Ru
11:26 / 10 Mart 2022

Oğlumun şəhid olduğunu 1 ay anasından gizlətdim - Şəhid atasıyla MÜSAHİBƏ

26011
“Generallar o siyahını Prezidentə çatdırmadılar...”


Şəhid Elşən Sultanlı Nazim oğlu 2001-ci il fevralın 15-də Yardımlı rayonunun Teşkan kəndində anadan olub. 2017-ci ildə Separadi kənd orta məktəbini bitirib, 2019-cu ilin aprel ayında hərbi xidmətə yola düşüb. Nümunəvi xidməti nəzərə alınaraq o, 2019-cu il noyabrın 9-da 10 günlük məzuniyyətə buraxılıb. Müharibə başlayanda hərbi xidmətini başa vurmasına cəmi 3 gün qalırdı. Elşənin Tərtər rayonunun Qapanlı kəndindən başlayan döyüş yolu Talış və Suqovuşan kəndlərinə qədər davam edib. Sonra Elşənin də xidmət apardığı hərbi hissə oktyabr ayının 15-də Tərtər-Ağdərə istiqamətindəki digər bir mövqe uğrunda döyüşlərə əlavə qüvvə kimi geri qaytarılıb. Elşən oktyabr ayının 17-də bu istiqamətdə gedən ağır döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.





Bu günlərdə şəhidimizin atası Nazim Sultanov Bakupost.az -ın qonağı olub və əməkdaşımızın suallarını cavablandırıb:


- Nazim bəy, öncə oğlunuzun həyat yolundan danışaq...


- Elşən çox sakit, ağır təbiətli, mehriban oğlan idi. Uşaqlıqdan Vətən sevgisi ilə böyümüşdü. O, Böyük Vətən müharibəsindən əlil kimi qayıdan babam Məşədi Bəhmənin müharibənin dəhşətlərindən bəhs edən söhbətlərini babası Təzəxandan eşitmişdi. Vətənpərvərlik bizə babamızdan keçib. Sanki babamız Məşədi Bəhmənin bütün qəhrəmanlıqları Elşənə keçmişdi. Onda qeyri-adi vətənpərvərlik hissi vardı. İbtidai sinif müəllimi Muxtar müəllim sinifdə torpaqlarımızın işğal olunmasından, xüsusilə Xocalı faciəsindən söhbət edəndə Elşənin necə həyəcanlandığını, gözlərinin dolduğunu həmişə söyləyir. 2019-cu il aprel ayında hərbi xidmətə yola düşmüşdü. Xidmətə yola düşəndə çox sevinirdi, arzularının reallaşacağına inanırdı. Müharibə başlayanda hərbi xidmətini başa vurmasına cəmi 3 gün qalırdı.







- Yəni Vətən Müharibəsi başlayanda Elşən hərbi xidmətdə idi...


- Bəli. Tərxis olunmasına 3 gün qalmış mənə zəng etdi ki, ata, MAXE kimi qalmaq istəyirəm. Sual etdim ki, niyə gəlmək istəmirsən? Dedi ki, müharibə mənim vaxtıma düşməyib. Ona görə qalıram ki, nə vaxtsa müharibə olsa, mən də iştirak edim. Söylədim ki, gəl səni görək, sonra yenə gedərsən. Dedi, ata, mən öz qisasımı hələ ala bilməmişəm. 2020-ci il sentyabrın əvvəlində tərxis olunsa da, evə gəlmədi. Sonra zəng etdi ki, ata, gəlməyəcəyəm, əsgər yoldaşlarımla gedəcəyəm. O sözdə çox böyük möcüzə vardı. Lakin indi başa düşürük Elşənin dediyi o sözü. Doğrudan da əsgər yoldaşları ilə şəhid oldu və onlarla getdi.


- Müharibə başlayanda Elşənlə əlaqə saxlaya bildinizmi?


- Sentyabrın 27-si müharibə başlayanda şəbəkələr itdi, internet kəsildi, ona görə də heç bir yerlə əlaqə saxlaya bilmədik. Əlim hər yerdən üzülmüşdü. Sentyabrın 29-da Yardımlının Zevin kəndindən olan, döyüşlərdə həkim kimi iştirak edən Sadiq Feyziyevə zəng etdim ki, heç olmasa Elşənin harada, necə olduğunu öyrənim. O dedi ki, Elşən sağdır, hər şey qaydasındadır. Daha sonra oktyabrın 2-də Elşən özü mənə zəng etdi ki, ata, Feyziyev Sadiq şəhid oldu. Həkim şəhidimiz Feyziyev Sadiqin ailəsi ilə bir ailə kimiyik. Mənə dedi ki, Sadiq Feyziyev döyüş xəttindədir, ona görə cənazəsini götürmək mümkün olmayıb, hələ valideynlərinə heç nə demə. Oktyabrın 15-nə kimi Elşən bizimlə mütəmadi əlaqə saxlayır və evdəkilərin hamısı ilə çox böyük əhval-ruhiyyədə danışırdı. Sanki müharibədə deyil, çox xoşbəxt olduğu bir yerdəymiş kimi danışırdı.


- Döyüşə hansı istiqamətdə başlamışdı?


- Elşənin Tərtər rayonunun Qapanlı kəndindən başlayan döyüş yolu Talış və Suqovuşan kəndlərinə qədər davam edib. Sonra Elşənin də daxil olduğu hərbi hissə oktyabr ayının 15-də Tərtər-Ağdərə istiqamətindəki digər bir mövqe uğrunda döyüşlərə əlavə qüvvə kimi geri qaytarılıb. Elşən oktyabr ayının 17-də bu istiqamətdə gedən ağır döyüşlərdə qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalıb.




- Sonuncu dəfə kiminlə əlaqə saxlamışdı?


- Oktyabrın 15-i saat 17:00-da mənə zəng etdi. Bütün ailə üzvləri ilə danışdı. Dedi, ata, qayıtmışıq arxaya, başqa istiqamətdə hərəkət edəcəyik. Oktyabrın 16-sı səhər Ağdərə istiqamətində döyüşlərə daxil olub. Orada “530” deyilən ən hündür yüksəklikdə düşmənlə üz-üzə gəliblər. Həmin ərazidə 5 hərbçimiz şəhid olub. Hətta göydən yağış kimi minamyotlar yağa-yağa onlar irəli gediblər. Onlar Ohanyan səddini aşıb 530-cu yüksəkliyini düşməndən geri alıblar. Hətta həmin yüksəklikdən 2 km qabağa gediblər. Təmas xətti olduğuna görə arxadan köməyə qüvvə olmayıb. Düşmənləri məhv edib həmin ərazidə olan postu da düşməndən azad ediblər. Həmin vaxt düşmən snayper ilə onların komandirini vurub. Komandirin yanında da 3 əsgər olub. Onlar komandiri götürmək istəyəndə snayper onları da vurmuşdu. Daha sonra üzərlərinə minamyotlar da yağdırmışdılar. Həmin vaxt Elşən də snayperlə başından vurularaq şəhidlik zirvəsinə ucalıb.




- Şəhid olduğu ilə bağlı xəbər nə zaman verildi sizə?


- Oktyabrın 18-də anasının ad günü idi. Elşən elə bir uşaq idi ki, ana-ata, bacı-qardaş, hətta babadan əmiyə, dayıya kimi hər kəsin ad günlərində zəng edib təbrik edərdi. Hərbi xidmətdə olanda belə heç birini unutmurdu. Çox gözlədik ki, bəlkə əlinə fürsət düşər, anasına zəng edər. Həmin gün dedim ki, əgər Elşən bu gün zəng etsə, deməli, yaşayır, yox əgər zəng olmasa, deməli, şəhid olub. Bir ata kimi mən bunu artıq hiss edirdim. O elə bir andır ki, bütün şəhid ataları o anı hiss edirlər. Çünki insanın ürəyinə çox böyük ağrılar daxil olur. Oktyabrın 19-da xidmət etdiyi yerə zəng etdim. Dedim ki, mən bilirəm Elşən Sultanlı şəhid olub. Amma soruşmaq istərdim ki, onun nəşi nə vaxt evə göndəriləcək? Az keçmişdi ki, zabit telefonda ürəyimə daman o hadisəni təsdiqlədi. Dünya tərsinə çevrildi, evə gedib nə deyəcəyimi də bilmədim. Lakin düz bir ay evdə hamıdan onun şəhid olmasını gizli saxladım. Çünki Elşən təmas xəttində şəhid olmuşdu deyə cənazəsini götürə bilmirdilər. Yalnız Zəfər günündən sonra onun cənazəsini doğulduğu kəndə gətirə bildik.





- Nazim bəy, oğlunuzla danışanda ona nə deyirdiniz?


-Mən Elşənlə danışanda heç vaxt ona deməmişəm ki, özünü qoru. Oğul Vətən, qeyrət-namus üçün yaranıb. Əgər bu gün yenidən müharibə başlayarsa, evdə üç oğlum var, özüm də onlarla birlikdə getməyə hazıram. Vətən üçün ölməyə də, öldürməyə də dəyər. Elşən hər dəfə zəng edəndə müharibədən elə danışardı, sanki hardasa toydadır. Mənə, anasına heç bir şey bildirməzdi. İlk dəfə oktyabrın 2-də mənimlə danışanda belə gülürdü. Deyirdi, ata, mən bütün arzularıma çatmışam, müharibə başlayıb. Həqiqətən onun arzusu MAXE olmaq və döyüşdə iştirak etmək idi. Deyirdi ki, mən babam kimi qəhrəman olacağam. Torpaqlar azad olmasa, geri qayıtmayacağam.


- Oğlunuzun nəşinin tapılacağına ümidiniz var idimi?


-1 ay ərzində mən hər gün cənazəsinin tapılması üçün dua edirdim. Bilirdim ki, Elşən şəhiddir, gedirdim hərbi komissarlığa, deyirdim ki, kaş deyərlər əsir düşüb, bəlkə əsirlikdən qayıdar. Hər dəfə evə qayıdanda soruşurdular ki, bir xəbər yoxdurmu? Mən isə ailəni aldadırdım ki, o, döyüşə-döyüşə irəli gedir, həmin ərazidə şəbəkə yoxdur. 1 ay- oktyabrın 18-dən noyabrın 18-nə kimi onlardan gizlətmək məcburiyyətində qaldım. Noyabrın 12-də mənə şəhidlik xəbərini verən zabitdən zəng gəldi. Şəhidi Bərdədəki morqa verdiyini dedi. Komissardan göndərişi alıb evə qayıtdım. Atama dedim ki, hamı övladını axtarır, mən də bir xəbər almaq üçün Bərdəyə gedirəm. Yolda atama dedim ki, sən evə qayıt ola bilər şəhidi birbaşa evə göndərərlər. Yolda maşını saxlatdırıb gül aldım, indiyə kimi uşaqlarımın yanına əli boş getməmişəm... Noyabrın 13-ü ziyarət etdim, analizlərlə əlaqədar olaraq cənazəsini ayın 18-i evə gətirdilər.





- Elşənin xatirəsini hansı formada əbədiləşdirmək istərdiniz?


-Cənab Prezidentimiz doğru qeyd etmişdi ki, torpaqlarımızı işğaldan azad edən gənclər onun hakimiyyəti illəri ərzində böyüyənlərdir. Mən istərdim ki, gələcək nəsil də Elşən kimi böyüsün. Bizim 20 ailədən ibarət olan kəndimizdə 8 nəfər Vətən Müharibəsi iştirakçısı var. 1-i şəhid olub, biri isə yaralanıb. Bizim kənddə təhsilin olması şəhidin xatirəsinin əbədiləşdirilməsi deməkdir. Təkcə Elşən Sultanlının yox, bütün şəhidlərimizin adlarının əbədiləşdirilməsini, xüsusən də onlara “Qarabağ” ordeni verilməsini istərdim. Mənim Elşənin adına bulaq tikdrimək imkanım da yoxdur. Amma bu, məmurlar üçün o qədər də çətin bir şey deyil.


- Dövlət tərəfindən sizə şəhid ailəsi olaraq diqqət göstərilir?


- Yerli orqanlar şəhid ailələrinə qarşı Prezidentin göstəriş verdiyi kimi diqqət göstərsələr, şəhid ailələrinin heç bir problemi qalmaz. Məmurlara hansısa dərdimizi deyəndə də ona qulaq asmırlar. Şəhid üçün verilən 500 manat təqaüd kreditlərə gedir. Prezidentin şəhid ailələrinin kreditlərinin “Yaşat” fondu tərəfindən birbaşa bağlanması haqında fərmanı var. Mən bununla bağlı “Yaşat” fonduna da, Yardımlı Rayon İcra Hakimiyyətinə də müraciət etmişəm. Mənim maaş kartım olmadığına görə geri çevirdilər.





- Şəhid atası kimi, dövlətimizdən nə istərdiniz?


- Bizim kənddə təhsildən söhbət gedə bilməz. Çünki hələ mənim dövrümdən bu kənddə məktəb sadəcə 3-4-cü sinfə qədər olub. Teşkan kəndində 20-yə yaxın ailə var və bu ailələrin övladları təhsil ala bilmirlər. Mən 3-cü sinifdən sonra məktəbə getməmişəm, çünki olmayıb. İndi 4-cü sinifdən sonra uşaqlar Separadi kəndinə getməli olurlar. Lakin Teşkan kəndindən Separadi kəndinə gedən yol 14 km-dir. Təəssüf ki, uşaqlar bu qədər uzun məsafəni gedib-gələ bilmir. Həmçinin heç bir nəqliyyat vasitəsi də yoxdur. Ona görə çox istərdim ki, kəndimizdə məktəb və savadlı müəllimlər olsun. Ancaq bunu istərdim və buna böyük ehtiyac var.

- Şəhid Elşən Sultanlı dövlət başçısı tərəfindən təltif olunub?


- Bəli . “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub, amma hələ verilməyib. Bir də “Vətən müharibəsi iştirakçısı” medalı veriləcəyi deyilib. “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordenlə təltif olunub, amma 1 il 6 aydır ki, generallar təqdimat vermir. Mən ona təəssüflənirəm ki, 100 qram çəkisi olan ordeni 530-cu yüksəklik kimi tanınan yerin azad olunmasına görə vermədilər. Onu cənab Prezident əsirgəməyib, təmas xəttində olan generallar əsirgəyib. O siyahını Prezidentə çatdırmayıblar.


Qeyd edək ki, ata şəhid övladına şeir də həsr edib.

Həmin şeirləri təqdim edirik:


Torpaq oğlum əmanəti



Bir istəyim bir arzum var
Torpaq, oğlum əmanəti
Arzuları nakam qalan
Torpaq, oğlum əmanətin


Ata, ana, oğul deyir
Yediyini zəhər yeyir
Bacın başa qara geyir
Torpaq, oğlum əmanətin


Ana bilib, döndü sənə
Cavan canın verdi sənə
Laylasın de sıx sinənə
Torpaq, oğlum əmanətin


Vətən nədən qara geyib
Düşməninə sinə gərib
Bu torpağa şəhid gedib
Torpaq, oğlum əmanətin


Gözləməkdən köz olmuşam
Yana- yana mən solmuşam
Ayrılığdan qocalmışam
Torpaq, oğlum əmanətin




Şəhid Elşən Sultanlınin ad gününə həsr olunmuş şeir

Sənsiz ad gününü necə qeyd edim



Səndən ayrılmışam gör necə vaxtdır
Sənsiz ad gününü necə qeyd edim
Bu acı talehdir sağalmaz dağdır
Sənsiz ad gününü necə qeyd edim


Bütün ad günlərə təbrik deyərdin
Qohum, qardaşları, təbrik edərdin
Hamının şad gününə, sən sevinərdin
Sənsiz ad gününü necə qeyd edim


Səndən ayrı saralmışam solmuşam
Əsir ürək sənə həsrət qalmışam
Apar məni səndən uzaq donmuşam
Sənsiz ad gününü necə qeyd edim


Ay oğul həsrətin yandırır məni
Kaş birdə görüşüb görəydim səni
Unutmaq olmayır sənsiz günləri
Sənsiz ad gününü necə qeyd edim


Sənsiz oğul bir gün üzüm gülmədi
Ürəyim ağladı gözlərim gəzdi
Dərdimin əlacı tapılmaz indi
Sənsiz ad gününü necə qeyd edim


Necə təbrik deyim du mərmər daşa
Keçdin sən cənnətdə ikinci yaşa
Əbədi dünyada cənnətdə yaşa
Sənsiz ad gününü necə qeyd edim







Fəridə
Baku Post
Şərhlər
  • Muxtar Əliyev Abiş oğlu

    Allah bütün şəhidlərimizi rəhmət eləsin, Allah bütün şəhid yaxınlarına səbr versin ????????????

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər