Ru
14:32 / 24 Avqust 2021

Prezidentin xüsusi diqqətində olan məsələ: regionların inkişafını hansı amillər ləngidir? - Ekspertlər

5474
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin bütün regionlarında yenidənqurma işlərini həyata keçirir, hər il rayonların inkişafı üçün dövlət büdcəsindən vəsait ayrılır. İndi demək olar ki, regionlarda da sosial problemlərin azalması müşahidə olunur. Doğrudur, bütün problemlər öz həllini tapmasa belə, on, iyirmi illərlə müqayisədə fərqliliyi görmək mümkündür. Regionlarda sözün əsl mənasında inkişaf getdikcə də sürətləndirilir. Aparılan işlər regionların inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaradıb. Kapitalın və investisiyanın kapital riskini azaltmaq üçün müxtəlif addımlar atılıb. Bölgələrdə zavod və fabriklərin yenidən işə salınması üçün işlər başlanılıb. Özəl kommersiya təşkilatları yaradılıb.

Bu gün regionlarımızın inkişafını şərtləndirən əsas amil odur ki, onlar ölkənin ümumilikdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsidir. Azərbaycanda regionların inkişafına ölkənin davamlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi baxılır. Məhz bu yanaşmanın nəticəsində regionların inkişafı üzrə ayrıca dövlət proqramları hazırlanaraq icra edilir.


Prezident İlham Əliyev də regionlarla bağlı çıxışlarında dəfələrlə vurğulayıb:



"Mən bir neçə dəfə demişəm, əgər ölkəmizin bütün kəndlərinin problemləri həll olunarsa, deməli, bütün problemlər də həll olunacaq. Xüsusilə nəzərə alsaq ki, hazırda regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü dövlət proqramı icra edilir. Hesab edirəm ki, dördüncü proqramın icrası nəticəsində bu günə qədər həll olunmayan məsələlər tam şəkildə öz həllini tapacaqdır”.

Prezident rayon icra hakimiyyəti başçılarına xitabən bildirib ki, onlar vətəndaşların qayğıları ilə yaşamalıdırlar:

“Siz onların problemlərini öyrənməlisiniz, düzgün təhlil aparmalısınız. Hansı məsələ rayon səviyyəsində həll oluna bilərsə, onları həll etməlisiniz. Əgər gücünüz çatmasa, onda mərkəzi icra orqanlarına müraciət etməlisiniz, o cümlədən Prezident Administrasiyasına ki, biz mövcud olan problemləri həll edək".

Rayonlara həm yerli, həm də xarici investisiyanın cəlb edilməsi

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Bakupost.az -a danışarkən bildirib ki, rayonlarda fəaliyyət göstərən sahibkarlar üçün fərqli təşviq və güzəşt mexanizmlərinin tətbiq edilməsi və bunun genişləndirilməsi yaxşı olardı:



“Regionların sosial-iqtisadi inkişaf proqramıları çərçivəsində rayonlarda infrastrukturun formalaşdırılması müşahidə edilib. Praktik olaraq son 15 ildə rayonların infrastrukturunun formalaşdırılması və bu konteksdən daxili və xarici investisiyanın cəlb edilməsi üçün potensial formalaşıb. Artıq yeni mərhələdə formalaşmış infrastrukturun dəyərə çevirilməsinə ehtiyac var. Rayonlara həm yerli, həm də xarici investisiyanın cəlb edilməsi çox vacibdir. Xüsusən nəzərə alaq ki, bu gün bütövlükdə biznesin əhəmiyyətli hissəsi Bakının payına düşür. Praktik olaraq paytaxt biznesinin 80%-dən çox hissəsini özündə cəmləşdirir. Bu konteksdən, təbii ki, rayonlarda formalaşmış infrastrukturun artıq dəyərə, o cümlədən məhsul və xidmət istehsalına çevrilməsi çox vacibdir. Bu baxımdan da rayonlarda investisiyanın təşviq edilməsi çox mühümdür”.

İqtisadçı qeyd edib ki, xüsusən də regionlarda fəaliyyət göstərən sahibkarlar üçün daha çox güzəştli kreditlərin verilməsini təklif edirik:

“Nəzərə alsaq ki, Mərkəzi Bankın məlumatına görə, bütövlükdə kredit portfelinin 81%-i Bakının payına düşür, 19%-i isə rayonlarda yaşayan vətəndaşlarımıza təklif olunur, bu baxımdan bunun da əsas səbəblərindən biri girov mexanizmidir. Girov mexanizminin təkmilləşdirilməsi və rayonlarda fəaliyyət göstərən sahibkarların kreditlərə çıxış imkanlarının artırılması çox vacibdir. Rayonlarda fəaliyyət göstərən sahibkarlar üçün fərqli təşviq və güzəşt mexanizmlərin tətbiq edilməsi və bunun genişləndirilməsi yaxşı olardı. Düzdür, rayonlarda fəaliyyət göstərən sənaye məhəllələrində belə güzəştlər var. Amma bu güzəştlərin dairəsinin genişləndirilməsi lazımdır. Çünki nəticə etibarı ilə inkişafla yanaşı, həm də balanslı iqtisadi inkişafın daha yaxından dəstəklənməsinə ehtiyac var və bunun da əsas yollarından biri bölgələrdə fəaliyyət göstərən sahibkarlar üçün təşviq mexanizminin genişləndirilməsi, rayonlara daha çox sərmayənin cəlb edilməsi, daha çox özəl sektorun, yeni iş yerlərinin yaradılmasına nail olunmasından ibarətdir".

İqtisad elmləri doktoru, professor Məhiş Əhmədov isə hesab edir ki, Azərbaycanın bu gün regional inkişafda əldə etdiyi uğurlar nəticəsində onun bölgələri dövlətdən dotasiya alan bir ərazidən ölkənin milli iqtisadiyyatının dinamik və davamlı inkişafına təkan verən aparıcı bir qüvvəyə çevrilib:



“Sahibkarlığın inkişafı, investisiyalardan səmərəli istifadəni təmin etməklə makroiqtisadi sabitliyə nail olmaq, qeyri-neft sektorunun inkişafını stimullaşdırmaq, yeni, xüsusilə, xidmət sferası ilə bağlı infrastrukturun yaxşılaşdırılması tədbirlərinin reallaşdırılması üstünlük təşkil edirdi. Bütün bu tədbirlərin uğurla həyata keçirilməsi ölkəmizdə sosial-iqtisadi inkişafa, qeyri-neft sektorunun üstün inkişafını təmin etməklə iqtisadiyyatın diversifikasiyasına, həyat səviyyəsinin, sosial təminatın yaxşılaşdırılmasına, yoxsulluğun azaldılmasına və digər problemləri effektiv tənzimləməyə və stimullaşdırmağa imkan verib. Qeyd etmək lazımdır ki, Dövlət Proqramının reallaşdırılması gedişində meydana çıxan problemlər vaxtında aşkarlanıb, müvafiq tədbirlər görülüb və onların səmərəli həlli təmin olunub. Ölkə Prezidenti hər iki proqramın icrası ilə bağlı 200-dən çox sərəncam imzalayıb və əlavə tədbirlər görüb”.



Professor bildirib ki, müasir mərhələdə regionların inkişafının təmin edilməsi daha çox qeyri-neft sektorunun, xüsusilə, kənd təsərrüfatı və aqrar sektorun inkişafı ilə bağlıdır:

“Bu məqsədlə aqrar bölmənin xammal istehsalı və emalı sahələrinin əlaqəli inkişafı nəticəsində rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılması, regionlarda ənənəvi kənd təsərrüfatı sahələrinin stimullaşdırıcı tədbirlərinin davam etdirilməsi, bitkiçilikdə və heyvandarlıqda ekoloji cəhətdən zəruri tələbləri ödəyən texnoloji proseslərin tətbiqi, iri taxılçılıq və toxumçuluq, tütünçülük, tingçilik, fındıqçılıq, baramaçılıq, sitrus sahələrinin inkişafı və digər kənd təsərrüfatı sahələrinin üstün inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi müəyyənləşdirilib.



Bu proqramda qeyri-neft sektorunun inkişafı, xüsusən onun ixracının artırılması və diversifikasiyası ilə bağlı konkret istiqamətlər nəzərdə tutulmuş və onların yerinə yetirilməsinin təmin edilməsi məqsədilə stimullaşdırıcı mexanizmlər müəyyənləşdirilib. Üçüncü regional inkişaf proqramı daha çox innovativ inkişaf prinsiplərinə əsaslandığına görə bu mərhələdə regionlarda informasiya və kommunikasiya texnologiyaları ilə bağlı infrastrukturun inkişaf etdirilməsi, bu istiqamətdə zəruri kadr potensialının yaradılması ilə bağlı tədbirlər də nəzərdə tutulub.



Müasir dövrdə Azərbaycanda ixracın diversifikasiyası çərçivəsində regionların inkişafında turizmin rolu prioritet istiqamət kimi müəyyənləşdirilib. Bununla bağlı üçüncü proqramda regionlarda beynəlxalq tələblərə və standartlara cavab verən müvafiq turizm infrastrukturunun yaradılması, bu sektorda çalışan insanların peşə hazırlığının yüksəldilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi xüsusi vurğulanıb. Regionların yanacaq-enerji təminatının yaxşılaşdırılması, mənzil-kommunal təsərrüfatının inkişafı, nəqliyyat xidməti keyfiyyətinin yüksəldilməsi, ən əsası insan kapitalının inkişafı və əhalinin sosial rifahının yaxşılaşdırılması məsələləri ilə bağlı kompleks tədbirlər sistemi də müəyyənləşdirilib”.

Ruzbeh Məmməd
BakuPost.az

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusunda hazırlanmışdır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər