Ru
12:18 / 03 Oktyabr 2022

Nüvə silahı mülki insanlar yaşayan şəhərə atılacaq, böyük təlafat olacaq - Ekspert

5984
Son vaxtlar Rusiyanın nüvə silahından istifadə edəcəyinə dair ehtimallar artıb.

Beynəlxalq ekspertlər Kremlin Ukraynaya qarşı daha çox taktiki nüvə silahından istifadə edə biləcəyini deyirlər.


Bəs, taktiki nüvə silahı nədir və onun dağıdıcı gücü nə qədərdir? Rusiyanın Ukraynada bu silahdan istifadə etməsi hansı nəticələr doğura bilər?


Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən hərbi ekspert Azad İsazadə bildirib ki, taktiki nüvə silahı ilə strateji nüvə silahı arasında sərhəd çox şərtidir:




"Ümumiyətlə, hər bir nüvə silahının gücü tratil ekvivalentlə hesablanır. Taktiki nüvə silahının ekvivalenti çox genişdir. Bu, bir neçə kilotondan başlayaraq 100 kilotona qədər fərq edə bilər. Hətta mətbuatda superkiloton anlayışı da var. Ona görə düzgün olardı ki, taktiki və strateji nüvə silahlarını onların istifadə olunma məqsədlərinə görə ayıraq. Taktiki nüvə silahı taktiki məqsədlə, yəni, artilleriya, aviasiya bombası, ya da orta mənzilli raketlərlə istifadə oluna bilər. Məqsəd cəbhə boyu müqavimət göstərən hansısa nöqtələri, kütləvi insan və texnika ehtiyatların məhv etmək ola bilər. Taktiki nüvə silahının partladığı ərazidən təxminən 15 km məsafəyə qədər nüvə yayıla bilər. Eyni zamanda nüvə silahı partlayan zaman radius tam halqa kimi olmur, daha çox ellipsə oxşayır. Ellips partlayışın mərkəzindən 15 km ərazini əhatə edir. Ellipsin hansı istiqamətə uzanacağı hava şəraitindən, küləkdən asılıdır. Takitiki nüvə silahı 15 km ətrafda olan ərazini nüvə ilə zəhərliyir. Partlayış zamanı güclü zərbə dalğası ərazidə olan insanları, binaları, texnikanı məhv edir. Amma zərbənin gücündən asılı olaraq, hardasa 3-5 km ərazidə düşmən ordusu ciddi itkilər verə bilər".


"Bəs, hazırkı situasiyada Rusiya nüvə silahından istifadə edə bilərmi" sualını ekspert belə cavab verdi:


"Maraqlı bir vəziyyət yaranıb. Putin Ukraynanın 4 vilayətini Rusiyaya birləşdirdi. Deməli, Rusiya siyasətçilərin baxışı ilə Xerson, Zaparojye, Luqansk və Donetsk vilayətləri üç gündür ki, Rusiyanın ərazisidir. Amma döyüşlər konkret həmin vilayətlərdə gedir. Rusiya orada Ukrayna ordusuna qarşı nüvə silahı istifadə eləsə, faktiki öz ərazisini nüvə silahı ilə zəhərləmiş olacaq. Yəni, bir növ nüvə silahını öz ərazisində istifadə etmiş olacaq. Haradasa məntiqsiz bir zərbə olacaq. Lakin Ukraynanın bu ərazilərdən arxada qalan vilayətlərinə də zərbə endirsə, bu, heç bir hərbi məna daşımayacaq. Sadəcə siyasi şantaj xarakteri daşıyacaq".


Bununla belə, ekspert nüvə silahından istifadə oluna biləcəyini istisna etməyib:


"Taktiki nüvə silahı Ukraynada mülki insanlar yaşayan şəhərə atıla, nəticədə orada yüksək dağıntı və tələfat baş verə bilər. Buna istər-istəməz beynəlxalq reaksiya veriləcək. ABŞ və Böyük Britaniya əvvəlcədən bəyan edib ki, Rusiya nüvə silahı istifadə etsə, biz dərhal adekvat cavab verəcəyik. Hansı cavabın olacağı ilə bağlı cürbəcür versiyalar var. Yəqin, Moskvanın özünə hansı cavabların olacağını deyiblər ki, nə ilə rastlaşa biləcəklərini bilsinlər".





Bəs, müharibənin indiki mərhələsində nüvə silahından istifadə riski niyə yarandı?


Ekspertin sözlərinə görə, nüvə silahından istifadə etmə təhlükəsi bu il martın sonu - aprelin əvvəlindən başladı:


"Rusiya ordusu Kiyev və başqa ərazilərdən çıxmalı oldu və həmin ərəfədə Qərb mətbuatı nüvə silahının tətbiq oluna biləcəyini yazdı. Çünki Rusiya adi silahlarla Ukraynanı özünə tabe edə bilmədi. O vaxt bu iddia indiki kimi ciddi səslənilmirdi, amma müzakirə olunurdu. Daha sonra bütün yay ərzində nüvə silahından istifadə etmə riski xeyli azaldı. Çox güman ki, ABŞ və Böyük Britaniyanın reaksiyasından sonra Rusiya bu məsələdən bir qədər uzaqlaşdı. Döyüşlərin son mərhələsində isə rus ordusu Xarkov ətrafında mövqelərini qoyub qaçdı. Daha sonra Liman şəhərində 5000-nə yaxın rus hərbçisinin mühasirəyə düşməsi, bu şəhərin Ukraynanın nəzarətinə keçməsindən sonra nüvə silahı təhlükəsi bir qədər artıb".


A.İsazadə bildirib ki, ABŞ-ın nüvə silahına nəzarət edən xüsusi təyyarələri var və onlar daim həmin obyektlərin üzərində uçaraq onların döyüşə hazır olub-olmadığını nəzarətdə saxlayır:


"Praktiki olar, bu təyyarələr bir-birini əvəz etməklə 24 saat havadan Rusiyanın bütün nüvə obyektlərini nəzarət altında saxlayır. Deməli, təhlükə bir qədər çoxalıb. Pentaqonun məlumatına görə, hər şeyi nəzarətdə saxlayırlar və hələ ki nüvə silahının döyüş vəziyyətinə gətirildiyini görmürlər. Amma bu o demək deyil ki, sabah vəziyyət dəyişməyəcək. Deməli, təhlükə riski hələ də qalır. Mart-aprel aylarında təxminən 70% risk var idisə, bu gün hardasa 40-45% riskin olduğunu deyə bilərik. Lakin sabah bu risk 70-80 %-ə də qalxa bilər. Vəziyyət çox dinamik dəyişir. Üstəlik Moskvada rəhbərlik daxilində mübahisələr gedir. Ona görə də nə vaş verəcəyini konkret demək olmaz. Bəzi əlavə məlumatlara görə, Qərb Ukraynaya nüvəyə qarşı komplektlər, o cümlədən yod tərkibli dərmanları böyük miqyasda çatdırmağa başlayıb. Bunu əsaəsn ordu üçün göndərirlər. Amma Rusiya tərəfindən belə hərkətlər görünmür. Hazırda Rusiya tərəfi əsgərlərə nə geyim, nə silah, nə də nüvəyə hücumuna qarşı xüsusi komplektlər, qaz əleyhinə cihaz və geyimlər vermir. Amma vəziyyət ciddidir və 24 saat ərzində çox şey dəyişə bilər".

Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər