Ru
13:24 / 13 İyun 2022

O təhsil heç kimə lazım deyilsə... - Kolleclərin bağlanması gündəmə gəlir

3738
Bu gün ölkəmizdə ali təhsil almış gənclərimizin əksəriyyəti ixtisası üzrə çalışmır. Onlar universiteti bitirdikdən sonra ya iş tapa bilmirlər, ya da ixtisasları üzrə olan işlərdə maaş az olur.


Universitet məzunları iş tapmaqda çətinlik yaşadığı halda, kollec məzunları ümumiyyətlə, əmək bazarına heç yaxın dura bilmirlər. İşə götürənlər ya gəncin təhsilini yetərli hesab etmir, ya da kollec təhsilli gəncin savadı buna imkan vermir. Hər iki mənada kollec məzunları əmək bazarında iş tapmaqda ciddi çətinliklər yaşayır.


Bəs əmək bazarında kollec məzunlarına niyə yer yoxdur? Dünya praktikasına nəzər salanda nələrin şahidi oluruq? Kollec sistemində nələr dəyişməlidir? Ümumiyyətlə, kolleclər ləğv oluna və yaxud universitetlərə verilə bilərmi?



Məsələ ilə bağlı Bakupost.az -a millət vəkili Etibar Əliyev açıqlama verib.



Deyib ki, bizdən fərqli olaraq, dünyanın inkişaf etmiş ölkələrində kollec təhsili və kolleclərin təhsil sistemindəki çəkisi çox yüksəkdir:





“Amerika, İngiltərə və başqa ölkələrdə kollec təhsili çox yüksək tutulur. Bu o deməkdir ki, kolleclərin proqramları zaman-zaman yenilənir, cəmiyyətdə nüfuzunun artırılması üçün işlər görülür. Dünyada elə kolleclər var ki, orada 10-dan çox Nobel mükafatı laureatları çalışırlar. Ölkəmizdə isə kollec məzunlarının işlə təminatında ciddi problemlər var. Kolleclərin özünü təsdiqləməsi üçün bir addım atıldı. Yəni, kolleclər universitetlərin nəzdinə verdilər. Lakin bu heç nəyi dəyişmədi. Əksinə, konkret olaraq rektorların kollecləri asılı vəziyyətə salmaq imkanlarını genişləndirdi və kollec təhsilinin keyfiyyətində də elə bir dəyişiklik baş vermədi. Ona görə də biz kolleclərin gələcəkdə tutduğu yeri müəyyənləşdirməliyik. Kolleclər hansı funksiyanı daşımalıdır ki, onun məzunları əmək bazarında pedaqoji proseslərdə özlərinə yer tapmış olsunlar”.


Millət vəkili ölkəmizdə kollec təhsilinin keyfiyyətini də şərh edib:

“Azərbaycanda kollec təhsilinin keyfiyyəti, kollecin özünün tutduğu mövqe, kolleclərdə proqramların yenilənməməsi təhsilin bu pilləsini xeyli nüfuzdan salıb. Ali məktəbə daxil ola bilməyən zəif uşaqlar kolleclərə üz tuturlar. Bəzi iqtisadiyyat, təhsillə bağlı olan kolleclərin məzunları bəzən işə qəbul oluna bilirlər. Kollec elə bilik verməlidir ki, oranı bitirənlər işlə bağlı imtahanlarda uğur qazana bilsinlər. İndi vəzifələrə, peşələrə imtahan vasitəsilə işə götürürlər.


Lakin kollec o təhsili verə bilmir, çünki kollec təhsili yenilənmir. Ali təhsilə kolleclərin inteqrasiyası da bu prosesi dəyişə bilmədi. Ona görə də burada ciddi problemlər var. Düşünürəm ki, 10 milyonluq əhalisi olan ölkədə, əmək bazarı bütün ixtisasdan olan mütəxəssisləri qəbul etməlidir. Bu gün ən maraqlı məqamlardan biri odur ki, şirkətlər, komitələr, nazirliklər mütəxəssis hazırlığına maraqlı deyillər. Onlar fizika, İKT ixtisası üzrə hər hansı bir tələbəni işə götürərək deməlidir ki, mənim işçim olacaqsan və sənin təhsilini, yataqxana xərcini də maliyyələşdirirəm. Dünyada bu belədir. Bu məsələdə isə biz çox geri qalmışıq. Kollec təhsili də onun bir həlqəsidir”.



E. Əliyev universitetlərdə ali təhsilin keyfiyyəti ilə bağlı məsələyə də toxunub:


“Universitetlərin əksəriyyətində köhnə ixtisaslar qalmaqdadır. Yəni, biz 4-cü Sənaye İnqilabına qədəm qoymuşuq. TEKNOFEST göstərdi ki, bu texnologiyalar dövrüdür və texnologiyalar yenilənməlidir. Həmçinin buna uyğun yeni təfəkkür formalaşmalıdır. Xüsusilə fizikanın, riyaziyyatın, biologiyanın, kimyanın tədrisi çox mükəmməl şəkildə həyata keçirilməldir. Vaxtı ilə maraqlı bir məsələ ilə qarşılaşmışıq. Məsələn, fizika müəllimi və fizika ixtisasını ayırdılar. Yəni, biri bunun tədqiqatı ilə məşğul olmalı, digəri isə müəllim olmalıdır. Amma fizikanın bakalavr pilləsini bitirənlər Elmi Tədqiqat İnstitutlarında və universitetlərdə işə qəbul olunmadılar. Çünki orada magistratura təhsili vacib idi. Nəticədə xeyli fizika, kimya, biologiya ixtisasları üzrə işsizlər ordusu yarandı. Təəssüf ki, onlar müəllim də işləyə bilmədilər. Bu da onu göstərdi ki, adi bir hərəkət xeyli ali təhsilli işsiz ordusunun yaranmasına səbəb oldu”.


Fəridə
Baku Post

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər