Ru
11:49 / 20 Dekabr 2021

Otellərdə “od tutan” qiymətlər - Yeni il bayramı insanlara neçəyə başa gələcək?

13551
Yeni il yaxınlaşır və insanlar istirahət planları qururlar. Hətta əvvəlcədən otellərdə yerlər sifariş edənlər də var.

Qeyd edək ki, son iki ildə pandemiya səbəbindən turzm ən çox itki ilə üzləşən sahədir. Buna baxmayaraq, hər kəs bayramda istirahət etməyə çalışır. Lakin turizm bölgələrində, eyni zamanda yerli turlarla yanaşı, xarici turlarda da bahalaşma müşahidə olunur.

Demək olar ki, qiymətlər iki dəfə qalxıb.


Bəs qiymətlərin bu qədər artmasına kim nəzarət edir? Bahalaşmanın səbəbi nədir?


Məsələ ilə bağlı Bakupost.az -a Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Əhməd Qurbanov bildirib ki, otellər sırf sahibkarların şəxsi mülkləri olduğu üçün qiymətləri özləri tənzimləyirlər və onlara təsir edəcək bir mexanizm yoxdur:


“Artıq qış mövsümüdür və qarşıdan yeni il gəlir. Yeni ildə insanlar birinci növbədə istirahəti düşünürlər. İstirahət üçün plan quranların sayı heç də az deyil. Həm xarici, həm də yerli turlarda canlanmanı müşahidə edirik. Hazırkı vəziyyətdə pandemiyanın gətirdiyi çətinliklər səbəbilə xaricə getmək istəyən insanların sayı əvvəlki illərə nisbətdə azlıq təşkil edir. Bu ötən ildən üzləşdiyimiz haldır ki, vətəndaşlarımız daha çox bölgələrdə istirahət etməyi üstün tuturlar. Bura həm pandemiyaya görə kovid pasportunun tələb olunması, koronavirus testləri, qiymətlərin bahalılığı, eyni zamanda koronavirus qorxusu daxildir ki, insanlar xaricə getməyə bir az çəkinirlər. Hazırda biz monitorinqlər zamanı görürük ki, regionlardakı otellərin doluluq sayı maksimum həddə çatıb”.

Ə. Qurbanov vurğulayıb ki, otellerdə xidmət keyfiyyəti də əvvəlki illərə nisbətədə daha çox artıb:

“Çünki əvvəllər daxili turizmə o qədər də istək olmadığı üçün sahibkarlar bir az məsuliyyətsiz yanaşırdılar. Lakin indiki halda regionlarda olan otellər daim dolu olduğu üçün, xidmətin keyfiyyətini də üstün tutmağa məcburdular. Bahalaşmaya gəldikdə isə, bəli, həm xarici, həm də yerli turlarda bahalaşma var. Səbəbi odur ki, mövsüm vaxtı, bayram ərəfələrində qiymət artımını hər il müşahidə edirdik. Lakin pandemiya vaxtı xüsusi relslərin olduğunu nəzərə alsaq, bu baxımdan da qiymətin artımını müşahidə etmək olur. Çox təəssüf ki, bunun bir nəzarət mexanizmi yoxdur. Qiymətlərə nəzarət mexanizmini əsasən sahibkarların özləri həyata keçirir. Yəni, sırf sahibkarların şəxsi mülkləri olduğu üçün onlar qiymətləri özləri tənzimləyir və onlara təsir edəcək bir mexanizm yoxdur. Yalnız bir mexanizm kimi rəqabəti deyə bilərəm. Bu da regionda olan otellərin çoxluğundan asılıdır. Məsələn, regionlarda otellərin sayı nə qədər çoxluq təşkil edərsə, rəqabət vasitəsilə qiymətlərin tənzimlənməsinə nail ola bilərik. Burada tək 5 ulduzlu otellərdən yox, 3 ulduzlu, 4 ulduzlu otellərin sayının artması lazımdır ki, insanlar öz büdcəsinə uyğun seçim edə bilsinlər. Təkcə 5 ulduzlu yox, digər 3-4 ulduzlu otellərdə də insanlar qalsalar rəqabət yaranacaq və otellər öz aralarında qiyməti tənzimləyəcək. Amma hazırkı vəziyyətdə otellərin doluluq sayı yüksək olduğundan sahibkar da istədiyi qiyməti otelə qoyur və görür ki, müştərilər yenə gəlir. Qiymətlər bahadır, çünki ümumiyyətlə, bütün dünyada 5 ulduzlu otellərin qiyməti baha olur. Ələlxüsus də bayram ərəfələrində bu qiymətlər qalxır. Bizdə də 5 ulduzlu otellərin sayı çox olduğu üçün insanlar məcbur şəkildə həmin baha qiymətləri verib otellərdə qalmaq məcburiyyətində olurlar. Ona görə də aşağı ulduzlu otellərin sayı çoxalarsa və ona uyğun xidmət müəyyənləşərsə artıq qiymətlərin tənzimlənməsinə nail ola bilərik”.



Turizm sahəsi üzrə ekspert Elçin Rüstəmovun fikrincə, bunlar yüngül süni artımlardır:


“Dünyanın bir çox ölkəsində dolların qiymətinin qalxması ilə bütün qiymətlər artıb. Bu prosesi Türkiyədə, Misirdə, BƏƏ-də və digər ölkələrdə müşahidə etmək olar. Pandemiyadan əvvəl Avropa ölkələrinə axın çox olurdu. Lakin pandemiya səbəbindən bu bir qədər azalıb amma BƏƏ-nin Dubay şəhəri isə demək olar ki, açıqdır və insanların ora axını çox olduğu üçün qiymətlər də bahalaşıb. Yəni, tələbat olduğu üçün avtomatik olaraq qiymətləri artırıblar. Dünya üzrə əsas səbəb budur.

Azərbaycan demək olar hazırkı pandemiya vəziyyətinə görə turist qəbul etmir və ya çox az görünən haldır. Qiymət artımına gəldikdə isə bunlar yüngül süni artımlardır. Çünki bizdə dollar və digər qiymət artımı olmadığı üçün bu artım yalnız fürsətdən sui-istifadədir. Çünki uzun müddətdir ki, bölgələrdə olan otellərə pandemiya səbəbindən insan axını çox az olub, ona görə də yeni ildə bundan istifadə edib itirdikləri pulları bərpa etməyə çalışırlar”.



Turizm eksperti əlavə edib ki, azad iqtisadiyyatda otellərin, istirahət mərkəzlərində qiymətlərin dövlətin tənzimləməsi ilə bağlı bir mexanizm yoxdur:

“Kimsə restoran, otel işlədirsə qiymətləri də özü tənzimləyir. Dövlət əsasən keyfiyyətə, aldatma hallarının olmamasına nəzarət edir. Məsələn, ən vacibi menyu üzərindəki qiymətlə sonda gətirilən qiymətlərin fərqli olmasıdır ki, bəzən bölgələrdə insanları ən çox narahat edən məsələdir. Çox vaxt ailələr bundan şikayət edirlər. Təbii ki, bunlar qanunsuzluq hallarıdır, dövlət tərəfindən buna nəzarət olunmalıdır. Dövlət qiymətə nəzarət etməyir, amma keyfiyyətindən tutmuş, sanitar qaydalarına qədər nəzarət artırılmalıdır. Hələ ki Azərbaycanda olan otellər bu standartlara cavab vermir”.



Qiymətlərin nə qədər artması ilə bağlı Lənkəranda, Masallıda, Qubada olan bəzi otellərlə əlaqə saxladıq. Otellərin bəziləri qiymətin artdığını, digərləri isə standart qaldığını bildirdilər.

Otel adminstratoru Rövşən Axundov bildirdi ki, pandemiya ilə əlaqədar işləri bir xeyli zəifləyib:

“Yeni il üçün hələ ki 3-4 ailə öncədən rezerv edib. Düşünürəm ki, yeni ilə bir həftə qalmış yerli turistlər çox gələcək. Eyni zamanda bir nəfər üçün bir gecə qalmaq və yemək daxil 55 manatdan başlayır. Həmçinin oteldə qiymətlər 50-120 manat arası dəyişir”.

Başqa bir otelin adminstratoru Bünyad Bünyadzadə qeyd edib ki, bayramla əlaqədar qiymət artımı olacaq, yəni 90-100 manatı arası dəyişəcək:

“Hazırda standart otaqların qiyməti 60-70 manat arası dəyişir. Bayramla əlaqədar qiymət artımı olacaq, yəni 90-100 manatı arası dəyişəcək. Yeni il üçün öncədən rezerv edənlər demək olar ki, çox azdır. Bir vətəndaşın yeni ili keçirməsi üçün bir gün qalmaq, səhər yeməyi daxil və birdə yeni il günü keçiriləcək şənlikdə istirahet 100 manatdır”.

Otel meneceri Samir Cabbarov qeyd edib ki, yeni ildə əsas tələb yerli qonaqlardır:

“Həmçinin yeni ilə müəyyən vaxt qalmasına baxmayaraq hazırda otelimizdə otaqların çoxu artıq rezerv olunub”.

İstirahət mərkəzinin əməkdaşı İlqar Mirzəyev qeyd edib ki, Koteclərin qiyməti 70-90 manat arasındadır:

“Koteclərimiz 2-3 otaqlıdır. Qiymət isə 70-90 manat arasındadır. Burada paketlərdə var ki, onda qiymətlər isə 299-399 manat arasında dəyişir. Bunlar hamısı iki günlükdür”.

F. Söhrabqızı
Baku Post

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusunda hazırlanmışdır.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər