Ru
21:00 / 05 Aprel 2022

Onları sırf ukraynalı olduqlarına görə, həm də vəhşicəsinə qətlə yetiriblər - FOTOLAR

11103
Hikmət Cavadov
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru


Buça, İrpin, Qostomel. Ukraynada bu kiçik, hələ dünən sakit şəhərlərin adı bu gün putinçi Rusiyanın törətdiyi azğın, dəhşətli, insanlıqla bir araya sığmayan əməllərdən xəbər verir, onların rəmzinə çevrilib. Bütün dünyanın gördüyü, ikrah duyduğu həmin görüntülər sübut edir ki, bizim Yer kürəmizdə, həm də dünyanın ən geniş ərazisinə malik ölkəsində dinc, günahsız insanları, hətta kiçik uşaqları qətlə yetirməyi, onlara təczavüz etməyi məqbul hesab edənlər də varmış.

Bütün bunlara şahid olub, hələ Mariupol azad ediləndən sonra üzə çıxacaqları düşünəndə belə adamın ağlı çaşır. Artıq əlimizdə olan çoxlu sayda görüntü, foto, rəqəmlər ortaya SOYQIRIMdan başqa ad verməyin mümkün olmadığı ağlasığmaz mənzərəni ortaya çıxarır. Bəli, insanları sırf ukraynalı olduqlarına görə, həm də vəhşicəsinə, idbarcasına qətlə yetirirdilər. İnsanları əl-qollarını arxadan bağlayaraq, yaxınlarının gözü qarşısında arxadan atəş açmaqla qətlə yetirirdilər. Məqsəd aşkardır: Ukrayna xalqının gözünü qorxutmaq, ruhunu sındırmaq, müqavimət əzmini qırmaq.


Bu vəhşi cinayətləri törədənlərin, əli günahsız qana batmışların adları artıq məlumdur. "İnformNapalm” mərkəzinin könüllülərinin əldə etdikləri ilkin məlumata görə, Buçada dəhşətli cinayət əməlləri törədənlər Rusiyanın 64 nömrəli əlahiddə motoatıcı briqadası hərbçiləridir. Bu hərbi hissənin komandiri Ömürbekov Azatbek Asanbek oğlu adlı birisi Ukraynadan çox-çox uzaqlarda yerləşən ucqar bir kənddə yaşayırmış. Bunun kimi ucqarlardan, mədəniyyətdən uzaq yerlərdən gələn minlərlə vəhşi məxluq Ukraynanın canına daraşıb. Onların törətdiyi cinayətlərin sayı-hesabı itib. İnsanlıqdan ayrı düşən, nəsibini almayan bu məxluqat ən qəddar, azğın əmrə belə müntəzirdir, üstəlik bu əmri sevincək yerinə yetirirlər. Bunu artıq dəfələrlə görmüşük.

Bu gün Ukrayna ilə bərabər bütün dünyanın dəhşət, ikrah hissilə gördüyü Rusiya hərbiyyəsinin qanlı, vəhşi sifətilə Azərbaycan hələ 1990-cu ilin qanlı yanvar gecəsində əyani tanış oldu. O məşum gecədə eynilə bu cür qaniçən məxluqlar Sovet müttəfiq respublikasının paytaxtı olan dinc şəhərə soxularaq ətrafda gördükləri hər kəsi güllələyir, maşınları tanklarla əzir, əliyalın insanları süngü ilə doğrayırdılar. Onlar cəzasızlıqdan məst olmuşdular. Bakının ən hündür guşəsində salınmış Şəhidlər Xiyabanında uyuyan yüzlərlə həmvətənimiz arasında da qadınlar, uşaqlar, yaşlılar var. Onlar indi Buça, İrpin qırğınlarını törədənlərin mənəvi sələflərinin qurbanı oldular.


Əfsuslar olsun ki, Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı qırğının baiskarları cəzasını almadı. Nəinki almadı, hətta dinc Bakıya ordu yeritmək əmrini vermiş SSRİ (ilk və sonuncu) prezidenti Mixail Qorbaçov Nobel Sülh Mükafatına belə layiq görüldü. Bu faktın özü həmin yüksək mükafatın dəyəri, habelə "beynəlxalq birliy”in rəyi kimi məfhumlar barədə aydın təsəvvür yaradır.

Bəli, cəzasız qalan cinayət yeni-yeni cinayətlərə zəmin yaradır. Azərbaycan xalqı bunu yaxşı bilir. O cümlədən bu yaxınlarda 30 illiyi tamam olmuş Xocalı soyqırımına o dövrdəki "MDB silahlı qüvvələri” 4-cü ordusunun 23-cü diviziyasının tərkibində olan 366-cı qvardiya motoatıcı alayının nə qədər böyük "töhfə” verdiyini də yaxşı xatırlayırıq. 1985-ci ildə Gəncədən Xankəndiyə köçürülmüş həmin alayın ştat cədvəlində 1080 nəfər olsa da, 1992-ci ilin fevral ayında alayda faktiki cəmi 630 nəfərə yaxın hərbçi, o cümlədən 129 nəfər zabit və gizir qalmışdı. 366-cı alayın komandiri Yuriy Zarviqorov da eynilə xələfi Azatbek Ömürbekov kimi çox sakitcə dinc azərbaycanlıların qətlinə dair əmr vermişdi. Həmin qanlı cinayətinə görə hər hansı cəza çəkmədən bu gün fəxri təqaüdçü kimi Pskov şəhərində yaşayır. Bu gün dinc ukraynalıların qanını tökənlər, soyqırım törədənlər onu da ədalət məhkəməsindən gizlətdilər. Odur ki, bu cinayətdə əli olanları da məhz bu gün məhkəmə qarşısına çıxartmaq vacibdir.


Keçmiş Yuqoslaviyaya dair cinayət işinə baxmış sabiq prokuror Karla del Ponte Haaqa Ədalət Məhkəməsini Rusiya prezidenti Vladimir Putinin həbsi üçün order verməyə çağırıb. Bunun vaxtı çoxdan gəlib. Və Putinlə eyni sırada Rusiya müdafiə naziri Sergey Şoyqunun, xarici işlər naziri Sergey Lavrovun, habelə Rusiyada illərlə yalançı təbliğat apararaq işğalçı müharibə üçün əlverişli ab-hava hazırlayan hər kəsin də əyləşdirilməsinin vacib olduğuna şübhə yoxdur. Rusiya Federasiyası da bütün beynəlxalq təşkilatlardan birdəfəlik çıxarılmalı, mütəmadi sanksiyalara məruz qoyulmalı, imperialist hikkəsinə son qoyması, dünya xalqlarına qarşı yeni qanlı cinayətlər işləməməsi üçün hərbi gücündən məhrum edilməlidir. Əks təqdirdə Rusiyanın vəhşi cinayətləri hələ çox ölkələri qana bulayacaq, viran qoyacaqdır.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər