Ru
16:26 / 25 Avqust 2022

Proseslər Xankəndiyə gedən yolu göstərir... - Azər Ayxanın yazısı

8909
Azər Ayxan
Əməkdar jurnalist




Azərbaycan işğaldakı torpaqları müharibəsiz geri qaytarır. Proses 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatın müddəalarına uyğun şəkildə gedir. Azərbaycanın üstün iradəsi açıq görünür. Ötən yazılarımızda bildirmişdik, şərtləri istər sahədə, istər masada Azərbaycan diqtə edir. Ermənistan isə bu prosesdə icraçıdır – üzərinə qoyulan öhdəlikləri yerinə yetirir. Prezident İlham Əliyev elə bir mükəmməl siyasət qurub ki, düşmən post-müharibə dövründə də məğlub edilir. Bəzən bir güllə atılmadan böyük əraziləri işğalçılardan təmizləyirik.


Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçib. Avqustun sonlarına kimi həmin ərazilərdə qanunsuz məskunlaşmış erməni əhali çıxarılır. Dünən (avqustun 24-də) Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbər şəxsləri Sərsəng su anbarına baxış keçirib. Bunun özü çox ciddi gəlişmədir. Bu o deməkdir ki, yaxın günlərdə sözügedən su anbarı və daxil olduğu ərazilər Azərbaycana qaytarılacaq.


Sərsəng su anbarının Azərbaycanın nəzarətinə keçməsi təkcə kənd təsərrüfatı sahəsinə aid hadisə sayılmayacaq. Bu, Azərbaycanın müharibədən sonrakı ən ciddi siyasi-diplomatik qələbələrindən biri kimi tarixə düşəcək. Bunun həm də simvolik mənası var. Nağıl və əfsanələrdə bir məmləkətin suyunun qarşısını pislik rəmzi olan personajlar kəsir. Bax, Azərbaycan o pisliyinin başını əzdi, suyumuzun qarşısını kəsən təpəgözün gözünü çıxardı. Torpağı işğal edilən, özü didərgin salınan millətin ürəyinə su səpilir. O su həm də torpaqlarımızı canlandıracaq, vətəndaşın, dövlətin su, torpaq ehtiyacının ödənməsi üçün mühüm rol oynayacaq.


10 noyabr üçlü sazişi imzalandıqdan həmən sonra Azərbaycanda bəlli qruplar bu sənədi az qalsın məğlubiyyətimizi rəsmiləşdirən müqavilə kimi təqdim etməyə başladılar. Şuşa qələbəsinin ertəsi günü elə bir siyasi qaraçılıq başladı ki, ictimai rəyi müəyyən qədər tərəddüdə saldılar, ordumuzun əziyyətini yerdən yerə vurdular. Nə imiş? Rusiya sülhməramlıları bölgəyə gəlmiş. Nə imiş? Azərbaycan Xankəndini geri qaytarmamış. Nə imiş? Xocalı işğaldan azad edilməmiş. 44 gün gecə-gündüz vuruşan ordu yorulmuşdu, 3 min şəhid vermişdik. Bizə dayanmaq, nəfəs almaq, zaman qazanmaq lazım idi. Üstəlik bu sənəd imzalandıqdan sonra Ağdamı, Laçını, Kəlbəcəri 1 güllə atmadan, canlı itki vermədən işğaldan azad etdik. Silahlı bölmələrimiz müharibə vaxtı Xankəndinə girsəydi, Azərbaycan ağır beynəlxalq sanksiyalara məruz qala bilərdi. Müharibə hər qarşına çıxanı vurub dağıtmaq deyil...





Dünən Rusiya sülhməramlılarının postlarının, kazarmalarının köhnə dəhlizin üzərindən söküldüyünə baxanda bu qaragüruhun çığırtıları yenidən qulaqlarımda səslənməyə başladı. İndi səsləri çıxmır. Azərbaycanın bu nəhəng qələbəsi, uğuru haqda bir cümlə belə yazmırlar, demirlər. Tam tərsinə, gündəmi dəyişmək, ölkə və millət olaraq uğurumuza kölgə salmaq, ya da bundan diqqəti yayındırmaq üçün əllərindən gələni edirlər. Haqsız çıxıblar axı. Qısa müddətdə İlham Əliyev bunların bəd niyyətlərinin, bədbin proqnozlarının, Azərbaycana arzuladıqları pisliklərin reallaşmasının qarşısını aldı. Bunlar deyən olmadı. Olmayacaq da.



Bu torpaqlarda yaxın gələcəkdə nə rus hərbçiləri qalacaq, nə erməni silahlı dəstələri. Əvvəl gündən demişəm, fikrimdə qalıram: Rusiya sülhməramlılarının Qarabağda müvəqqəti yerləşməsi xoş olmasa da, reallıq baxımdan bu, Azərbaycana sərf edən variant idi. Ağdamda Monitorinq Mərkəzində və Qarabağın digər bölgələrində Türkiyənin təmsilçiliyini beynəlxalq aləmə, xristian dünyasına başqa necə qəbul etdirmək olardı?!





Əsas arqument bu idi ki, Rusiya sülhməramlıları gəldisə, yerdə qalan torpaqlardan əlimizi üzək. Xocalının, Ağdərənin, Xankəndinin və başqa ərazilərin ermənilərdən geri alınmasına Moskva imkan verməyəcək. Noldu bəs? İndi baş verənlər bu adamların arzularını, gözləntilərini puç etdi! Rusiya sülhməramlıları Azərbaycanın işğaldakı torpaqlarını müharibəsiz geri qaytarmağa mane olmur, ola bilmir! Buna cəhd də göstərmir. Çünki istər üç lider - İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin arasında razılaşmaya, istərsə də Qərblə gəlinən ortaq məxrəcə görə Ermənistanın işğal etdiyi bütün torpaqlar Azərbaycana qayatılacaq. Qaytarılır! Ara-sıra düşmən buna mane olmaq istəyir, onda da Qisas əməliyyatı ilə bir neçə saata darmadağın edilir.


Yeri gəlmişkən, xəbər yayılıb ki, Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş avqustun 31-də baş tutacaq. Çox gözəl xəbər, super gəlişmədir.


Ötən ayın 19-da Zəngilanın Ağalı kəndinə ilk köç başlayanda yazmışdım ki, hələ bu harasıdır: “Qarşıda nəhəng işlər var, reallaşdığında nə gözlərimizə inanacağıq, nə qulaqlarımıza”. Başlayıb... Ya da belə ifadə edək: başlayan proses davam edir.


Ötən ilin sentyabrında yazmışdım ki, Azərbaycan Xankəndini qaytarmaq üçün hərəkətə keçir. Proseslər bizi Xankəndi hədəfinə hər gün daha da yaxınlaşdırır. Bütün yollar – siyasi, hərbi, diplomatik - Xankəndiyə aparır. Vaxtilə dövləti və onun liderini Xankəndi ilə şantaj etməyə çalışanlar, “bəs Xankəndini niyə almırsız” deyənlər indi ermənilər qədər narahat və qəzəblidirlər.


Qırxqız yüksəkliyi artıq bizdədirsə, Laçın şəhəri qayıtdısa, Ağdərə də düşməndən geri alınacaq. Xocalı, Xankəndi və digər dədə-baba torpaqlar da Azərbaycanın nəzarətinə keçəcək. Bu elə bir yoldur ki, bundan geri dönüş yoxdur, olmayacaq. Bizə hər gün qələbə və qürur yaşadan dövlətimiz var olsun.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər