Ru
11:48 / 06 Sentyabr 2021

Ölümə gedən ən qısa yol - Gəncləri “Patı” bəlasından necə xilas etməli?

48365
21 yaşlı Anarın narkoman olmasını əvvəllər ailə üzvləri gizli saxlamağa çalışırdılar. Lakin narkotik maddələrin kəskin aludəçisi olan Anarın hər dəfə bu maddəni yenidən qəbul etmək ehtiyacı yarandığı zaman valideynlərindən pul almaq üçün etdiyi dava ailənin utanc yeri olaraq, gizli saxlamağa çalışdığı bu “sirri” bütün məhəlləyə bəyan etdi. Atası Anarın bir neçə dəfə narkomaniyadan müalicə edilməsi üçün cəhdlər etsə də, bu, mümkün olmayıb.

Narkoman olduğu üçün həyat yoldaşı da ondan ayrılıb atası evinə geri qayıdıb.

Ailəsini, valideynlərini, getdikcə də sağlamlığını itirən Anar hələ ki, bu itkilərinin fərqində deyil. Bu gün ata və ana narkoman övladının dərdinin acısı ilə yaşayarkən, səhv yolundan dönmək istəməyən bu gənc təəssüf ki, hələ də zərərli vərdişinə davam edir, onu məhvə aparan bu yolla “irəliləyir”...

23 yaşlı Səadət də həyat yoldaşı narkoman olduğu üçün ondan boşanıb. Azyaşlı övladı ilə ata evinə sığınan Səadətin keçmiş həyat yoldaşı narkotik maddəni yüksək dozada qəbul etdiyi üçün ötən ay dünyasını dəyişib.



Ailələr fərqli olsa da, faciəni eyniləşdirən səbəb birdir- NARKOMANİYA

Cavanlaşan narkomaniya

Narkomaniya dünyasında gələcək yoxdur, o, insanı yalnız dar, çıxılmaz bir dalana sıxışdırır, addım-addım ölümə sürükləyir. Digər vərdişlərə nisbətən daha təhlükəli sayılan narkomaniya bəlasının mövcud olduğu cəmiyyətdə hər cür problemin müşahidə edilməsi qaçılmazdır. Belə cəmiyyətlərdə insanların ən ali dəyərlərinin itməsindən tutmuş ən ağır cinayətlərin baş verməsinə qədər olan bütün halları müşahidə etmək mümkündür. Əslində, narkomanlar üçün ali dəyər yoxdur, onlar üçün ən yüksək dəyər elə narkotik maddənin qəbulu nəticəsində yaranan “həzz”dir. Bu “həzz”ə görə yaşadıqları həyat onları bütünlüklə məhv edir, mənəvi və fiziki inkişafına mane olur, sağlamlıqlarını əlindən alır, ailələrini dağıdır, cinayətlərə sürükləyir, əvvəl ruhən, daha sonra fiziki olaraq, öldürür.

Bu gün bütün dünyanı narahat edən əsas məsələ bilərəkdən “ölüm yolu”nu seçənlərin arasında yeniyetmə və gənclərin sayının getdikcə çoxalması, narkotik maddələrə aludəçilik hallarının yüksələn xətlə inkişaf etməsidir.



Statistik məlumatlara görə, dünyada 250 milyon insan narkotik maddədən istifadə edir ki, onların da 40-45 faizi qadın və uşaqlardır. Təəssüflər olsun ki, Azərbaycandan da yan keçməyən bu bəlaya düçar olanların sayının getdikcə artması, yeniyetmə və gənclər arasında narkomaniyaya meylin güclənməsi yalnız narahatlıq doğurur.

Azərbaycanda ümumən narkotik istifadəçilər arasında daha çox 25-45 yaşlı insanlar üstünlük təşkil etsə də, son dövrlərdə bu yaş həddi daha da önə çəkilir və narkomaniya cavanlaşır. Artıq rəsmi qeydiyyatda yaşı 18-dən az olan narkomanlar da var. Son məlumatlara görə, ölkədə rəsmi qeydiyyata alınmış 33 788 nəfər narkomanın 9-u 15-17, 12 969-u isə 18-34 yaşlı insanlardır.



Qeydiyyatda olan narkomanların 618-i qadındır. Lakin nəzərə alaq ki, rəsmi qeydiyyatda olan narkotik maddə istifadəçilərinin sayı ölkədəki narkomanların real sayını deyil, yalnız müəyyən bir hissəsini əks etdirir. Ailələrin çoxu övladlarının narkoman olduğunu bu və ya digər səbəblərdən gizli saxlamağa çalışdığı üçün onun qeydiyyata alınmasına da maraq göstərmirlər. Qeydiyyata alınmış narkomanlar daha çox hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilmiş, başqa sözlə cinayət törətmiş şəxslər olurlar.

Mütəxəssislər də təsdiq edirlər ki, çox zaman valideynlər övladlarının narkoman olduğunu bilsələr belə, bunu gizli saxlamağa çalışırlar. Valideynlərin narkomaniya bəlasına düçar olan övladlarının qeyri-peşəkarlar tərəfindən, gizlicə müalicə olunmasına çalışması isə gənclərin narkotik maddələrin aludəçiliyindən gec xilas olmasına səbəb olur. Əksər hallarda müalicənin bu formada aparılmasının heç bir effekti olmur.



Ekspertlər bu qənaətdədirlər ki, narkoman gənclərin həbsindən daha çox onların sağlam həyata qaytarılması üçün tədbirlərin görülməsinə daha çox ehtiyac var. Təlim-tərbiyə işlərini gücləndirməklə, narkomaniyanın fəsadları haqqında daha çox maarifləndirmə işləri aparmaqla gəncləri “narkomaniya dünyası”ndan çəkib çıxarmaq olar. Bu da çox vacibdir ki, maarifləndirmə işlərinin aparıldığı hədəf nöqtələri düzgün müəyyən edilməli və daha çox narkomaniyaya meyl etmə riski olan yeniyetmə və gənclər arasında təbliğat işlərinin aparılmasına üstünlük verilməlidir.

“Patı”nın gətirdiyi ölüm

Son zamanlar gənclər arasında məşhurlaşan “patı”nın ölümə səbəb olması barədə xəbərlər artıq çox yayılıb. Belə xəbərlərdən biri də ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Allahyar Abışovun “patı”dan istifadə etdikdən sonra dünyasını dəyişməsi barədə məlumat olub. Mərhumun bacısı Rəna Abışova qardaşının “patı” kimi tanınan metamfetamindən istifadə etdiyini açıqlayıb.



“Patı” son dövrlərdə yeniyetmə və gənclərin çox meyl etdiyi sintetik tərkibli narkotik maddələrdəndir. Yeniyetmə və gənclərin daha tez təsir altına düşə bilməsini nəzərə alan narkotik maddə alverçiləri öz məhsullarını satmaq üçün azyaşlıların çox olduğu yerləri də seçirlər. Son zamanlarda narkotik maddə alverçiləri bu təbliğatlarını internetlə də aparırlar. Yeniyetmə və gəncləri şirnikləndirməklə öz məhsullarını onlara təklif edən alverçilər bununla həm də gələcək üçün cinayətkarlar hazırlayırlar.

Kimyəvi laboratoriyalarda hazırlanan yeni sintetik narkotik maddələr orqanizm üçün daha təhlükəli hesab olunur. Çünki onlar istifadəçidə elə ilk qəbullardan asılılıq yaradır. Belə narkotik maddələrin qiymətinin ucuz olması isə onu hələ gəlir əldə edə bilməyən uşaq və yeniyetmələr üçün də əlçatan edir.



Yeri gəlmişkən qeyd edək ki, son zamanlar yayılan şayiələrdən biri də məhz “patı” kimi maddələrin qidaların, içkilərin tərkibinə qatılması ilə bağlıdır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov belə bir faktla qarşılaşmadığını söyləyir. Amma bunu da inkar etmir ki, bütün dünyada biznes adamları gəlir əldə etməkdən ötəri müəyyən hiylələrə əl ata bilərlər:

“Azərbaycanda da belə halın ola biləcəyi istisna edilmir. Bu barədə hər hansı məlumata malik deyiləm. Amma fakt olarsa, onu araşdıraram”.

Narkomaniya ilə bağlı əsərlər dərsliklərə daxil edilsin

Narkoloq Asif Kəngərli bildirib ki, bitkilərdən hazırlanan narkotik maddələrdən asılılıq gec başladığı halda, “patı” kimi sintetik tərkibli narkotik maddələr 1-2, bəzən isə 3 qəbuldan sonra onu qəbul edən insanda güclü asılılıq yaratmağa başlayır.

Onun sözlərinə görə, narkomaniya, taksomaniya, alkoqolizmlə bağlı əsərlər orta məktəb dərsliklərinə daxil edilməlidir. Bu halda gənclər həmin bəlaların fəsadlarından daha məlumatlı olarlar.

Psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva deyib ki, narkotik maddə aludəçilərini bu vərdişdən uzaqlaşdırmağın ən yaxşı yolu peşəkar mütəxəssis yardımı almaqdır.



Onun sözlərinə görə, istifadəçinin psixoloji və tibbi terapiya seanslarına cəlb edilməsi çox önəmlidir.

Psixoloq hesab edir ki, digər narkotik maddələrdən fərqli olaraq, sintetik preparatların beyinə çox qısa müddətdə və sürətli təsiri problemin günlə, ayla deyil, anla dərinləşməsi deməkdir.

T.Paşayeva təklif edir ki, sosial şəbəkələrdə, saytlarda hər kəsin anlayacağı şəkildə açıqlamalar verilməli, “maddə”nin mahiyyəti, insan həyatına qorxunc təsiri izah edilməlidir, çünki məlumatsızlıq və düzgün aparılmayan maarifləndirmə istifadəçi sayını artıra bilər:

“Odur ki, hər kəs ayıq olmalı, özünü, ailəsini “tələyə” salmaq istəyənlərdən qorumalı və onlara qarşı mübarizədən çəkinməməlidir”.

Valideynləri diqqətli olmağa çağıran psixoloq bu bəlanın ailənin içinə girməməsi üçün onları övladlarının davranışlarına fikir verməsini, əhatəsində kimlərin olduğuna diqqət etməsini vacib sayıb.

DİN-dən xəbərdarlıq: Narkotik maddələrin ölkəmizə gətirilməsi təhlükəni artırır

Daxili İşlər Nazirliyi də bu yaxınlarda antinarkotik təbliğatla bağlı ictimaiyyətə etdiyi müraciətində bildirib ki, qanunsuz dövriyyədən çıxarılan narkotiklərin həcminin ilbəil artmasına baxmayaraq, həmin vasitələrin ölkəyə gətirilməsinə edilən cəhdlər, buna mütənasib olaraq narkotik istifadəçilərinin sayı da çoxalır. Belə bir vəziyyət isə nəticə etibarı ilə gənclərimizin narkotik aludəçisi olmaq təhlükəsini artırır.



DİN bu təhlükənin aradan qaldırılması üçün cəmiyyətin birgə səy göstərməsini vacib sayıb:

“Hər kəsin ümumi işə real köməkliyi çox vacibdir. Yalnız bu halda görülən işlər istənilən nəticəni verə bilər. Doğrudur, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə fəal mövqe tutan vətəndaşlarımız var və məhz onların məlumatları əsasında effektiv nəticələri olan bir çox əməliyyat tədbirləri keçirilib. Həmin vətəndaşların hər birinə təşəkkür edir, prinsipial mövqelərini alqışlayırıq. Bu işdə daha bir vacib məsələ antinarkotik təbliğatın gücləndirilməsi və səmərəsinin artırılmasıdır”.

Asudə vaxtları düzgün təşkil olunarsa, narkoman gənclərin sayı da xeyli azalar

Narkomaniya bəlası uşaqların, gənclərin fiziki və mənəvi inkişafına bütün zərərli vərdişlərdən daha qalıcı, daha mənfi təsir göstərir. Narkomaniyaya meylilik üzündən övladını itirən analar, atalar da az deyil. Bu sayın getdikcə artmaması üçün gənclərin layiqli vətəndaşlar kimi tərbiyə olunması, onların sağlam həyat tərzi keçirməsi olduqca vacibdir. Gənclərin məhz bu formada yetişməsi Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin əsas vəzifələrindən biridir.

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərə dövlət dəstəyi sahəsində tədbirlərin reallaşdırılması istiqamətində fəaliyyətin daha da genişləndirilməsi nəzərdə tutulub. Lakin gənclər arasında sağlam həyat tərzinin təbliği ilə bağlı tədbirlər yalnız dövlət qurumları tərəfindən deyil, qeyri-hökumət təşkilatları tərəfindən də mütəmadi olaraq, həyata keçirilməlidir. Gənclərin mənəvi və fiziki hazırlığı üçün çoxsaylı əlavə işlər görülməlidir. Bütün bunlar sonda gənclərin narkomaniya bəlasından xilas olmasına yardım edəcək.



Gənclərin narkomaniya da daxil olmaqla, ümumən zərərli vərdişlərdən uzaq olmasını şərtləndirən amillərdən biri də də onların asudə vaxtlarının səmərəli təşkili, könüllülər hərəkatı və s. çərçivədə fəal işə cəlb edilməsi ola bilər. Nəzərə alaq ki, indiki internet dövründə gənclərin xarici təsir altına düşməsi daha asan olduğu üçün onları bu təsirlərdən yayındıracaq tədbirlər düzgün seçilməli, daha həvəslə çalışması üçün maraq dünyalarına uyğun olan istiqamətlər üzrə layihələrə cəlb edilməlidirlər. Gənclərin asudə vaxtları düzgün təşkil olunarsa, narkotik maddələrindən istifadə edən gənclərimizin sayı da xeyli azalar.

Ayan Əlizadə

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər