Ru
09:40 / 25 Mart 2022

Putin haqda ilk kitab - Tərcüməçidən maraqlı faktlar

5883



Firuz Mustafa




Putin haqda ilk kitabı tərcümə edərkən...


Vaxtilə bir kitab tərcümə etmişəm, daha doğrusu həmin kitabın həmtərcüməçisi olmuşam. 2000-ci ildə. Kitab belə adlanır:

“Birinci şəxsdən. Vladimir Putinlə söhbətlər”. Zaman o zaman idi ki, Putin təzəcə (2000-ci ilin yanvarında) RF-nin prezidenti seçilmişdi.






Həmin kitab da dünyada onun haqqında yazılmış ilk kitab idi. Tərcümənin “sifarişçisi” Putinin tələbə yoldaşı olmuş hüquqşünas alim İlham Rəhimli idi. O vaxt hələ Putinin şəxsi keyfiyyətlərini bilən yox idi. Siyasətçilər də ona yaxından bələd deyildi. Axı o, ömründə heç siyasətlə də məşğul olmamışdı. Putin bir növü Kremlə “təsadüfən”, “zənbillə”, daha çox Yesltsinin dəstəyi ilə düşmüşdü.


Kitabı oxuduqca və tərcümə etdikcə arada heyrətlənirdim. Qəhrəmanın eqoizmi diqqəti çəkirdi. O, cəmiyyət həyatından çox, öz şəxsi işləri barədə düşünən bir adam təsiri bağışlayırdı.


Kitabda onun arvadının da fikirləri yer almışdı. Söhbətindən hiss olunurdu ki, bu, sadə, səmimi bir rus qadınıdır. Yeri gəlmişkən, Putin Lyudadan əvvəl başqa bir qızla nişanlı olmuşdu. Amma onlar nikah bağlamaq üçün “ZAQS” idarəsinə gedən zaman son anda, pasportlarına evlənmələrini təsdiq edən möhür vurulan anda gələcək prezident evlənəcəyi xanımla (onun da adı Lyudmila olub) savaşıb və ... evlənməkdən imtina edib. Putinin özünün dediyinə görə babası Spiridon əvvəlcə Leninin, sonra isə Stalinin aşpazı olub, dadlı xörəklər bişirib...

Sonralar, ərindən boşanan arvadı Lyudmila Putina danışırdı ki, Volodya məni ilk dəfə anası Mariya İvanovnaya təqdim edəndə dedi ki, mama, tanış ol, bu, mənim sevdiyim qızdır, adı da Lyudadır. Lyuda qeyd edir ki, Putinin anası başını qaldırmadan dedi ki, eh, Volodya sənin əvvəliki nişanlın da Lyuda idi, yaxşı bir qız idi, onunla yola getdin ki, bununla da... Onlar 1983-cü ildə ailə qurublar.





Tərcümə zamanı hiss olunurdu ki, Putinin pula münasibəti də maraqlıdır. “Bir qucaq pulum olsaydı səyahətə çıxar, dünyanı gəzərdim, vəhşi heyvan ovuna çıxardım”...

Qısası kitab nəşr olundu. Tərcümənin “sifarişçisi” çox şad idi. O, ilk nüsxəni görəndə sevinclə dedi: “Heç bilməzdim ki, bu kitabı belə sürətlə tərcümə edəcəksiz...”

Əlbəttə, o zamanlar Putin müəyyən adamlara, dövlətlərə öz heyrətini də ifadə edirdi. Amma elə bir zaman gəldi ki, adamlar və xalqlar onun üçün adi əşyalardan belə dəyərsiz oldu.

O vaxt hələ Çeçenistanda və Ukraynada insanlar qlobal faciələr yaşamamışdılar. Onda hələ Kabayeva da yox idi...

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər