Ru
16:59 / 30 İyun 2022

Olimpiada qaliblərinə niyə Prezident təqaüdü verilmir? - “Bu, ədalətsiz yanaşmadır”

3479
“Prezident hər il qəbul imtahanlarından sonra ən yüksək bal toplayanlara Prezident təqaüdü təyin edir. Hazırda mövcud qaydalara görə, hər il ixtisas qrupları üzrə yüksək bal toplayan 102 abituriyentə 250 manat məbləğində Prezident təqaüdü təyin olunur. Maraqlıdır ki, bu qaydalar yalnız konkret ixtisaslar üzrə yüksək nəticə göstərənlərə şamil olunur. Amma beynəlxalq və respublika fənn olimpiadalarının qaliblərinə bu qayda tətbiq edilmir. Beynəlxalq və respublika fənn olimpiadalarının qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu nəzərdə tutulsa da Prezident təqaüdünün verilməsi nəzərdə tutulmur. Fikrimcə, bu, doğru olmayan, ədalətsiz bir yanaşmadır”.


Bunu Bakupost.az -a açıqlamasında “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.




O bildirib ki, əgər, bu təqaüd dövlət qayğısını gücləndirmək, onların təhsil alması üçün daha əlverişli şərait yaradılmasını təmin etmək və təhsilə olan həvəslərini artırmaq məqsədilə təyin olunursa, onda elə ilk növbədə beynəlxalq və respublika fənn olimpiadalarının qaliblərinə şamil olunması doğru və məntiqli olardı. Yəni, əgər məktəbli hansısa fənn üzrə olimpiada qalibi olubsa, bu o anlama gəlir ki, onun bu fənn üzrə bilik səviyyəsi imtahandan 700 bal toplayandan da yüksəkdir:


“Xatırladıram ki, hazırda ölkədə olimpiadalara hazırlıqla bağlı Təhsil Nazirliyi tərəfindən xüsusi mərkəzlər formalaşdırılıb. Bu məqsədlə xaricdən mütəxəssislər dəvət olunur. Bildiyim qədər indiyədək məktəblilərimiz tərəfindən 500-dən çox qızıl, gümüş və bürünc medal ölkəmizə gətirilib. Hesab edirəm ki, indiki anda bu tip şəxslərə dövlət dəstəyini davam etdirmək daha məntiqli və milli maraqlarımıza uyğun olardı . Ümid edirəm, səlahiyyətli qurumlar bu məsələni diqqətdə saxlayacaq və növbəti mərhələdə beynəlxalq və respublika fənn olimpiadalarının qal­ibləri də Prezident təqaüdü ala biləcəklər”.


Sevinc
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər