstanda olan mövcud hakimiyyəti dəyişmək və prosesləri ələ almaq məqsədilə keçirilən bir layihədir.
Eyni zamanda, ciddi məramı, məqsədi olmayan qüvvələrin hakimiyyət uğrunda mübarizəyə başlamasıdır. Çünki bu mübarizədə anti Nazarbayev xətti aydın görünür. Nazarbayevin KTMT-nin sədrliyindən uzaqlaşdırılması bir çox mətləblərə işıq salır. Nazarbayev Qazaxıstanın baş memarıdır. Məhz onun siyasi təcrübəsi və siyasi iradəsi nəticəsində Qazaxıstan bugünkü ərazisini qoruyub saxlayıb, üstəlik bir-sıra iqtisadi və maddi inkişaf səviyyəsinə görə post-sovet məkanı ölkələri arasında ilk yerdə dayanır. Nazarbayevin dövründə Qazaxıstanın hədəfi isə Avropa dövlətləri səviyyəsinə çatmaq, orada olan sosial-siyasətin bütün növlərini Qazaxıstanda bərqərar etmək idi”.



Q. Hüseynli bu məsələlərdə hər-hansı bir xarici gücün əlinin olduğunu istisna etmir:

“Həmin xarici gücləri nə hansısa inqilab, nə də demokratikləşmə maraqlandır. Onların məqsədi indiyə qədər Nursultan Nazarbayevin Qazaxıstan üçün etdiklərinin üstündən xətt çəkmək, qaragüruhçu qüvvələrdən ibarət hakimiyyəti ərsəyə gətirməkdir. Qazaxıstanın uğurları, xüsusilə sosial sahədə əhalinin maddi rifahının təmin edilməsi istiqamətində öncül yerlərə çıxması, müasir ordu qurmağa başlaması və yüksək iqtisadi inkişaf tempini göstərməsi çoxlarının xoşuna gəlmədi. Bu məsələlər tədqiq edildikcə, öyrənildikcə yeni məqamlar ortaya çıxacaq. Bu məqamlar onu göstərəcək ki, xalq anti-Qazaxıstan meyillərinə qarşı həmişə ayıq-sayıq olmalı, kənardan hər-hansı fitnə-fəsadları qəbul etməməli və öz dövlətçiliyinə sadiq olmalıdır. Qazaxıstan hadisələrinin içərisində müəyyən tayfa-qəbilə münasibətlərinin də belə bir proseslərə rəvac verdiyini istisna etmirəm. Çünki Qazaxıstanda da hakimiyyət uğrunda mübarizə aparan müəyyən klanların, tayfaların mübarizəsi kənardan bu işə müdaxiləni xeyli asanlaşdırdı. Həmin tayfa-qəbilə münasibətlərinin daşıyıcıları olan qruplaşmalar xarici təsirlərin əlində bir alətə çevrildi. Beləliklə bu hadisələr oldu. Əminəm ki, baş verənlər tezliklə ram ediləcək. Qazaxıstan xalqının böyük hissəsi başa düşür ki, əgər lazımi iradə ortaya qoymasalar indiyə kimi əldə edilən nailiyyətləri məhv edə, ölkəni xaosa, qeyri-sabitliyə yuvarlaya bilərlər. Xüsusilə də Qazaxıstan ərazisində gözü olan müəyyən qüvvələr bu dövləti parçalaya bilər”.

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov isə düşünür ki, baş verənlər təkcə qazın qiymətinin qalxması ilə bağlı deyil:



“Qazaxıstandakı hadisələr gözlənilən idi. Bunun kiçik bir sosial narazılıq fonunda baş verən hadisələr kimi dəyərləndirilməsi kökündən yanlışdır. Çünki Mərkəzi Asiyanın ən inkişaf etmiş və ictimai-siyasi sabitliyin ən möhkəm olan ölkələrinin birində hazırda silahlı şəxslərin hüquq-mühafizə orqanlarının, adminstrasiya binalarına hücum edib, anarxist yanğınlar törətməsi özbaşına baş vermiş hadisə deyil. Bunu sadəcə qazın qiymətinin qalxması ilə bağlı bir hadisə kimi dəyərləndirilməsi, hadisələrin dərin təhlil edilməməsinin nəticəsidir. Qazaxıstan Mərkəzi Asiyada bufer zona rolunu oynayan ölkələrdən biridir. Uzun müddətdir istər qərb texnokratları Mərkəzi Asiyada mövqelərini möhkəmləndirmək üçün Qazaxıstanı əsas vasitə görürdü, istərsə də uzaq Şərqdə güclənən Çin faktoru, eyni zamanda Rusiya Mərkəzi Asiyada Qazaxıstanın həddən artıq önəmli olan mövqeyində öz təsir dairələrini genişləndirmək istəyirdi”.

Politoloq əlavə edib ki, xarici güclər və beynəlxalq dairələr bu məsələlərdə iştirak edirlər:

“Onlar guya zəifləmiş Qazaxıstan dövlətçiliyini dirçəltmək adı altında ora daxil olublar. Biz bunu artıq görürük. Sülhməramlı qismində Rusiya və Belarusiyanın bir müddət Qazaxıstanda qalmağı, etiraz aksiyalarının yekunlaşması, Qazaxıstanda Tokayevin prezidentlik kürsüsünün güclənməsi ilə nəticələnəcək. Bütövlükdə isə Nursultan Nazarbayev və ona bağlı olan bütün kadrlar Qazaxıstan siyasi elitasından təmizlənəcək. Baş verən hadisələr göstərir ki, insanlar mütləq diqqətli olmalıdır. Beynəlxalq imperialist oyunların alətinə çevrilib, öz dövlət və dövlətçiliklərinə qarşı silahlı üsyanlara qalxmamalıdırlar. Bunun əksi olacağı təqdirdə isə xaos, anarxiya hökm sürəcəyi görünür ki, iki gündür Qazaxıstanda talanan dükanlar, mağazalar dediklərimizin əyani göstəricisidir”.


F. Söhrabqızı
Baku Post

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər