Ru
10:02 / 03 Yanvar 2022

Polad Həşimovun anası nə istəyir? – Şərif Ağayarın yazısı...

25165




Şərif Ağayar

Milli qəhrəman Polad Həşimovun anasının ölkə gündəmini silkələyən məlum çıxışı adamı dərin-dərin düşünməyə vadar edir.

Qadın narahatdır və çıxışından bu narahatlıq üçün ciddi əsaslar hiss edilir.

Ola bilsin, o, şübhələrində yanılır. Hətta təki yanılmış olsun. Lakin bütün hallarda bizim boynumuzun borcu məsələyə aydınlıq gətirib təkcə onun yox, bütün cəmiyyətin narahatlığına son qoymaqdır.

Məsələnin aydınlığa qovuşması kimlərəsə sərf etməyə bilər. Ya bizi adam yerinə qoymurlar, ya da işləri yaşdır. Bəs sosial şəbəkə əhlinə nə gəlib ki, bu çıxışa görə səhvi şəhid anasının özündə, daha dəhşətlisi, materialı çəkib yayımlayanda axtarır. Məsələni ictimailəşdirənin cəzalanmasını tələb edənlər də var.

Niyə?

Əgər belədirsə, bizim görən gözləri tökən müstəbidlərdən nə fərqimiz oldu?

Kimsə provokasiya aparır?

Bu da ola bilər.

Lakin belə olduğu halda da biz işimizi elə tutmalıyıq ki, kimsə provokasiya apara bilməsin.

Nə qədər böyük-böyük suallar cavabsızdır, hər şey ola bilər və hər şey də olur.

Polad Həşimov niyə istefa ərizəsi yazmışdı?

Sualın ən böyüyü isə budur.

Şəxsən mən bu suala öz aləmimdə belə cavab verirəm - Tərtər hadisələrinə aparan prosesi görürmüş...

Əlbəttə, mən də yanıla bilərəm.

Lakin bu məqamda Polad Həşimovla yaxın olan şəhid polkovnik Raquf Orucovun ömrünün sonlarında dar çevrədə dostlarına dediyi bu sözləri xatırlayıram: Zülm-zillətlə qurduğumuz ordunu dağıdırlar!

Demək, proses Aprel döyüşlərindən də əvvəl gedirmiş.

Yüzlərlə adam bar-bar bağırır, konkret ad çəkərək, fakt göstərərək ciddi bir cinayətdən, hətta cinayətkar dəstədən danışır...

Bütün bunlar hamısı yalandırmı, yuxudurmu?

Elədirsə, buna necə əmin olaq?

Niyə Azərbaycanı səmimi-qəlbdən sevən insanların hər sahədə əziyyətlərlə üzləşdiyini, bəzən qurban getdiyini görürük?

İçimizdəki yaxşıların ovuna çıxan o sehrli əl kimindir?

Ordumuza, şəhidimizə, qəhrəmanımıza xələl gələcək deyə susmalıyıqmı?

Dünyada həqiqətdən üstün heç nə yoxdur.

Dostoyevski demiş, o, Rusiyadan da yuxarıdadır.

Nəyinsə xatirinə həqiqətə göz yumuruqsa və bunu hamıdan tələb ediriksə, başımız çox ağrıyacaq.

Məndən söyləməsi...
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
  • Elçin Süleymanov

    Məncə nəticə 0 olacaq. 20 yanvar hadisəsindən üzü bu tərəfə,qan tökənlərin hansının məhkəməsi olub? Ortada çox böyük iddialar var. Yaşayaq,görək...amma bildiyim bir şey var : heç bir sirr yoxdur ki insan ömrü qədər ömrü olsun. Tez gec hər şeyin üstü açılır

  • t.ədalət

    Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası çox ciddi problemi qaldırıb.Məlumdur ki,indiyədək məhv edilən balalarımızın günahkarı təkcə ermənilər deyil.Bu işin əsas icraçıları Rusiyanın hərbi məktəblərində yetişdirilib ordumuzun rəhbərliyinə dürtülmüş zabitlərdir.Mən uzun zaman orduda xidmət edən bir zabit kimi deyə bilərəm ki,Səfər Əbiyevin nazirliyə təyinatından sonra ordumuz Rusiyanın pəncəsinə keçdi.S.Əbiyev orduda milli zabitlərin təqibi ilə məşğul idi.Özü deyirdi ki, " ya tebya dam Azerbaydjanskiy armii.Armiya polojno russkim".Türkiyənin müdaxiləsi ilə başladılan "Tərtər işi" kimi orduda baş verən digər hadisələrin də yenidən istintaqına ehtiyac var.Səfər Əbiyev,Nacmuddin Sadıkov,Yaşar Aydəmirov,Şair Ramaldanov kimi Rusiyanın tapşırıqlarını icra edən,hətta əsgərlərimizin şərəfini təhqir edən hadisələr bu gün də istintaqını gözləyir.Rusiya hərbi məktəbini bitirən zabitlərin əksəriyyəti ordumuzu məğlubiyyətə aparan hərəkətlər edirdilər.

  • Mubariz

    Allah bu məsələni aydınlıga cıxartsın.

  • Nigar Haqverdiyeva

    Sağ olun Şərif Ağayar, çox doğru!

  • X

    Duz yaziya duz size ne deyesen. Sag olun. Allah satqinlarin belasin versin. Bir vetendas kimi boynumuzun borcludu en azindan gunahkarlarin layiqince cezalandirilmasin o ellerin birdefelik kesilmesin teleb etmeliyik.

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər