Ru
11:31 / 12 Yanvar 2023

Oman, ay Oman... QƏRİBƏ ŞƏHƏR – Böyük pullar, böyük tısbağalar vətəni

12108
Şahbaz XUDUOĞLU

Omanın gecəsinə göydən baxanda adama elə gəlir ki, bizim neft daşlarıdır - işıqlı yollar damar kimi ölkə boyu uzanır.

Oman nadir yerlərdən biridir ki, Məhəmməd peyğəmbərin zamanından İslamı qəbul edib. Elə o vaxtlardan sultanlıq və imamət arasında qarşıdurma, düşmənçilik, hakimiyyət uğurunda mübarizə bitmir. Daxili qarşıdurmanı həll etmək üçün çox zaman İran, Britaniya köməyə gəlir və müvəqqəti sülh bərqərar edilir... Vaxtilə belə iğtişaşları sakitləşdirmək üçün Nadir şahın ordusu da Omanı bir müddət nəzarətdə saxlayıb.

1950-ci illərdən sonra Oman ərazisində neft yataqlarının kəşfi imamətlə sultanlıq arasında qarşıdurmanı daha da amansız etdi.
Sultan Said bin Teymur qoçaq tərpəndi. İngilislərin və İran şahının dəstəyi ilə bütün tayfaları öz ətrafına toplaya bildi. Hakimiyyəti möhkəmləndirməkdə neft əsas rol oyandı. Amma ölkədə feodal üsul-idarəsi hakim idi. Çox qapalı bir cəmiyyət yaratmışdı.

Oğlu Kabus bin Səid atasının bu siyasətini bəyənmirdi, ingilislərlə gizli danışıqlara gedərək saraydaxili çevriliş etdi.



Dərhal islahatlara başladı. Korrupsionerləri həbsə basdı. Yeni nazirliklər yaratdı. Düzdü, onların bir neçəsinə özü başçılıq edir...
Ordu təsis etdi, tanklar, hərbi təyyarələr, döyüş gəmiləri aldı.

Omanı 41 vilayətə böldü, yerli və mərkəzi aparat yaratdı, yerlərdə valilər təyin etdi.

Neft gəlirləri artdıqca xəstəxanalar, universitetlər tikdirdi. "1970-ci ildə 12 yerlik bir xəstəxana vardısa, bu gün 15 xəstəxana, 21 tibb məntəqəsi 74 poliklinika, 35 təcilli yardım briqadası yaratdı". Məktəblər, universitetlər tikdirdi. Milli universitet yaratdı. Televiziyalar, qəzetlər fəaliyyətə başladı. 1996-cı ildə isə sultanın səlahiyyətlərini, hakimiyyətin ötürülməsini müəyyən edən konstitusiya qanunu qəbul edildi.

Neft gəlirləri tamamilə sultana məxsusdur. Bir yaxşı cəhəti var ki, xaricə investisiya yatırtmır. Bütün pullarını ölkədaxili başqa sahələrin inkişafına yatırdı.

*
Omanın paytaxtı Maskat şəhəridir. 2 milyona yaxın əhalisi var.
Burda hündür binaların tikintisinə icazə verilmir. Ümumiyyətlə, Oman ərazisində bütün tikililər eyni rəngdədir. İstər Maskad olsun, İstər Sur. Bələdçimiz Nasir deyir ki, bu, qanundur: sən evini başqa rənglə rəngliyə bilməzsən.



Nasir böyük təmtəraqla Maskadın mərkəzindəki Səid məscidini təqdim edir. Ətrafı gül-çiçəklə bəzənib, amma içəri buraxılmır.



Böyük "Opera house"a gəlirik. Hava qaranlıq, sarı işıqlar çələng kimi binanı qucağına alıb. Çox möhtəşəm görüntüsü var. Amma hələ opera, balet göstərilməyib. Nasir deyir, elə burda da milli konsertlər təşkil edilir.

Maskadın ən mötəbər yerlərindən biri də “Al Alam Palace” adlanır . "Al Alam" ərəb dilində "bayraq" deməkdir. Sultan Qabusun altı kral iqamətgahından biri olan sarayın 200 ildən çox tarixi var və indiki Sultanın 7-ci birbaşa babası İmam Sultan bin Əhməd tərəfindən tikilib. Qızıl və mavi fasadı olan saray 1972-ci ildə kral iqamətgahı kimi yenidən tikilib.



Sultanın iqamətgahının yerləşdiyi ərazi rəsmi dövlət təşkilatlarına aiddir. Səliqəli və gözəldir, hər yan par-par parıldayır.

Omanı müasir dünyanın bir parçasına çevirən Sultan Kabus 10 yanvar 2020-ci ildə xərçəng xəstəliyindən vəfat edir. O öləndən sonra Omanın rəsmi televiziya kanalı Kabusun vəsiyyətini oxuyur. Kabus sonsuz idi, bu səbəbdən hakimiyyətini əmisi oğlu Tarikə vəsiyyət etmişdi.

*

Oman neft və qazının əsas investoru BP-dir. Qonşuları ilə dost kimi davranır. BƏƏ ilə neft yataqlar uğrunda bir ara konflikt yaşasa da, indi hər şey yolunda. Yəməndəki daxili gərginlik Omanın əhvalını pozmur. Yəmənə yaxın və əziz qonşu kimi baxır.
Nəsir deyir ki, qonşularla dost olmağımız bizim şanslı olmağımızdır.


*


Maskadın sahilini, Oman və Fars körfəzlərinin suları yuyur. Qış ayları olsa da, suyun hərarəti 23 dərəcədən aşağı enmir.
Qədim balıqçı şəhəri olduğundan dəniz məhsulları boldur. Dəniz dalğalı olsa da, suyu bulanıq deyil. Dərinlikdən asılı olmadan dibi görünür. Bura həm də böyük tısbağaların vətənidir. Şlyapa boyda tısbağalar təhlükə duyan kimi suya dalır.



*

Maskadın mərkəzində qədim bir bazar var. Hansı dövrdə tikildiyi barədə hər hansı məlumat oxuya bilmədim. Naxışlı şalbanları, bəzəkli tavanından adam gözünü çəkə bilmir. Bütün bazarlara nə satılırsa elə burda da ondan satılır. Kasaları görəndə elə bildim Lahıcdan aparılıb. Turistlər əsasən bazarın gözəlliyinə tamaşa edərək keçirlər.

Meyvə quruları, ədviyyatlar, saxsı, tunc, gümüş qablar, şamdanlar, qədim çilçıraqlar, kəmərlər, müxtəlif bəzəkli bilərzik, boyunbağılar və.s.

Bir də parça çeşidləri boldur. Bazarda çalışanlar kişilərdir. Ümumiyyətlə, xidmətdə qadın yoxdur. Yalnız aptekdə, dərman alanda bir qadın “hardan gəlmisən” deyə, yeganə qapanmayan gözləri ilə mənə zilləndi. Azərbaycan deyəndə gözləri parladı, tanıdığını dedi.



Küçələrdə uzun gövdəli pişiklər çoxdur. İt heç qarşıma çıxmadı. Köhnə Məscidin hündür pəncərəsində pişik balalamışdı. Axşam yeməyindən qənaət edib anası və balalarını qonaq etdim.
Bazarda ətçi, meyvə-tərəvəz, göy-göyərti satan yoxdur.

Ağlıma gəldi ki, niyə görən, bizim adamlar bura tərəvəz, gör göyərti satmırlar. Zirənin pomidor-xiyarı üçün əla bazardır.

Şəhərdə ruslar, türklər qarşıma çıxdı. Ruslar daha çoxdur. Nüsrət deyir, son vaxtlar artıblar. Amma ümumiyyətlə, gələnlər arasında almanlar çoxdur. Küçələrdə də tez-tez rastıma çıxırlar.

*
Maskatda kilo ilə balıq servis edilən yerdə axşam yeməyi çox ləzzətli oldu. Qiymət də baha deyildi. İçki qadağandır.
Əslində, qadağa şərtidir. Küçələrdə, adi kafelərdə olmaz, amma hotellərdə hər kəs içə bilər. Əxlaq polisi deyən bir qurum görmədim. Heç başqa polislər də gözə dəymir, yol polisi də yoxdur.

Yol demişkən, 1970-ci illərdən Omanın yol tikintisi başlanıb, çox mükəmməl yollar salınıb. Bu iş hələ də davam edir.
Şəhərdə ictimai tualetlər bizim Bakı Dövlət Universitetinin tualetləri kimidir.

Ağaclar əsasən palmalardı. Meyvə ağacları yoxdur. Bir yerdə portağal ağacı gördüm. Meyvəsinin gerçək olmasını yoxlamaq üçün yaxınlaşıb toxunmaqdan ehtiyat etdim.

Maskadda kişilərin iki cür baş geyimi var, çalma və araqçın.

Nasir deyir ki, Kımh- çalmanı omanlılar, araqçını isə zənzibarlılar geyir. Bu qaydada onlar bir-birindən fərqlənirlər.
Taksi sürücüləri isə yalnız omanlı ola bilər.

Şəhər təhlükəsizdir. Hər yan kamera nəzarətindədir.


Şəhərdən sandal və ud ağaclarının qoxusu gəlir. Hər yanda çöplərini yandırırlar.
Kişilər ağ, qadınlar isə qara uzun ətəkli geyimdə olurlar. Kənar adamlar üçün geyimlərlə mənsubiyyəti müəyyən etmək yəqin ki, mümkün deyil. Bir kişini bir neçə qadınla daha çox görmək olur, nəinki əksinə.

Nəsir deyir ki, onlarda mal-qara, at, böyük heyvanlar olmur, pendir də az tapılır, əsasən dəvə südündən istifadə olunur. Amma anası keçi pendiri hazırlayır. Mənə söz verdi ki, bir daha gəldiyimdə mütləq qonaq edəcək.



Şərhlər
  • Ramiz müəllim

    Şahbaz bəy həmişəki kimi yenə də zirvədədir(şəkil 8)

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər