Ru
07:38 / 25 Mart 2022

Nizamiyə məktub - Nazirliyin afaroz etdiyi yazı

3770
Əkbər Nəcəf

(Mədəniyyət Nazirliyinin afaroz etdiyi yazım...)


Sərhəd romanla başlayır.
Bu, “dünya nəsri” deyilən anlayışın yaratdığı ədəbi məhdudiyyətdir. Göy üzünə açılan şeirin səsini təbiəti təsvir edən romanın dili boğur. İnsan zehni hökmünü torpağa kəsməyə başlayır, Yerdə xoşbəxtlik axtarışına çıxır. Dünyanın seyrinə çıxan roman insana müşahidəni öyrədir.


Müşahidə edən ağıl “erqo qoqito sum” (düşünürəm o halda varam) deyə hayqırdıqca “mən”lə “mənliyi” olmayanlar arasına sərhəd çəkməyə başladı. Beləliklə, Hegel zehniyyətinin davamcıları “tarixi ağıl”ın əliylə romanın dünyasını inşa etdilər. Sözlər misraların cilovundan qopardılıb sətirlərin hürriyətinə tərk edildi. Şairin ərşlə diyaloğu kəsildi, torpaqdan və sudan “yazıçı” yaradıldı. Nizaminin söz topladığı səmanın altında, yazıçı dünyanı müşahidə etməyə başladı. Kəşfin yerini, müşahidə olunan həyatın faciəsi aldı.


“Təhlükəsiz dünya” yaratmanın mümkünlüyü dünyanın romanını yazmaqdır – deyir Hegel. O Hegel ki, müasir ağıl nə onu inkar etdi, nə də onu aşmağa cəhd göstərdi. Marks, Nitşe, Heidegger, Fuko, Derrida, hətta bizim zamanın fikir adamları hesab edilən Habermas, Karatani, Fukuyama və Quxa belə ancaq onunla mübarizə etməyi seçdilər.


Son iki əsrdir, dünya ədəbiyyatı nəsrin hökmü altındadır. Bu ədəbiyyat anlayışı içində şeirin heç bir “yaradıcı” mənası qalmamışdır. Şeir sadəcə, klassikadır, yəni köhnədir, sadəcə başlanğıcdır, psixolojik arınmadır. Şeir – hindli filosof Ranajit Quxanın sözləriylə “tarixi olmayanlar”ın inancıdır.


Ədəbi sərhəd şeirlə roman zehniyyətləri arasına çəkilib. Tarixi kimliklərlə tarixi olmayanların ortasında ucalan kağız sərhədlərin bir üzündə misralar, digər tərəfində sətirlər yer alır. Dünya ədəbiyyatı iki üzü qaraldılmış vərəqə oxşayır.


Romanın yaratdığı müasir dünyada yaşayan insan zehninin açarı Dekartın “mənin praktika”sıdır. Sərhəddin o tayında qalan köhnə insanların hikmət xəzinəsi isə “Məxzənül-əsrar” adlanır. Əsrarlar dünyasında şair insanın ərşə ucalmasından bəhs edir; yazıçı romanı ilə ən yaxşı halda insanı kosmosa aparır. O tayda ruhun qidası həqiqət, bu tərəfdə rifahın açarı maddə yer alır.


Əslində, sərhəd insanın daxilinə çəkilmişdir. Ruh olaraq ilhamdan, bədən olaraq maddədən ibarət kağız qəlbli insan sərhəddə yaşayır. Yersiz, yurdsuz ədəbi mültəci kimi.


Şeir ədəbi olanı xəyal etdirirdi, roman dünyanın ədəbiyyatını yaratmaq üçün çırpındı. Şairin məqsədi xəyallara ev tikməkdi, yazıçı arzularına dünya qurmaq istədi.


Şeir keçmişin ədəbibir, roman müasirlərin ədəbiyyatı... Sərhəddi yaradan hər iki zehnin mayası olan rəmizlərdir. “Rümuzül-ədəb” dünyasında dəyərlər tələffüz olunduqları dillərdə üzləşirlər.


Ədəbi olmağın hikməti dilin rəmizlərində əks olunub. Dillərin ədəbiyyat ruhunun tərcümanı olması buradan qaynaqlanır. Hər dil bir tərcümədir. Yəni sərhəddi çəkən dildir.


Dilin məşəqqəti o lisanı hifz edənlərə rümuzül-ədəb öyrətməkdirsə, rəmzlərin əsrarı nədir?


Bu, nəsr və şeir danışan zehinlərin əsrarıdır. Bir tərəfin zehni “Orientales”, digər tərəfin zehni isə “Xəmsə” yaradır. “Orientales” yazıçı ruhunun əsəridir, “Xəmsə”ni şairin ruhu ərsəyə gətirir.


Şeirin əsrarı ev (beyt) tikməkdir, romanın əsrarı dünya yaratmaq. Evi olmayanın dünyası, dünyası olmayanın da evi olmur. Bu əsrar bir ədəbiyyat oyunu olaraq əsrlərdir yaşadı.


Nizaminin evi şəhərdir. Heç tərk etmədiyi Gəncə. Sokratın da evi şəhər idi, heç tərk etmədiyi Afina.
Ömür boyu bir məkana həbs olub qalmağın əsrarı nədir?


Əsrarı şeirdir. Xəzinəni qoruyanlar o yerə əbədi məhkumdurlar.


Sokratın məqsədi şeiri şəhərdən qovmaq idi. “Mənə nə öyrədəcəksə çöllər və ağaclar deyil, şəhərdəki insanlar öyrədəcək” deyirdi. Sokrat nəsr (fəlsəfə) üçün şeiri Afinanın divarlarının xaricinə qovdu. Buna görə ömrü boyu Afinaya məhkum qaldı, edam edilmək bahasına belə oranı tərk etmədi.


Nizami isə şeiri şəhərə gətirmək üçün Gəncəni tərk etmədi, yaşadığı böyük məhrumiyyətlərə baxmayaraq. Nizami Leyla və Məcnun hekayələri ilə ləpələnən ərəb çöllərini, Şirin və Xosrov eşqinin altında can verən Sasani saraylarını, iqlimlərin gözəllərini, dünyanı fərh edən İskəndəri öz şəhərinə gətirdi və “Cənzə” (xəzinə) yaratdı.


Sokrat nəsrin şəhərini yaratmaq istəyərkən məğlubiyyətə uğrayıb canından oldu, Nizami qalib gəlib dünya ədəbiyyatının “məxzənül-əsrar”ı olan şeirin şəhərini inşa etdi. Sokrat yersiz və yurtsuz öldü və kimsə onu “Afinalı Sokrat” olaraq xatırlamadı. Nizami ədəbi olaraq “Gəncəvi” qaldı.


Şeirin dünyasında ədəbiyyat şəhərə oxşadılır.
Bütün şəhərlərin sərhədlərə ehtiyacı var. Çünki şəhər evlərin dünyasıdır. Şairin işi də ev (beyt) tikməkdir. Sokratın evi yoxdu, həyatı roman sətirləri kimi uzanan küçələrdə keçdi. Nizami ev yaratdı və qapısına açar qoydu ki, “rümuzül-ədəb” bilməyən xəzinəyə soxulmasın. Məxzənin qapısına bu beyti həkk etdirdi:

Bismillahirrəhmanirrəhim
Həst kəlide-dəre-gənce-həkim

Tərcüməsi:
Rəhimli və mərhəmətli Allahın adı ilə
Hikmət xəzinəsinin qapısının açarıdır.


***

Sərhədləri olmayan yeni dünyanın yarandığı iddia edilir. Şeiri və romanı olmayan bir dünya. Sadəcə, ekranı var. Çağın insanı nə ulduzları görür, nə də dünyanı müşahidə edir. Onun gözləri ekranda. Bütün ömrünü əlində tutduğu ağ ekranda yaşayır. Cinin canı şüşədə olan kimi, post-modern insan ekrana həbs olmuş.


Bu ekranlar nə şeir xəyal edə bilir, nə roman yaza bilir. Onun anladığı şifrələr, üz və barmaq tanımasıdır. Hər şey ekranlaşır; sevgilər, sevgililər, kimliklər, geyimlər, qidalar, gülüşlər, hüzünlər, ölümlər...


Hər şeyi toxunaraq yaşıyırıq. Hər şeyi toxunaraq yaşadırıq.


Yəni, yeni bir rəmzlər dünyası yaranır. Şeirin və romanın dünyası kimi yeni dünya da sözə məhkum.
Şeirdə sözdür, romanda, ekranda...
Hər şey dəyişir, “söz”dən savayı.
Çünki sözlərin sərhəddi yoxdur; sadəcə, nizamı və Nizamisi var.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
  • Rüstəmov Əziz

    Sizdən xahiş edirəm Qarabağda bizi işlə təmin eliyesiniz demir qelip birəadiri işləmişəm uzun mudedet

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər