Ru
19:42 / 10 Sentyabr 2022

Qadınlara işgəncə verən "qara köynəkli zabit" necə ifşa olundu? - ŞOK DETALLAR

4421
Rusiyada Ukrayna müharibəsinə etiraz etdikləri üçün saxlanan bir qrup gənc qadın onlara qarşı zorakılıq edən polisin kimliyini inanılmaz üsulla tapıb. Dəhşətli hadisənin təfərrüatları...



19-25 yaş aralığında olan üç qadın mart ayında Rusiyanın Ukraynaya hücumuna etiraz olaraq nümayişə qatılıblar və bu səbəbdən polis tərəfindən saxlanaraq mikroavtobusa mindiriliblər. Onlar altı saat ərzində həm mənəvi, həm də fiziki zorakılığa məruz qalıblar. Hətta bəzilərinin yaşadıqlarının işgəncə olduğunu söyləmək mümkündür. Məsələn, onlardan birinin başına plastik torba taxaraq boğublar, digərinin başına şüşə butulka çırpıblar...



Bakupost.az xəbər verir ki, cinayəti törədən eyni adam olub: mülki geyimli, hündürboy bir zabit. Onun əynində polo yaxalıqlı qara köynək olub. Qadınlar onu “qara köynəkli adam” adlandırıblar.



Qadınlardan ikisi - Marina və Aleksandra, yaşadıqlarını gizli şəkildə telefonları ilə qeyd ediblər. Onların çəkdikləri kadrların birində qara köynəkli kişi ucadan qışqırır ki, heç kim ona heç nə edə bilməz.



ZABİTİN KİMLİYİNİ ARAŞDIRDILAR



Qadınlar sərbəst buraxıldıqdan sonra yaratdıqları söhbət qrupu üzərindən “Bu kişinin kim olduğunu necə öyrənək?” sualını veriblər.



22 yaşlı tələbə Marina BBC-yə deyib: “Əgər biz heç nə olmamış kimi yaşamağa davam etsəydik və ya səs yazılarını yayıb diqqət çəkməsəydik, eyni işgəncələri başqalarının da başına gətirəcəkdilər".



Kişinin üzü onların yaddaşına həkk olunub. Lakin polis saytlarının heç birində onun izinə rast gəlmədilər. Adını bilmədiklərindən sosial media vasitəsilə tapmaq da mümkün olmayıb. İki həftədən çox cəhd ediblər, lakin heç bir nəticə əldə edə bilməybilər.



Qadınların axtarışdan yorulduğu bir vaxtda baş verən hadisə hər şeyi dəyişib...



Martın sonunda hakerlər Rusiyada çox məşhur olan yemək sifarişi proqramının istifadəçi məlumatlarını yayıblar. Bu hadisədən sonra qadınların ağlına maraqlı ideya gəlib.



HƏMİN ŞƏXSİ İNANILMAZ ÜSULLA TAPDILAR


İvan Riyabov



Qadınlar yayılan məlumatlara əsasən, ötən il Brateyevo Polis İdarəsindən verilən yemək sifarişlərini araşdırmağa başlayıblar. Məlum olub ki, doqquz fərqli müştəri müxtəlif tarixlərdə bu ünvana yemək sifariş edib.



Onlardan biri qara köynəkli adam ola bilərdimi?



Sızdırılan məlumatların əksəriyyətində yalnız adlar və telefon nömrələri göstərilib. Qadınlar bu məhdud məlumatlardan istifadə edərək polis idarəsində çalışan bəzi şəxslərin sosial media hesablarına daxil olublar, lakin onların profil şəkillərinin heç biri onları sorğu-sual edən kişiyə bənzəməyib.



Siyahının sonunda İvan adlı şəxsin adı qeyd olunub, lakin bu ad Rusiyada çox məşhur olduğu üçün tapmaq asan olmayıb. Buna baxmayaraq, gənc qadınlar İvanın telefon nömrəsindən istifadə edərək rəqəmsal iz yaratmağı bacarıblar. Bu iz onları Rusiyada fəaliyyət göstərən e-ticarət saytındakı elanlara gətirib çıxarıb. Lakin bu elanlarda İvanın adından başqa heç bir əlavə məlumat olmayıb.



Elanlardan biri Brateyevo Polis İdarəsindən 10 dəqiqəlik məsafədə satılan Skoda Rapid model avtomobil haqqında olub. Elanda satıcının tam adı göstərilib: İvan Riyabov.



Dərhal axtarış edən qadınlar qarşılarına çıxan fotoları görəndə gözlərinə inanmayıblar. Onlar axtardıqları adamı tapıblar.



"Ağlamağa başladım. Bunu bacardığımıza inana bilmədim" - 19 yaşlı Anastasiya BBC-yə açıqlamasında deyib.



O, tapdığı şəkilləri Marina, Aleksandra və söhbət qrupundakı digər qadınlara göndərib.



İndi gənc qadınlar ümid edirlər ki, kimliyini müəyyən etmək üçün çox çalışdıqları Riyabova qarşı istintaq başlanacaq və o öz əməllərinə görə cavab verəcək.



Qadınların əlindəki səs yazıları polis idarəsində yaşanan zorakılığı açıq şəkildə ortaya qoyur. Məsələn, Riyabov Marinaya deyir ki, suallarıma cavab ver, yoxsa bu çəkməni ayağımdan çıxarıb sənin başına keçirəcəm.



“NƏ QƏDƏR DÖZƏ BİLƏCƏM…?”


İşgəncələrə məruz qalan qadınlar



Marina bildirib ki, Riyabov 14 dəqiqə ərzində qışqıraraq bədəninin müxtəlif nahiyələrinə təpiklə vurub və tapançanı ona tuşlayıb.



Həmin vaxt çöldə olan Anastasiya qışqırıq və zərbə səsləri eşitdiyini deyib. Riyabovun onun başına su şüşəsi ilə vurduğunu bildirən Anastasiya deyib: “Sonra başıma plastik torba keçirərək 30-40 saniyə ərzində burnumu və ağzımı ilə bağladı. Həmin an düşünməyə başladım ki, görəsən, nə qədər dözə biləcəm?”



26 yaşlı Aleksandra da yaşadıqlarını lentə almağı bacarıb. Səs yazısında Riyabov toxunulmazlığı ilə öyünür və deyir:



"Sən elə bilirsən ki, buna görə başımıza bəla gələcək? Putin bizə dedi ki, sənin kimilərin hamısını öldürək. Budur! Putin bizim tərəfimizdədir!"



Saxlanan qadınlardan ən azı 11-i qara köynəkli kişinin onlara fiziki təzyiq göstərdiyini bildirib. Səs yazıları yayınlansa belə, İstintaq Komitəsi kifayət qədər dəlil olmadığı üçün araşdırma başlada bilməyəcəyinə qərar verib.



Qadınlar bilmək istəyirlər ki, niyə həmin gün Riyabova heç kim mane olmayıb.



Anastasiya bildirib ki, həmin axşam polis qərargahında "bej rəng köynəkli kişi" adlandırdıqları başqa bir şəxs də olub və o, məmura bənzəyib.



Gənc qızın sözlərinə görə, həmin kişi qadınların sorğu-sual edildiyi 103 nömrəli otaqda olmasa da, cavabdeh şəxs məhz o olub.



MƏSUL ŞƏXSİN KİMLİYİ DƏ MƏLUM OLDU



Aleksandr Georgieviç Fedorinov



“BBC”nin əldə etdiyi 6 mart tarixli saxlanma hesabatına ən nüfuzlu şəxs kimi polkovnik-leytenant A.G. Fedorinov imza atıb.


BBC müxbirləri apardıqları axtarış nəticəsində 2012-ci ilə aid məqaləyə rast gəliblər. Məqalədə Aleksandr Georgieviç Fedorinovun adı çəkilib və fotoşəkil verilib. Fotodakı şəxs qadınların lentə aldığı görüntülərdəki bej rəng köynəkli kişiyə bənzəsə də, 10 il keçdiyi üçün əmin olmaq mümkün deyil.



Təsdiq üçün üz tanıma proqramından istifadə edən BBC müxbirləri videodakı kişinin sosial media profilini tapıblar. Profilin istifadəçi adı məhz Aleksandr Fedorinov olub.



BBC İvan Riyabovun işgəncə səviyyəsində zorakılıq tətbiq etməsi ilə bağlı ittihamları zaman-zaman məhbuslara, Riyabovun özünə, Fedorinova və Rusiya İstintaq Komitəsinə çatdırıb. Lakin onların heç birindən cavab gəlməyib.



Marina, Anastasiya və Aleksandra ümid edirlər ki, Riyabov cinayət məsuliyyətinə cəlb olunacaq.



Marina sonda BBC-yə deyib: "Biz qanunların bu insanlara da şamil olmasını istəyirik. Dövlət məmurları daxil heç kim başqasına bu cür işgəncə verə bilməz". /Musavat.com



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər