Ru
15:35 / 13 Yanvar 2022

Prezident medianın ictimai nəzarət institutuna çevrilməsini arzulayır - Müşfiq Ələsgərli

1938
"Bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir.İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Sizin, media nümayəndələrinin bu sahədə çox böyük rolunuz var. Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir. Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

Mətbuat Şurası sədrinin müavini və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Bakupost.az -a Prezidentin mediaya verdiyi ciddi önəmindən bəhs edib:

"Cənab Prezident bir neçə dəfədir ki, çıxışlarında bu məzmunda açıqlamalar verir və mediaya, eyni zamanda mediada dərc olunan materiallara ciddi şəkildə önəm verdiyini vurğulayır. Bu yanaşma Prezidentin təkcə şifahi açıqlamasında, nitqlərində deyil, həm də gündəlik əməli fəaliyyətində görünür ki, o, mediada gedən məsələlərə ciddi şəkildə önəm verir. Diqqət yetirsək görərik ki, istər ənənəvi mediada, istərsə də sosial mediada trendə çevrilən bütün mövzular dərhal diqqətə alınır və reaksiya verilir”.

Müşfiq Ələsgərli qeyd edib ki, istənilən məsələ medianın gündəmində özünə yer tutursa, o məsələnin aid olduğu dövlət qurumu tərəfindən dərhal buna reaksiya verilir:

"Təbii ki, bu yanaşma Cənab Prezidentin tapşırığıdır və mediada gedən məsələlərə ciddi önəm verməsinin əyani bir misalıdır. Bu tendensiya getdikcə inkişaf edir. Son dövrlər müşahidə olunan odur ki, media ilə münasibətlərin daha çox interaktiv formada qurulur. Yəni, mediada gedən materiallara ciddi şəkildə önəm və reaksiya verilir. Ən qısa müddətdə həmin problemin aradan qaldırılmasına cəhd göstərilir. Bu məsələnin bir tərəfidir. Artıq bir neçə illərdir biz müşahidə edirik ki, Cənab Prezident çox intensiv şəkildə həm Azərbaycan KİV-lərinə, həm də Beynəlxalq KİV-lərə müsahibələr verir, sualları dinləyir, cavablandırır, onların qaldırdıqları bütün problemləri diqqətə alır. Bu artıq il ərzində bir neçə dəfə təkrarlanır, demək olar ki, ənənə halını alıb”.

Ekspert əlavə edib ki, Azərbaycanda medianın inkişafı üçün sistemli, konseptual addımlar atılır:

"Yəni, mediaya bu qədər diqqət, yardımların göstərilməsi, onun inkişafı üçün bu qədər şəffaf mühitin yaradılması, o deməkdir ki, Cənab Prezident medianın fəaliyyətini həqiqətən yüksək qiymətləndirir. Eyni zamanda medianın inkişaf etməsini, onun həqiqətən də bir ictimai nəzarət institutuna çevrilməsini arzulayır və bunun üçün əməli addımlar atır. Daha bir diqqət çəkən məsələlərdən biri də odur ki, Cənab Prezident və onun komandası təkcə ənənəvi mediada deyil, həm də sosial mediada kifayət qədər aktivdirlər. Onun həm "Twitter", həm "Facebook", həm də digər sosial şəbəkə platformalarında olan hesabları aktivdir. Gün ərzində yenilənir. Yəni, münasibətlərin yeni media dövrünə uyğun olaraq interaktiv şəkildə qurulması Cənab Prezidentin dövrün media ilə bağlı çağırışlarına çox operativ, çevik şəkildə reaksiya verdiyinin bir daha göstəricisidir”.

F. Söhrabqızı
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər