Ru
13:50 / 20 Yanvar 2022

"Qanlı Yanvar"ın 32-ci ili: "Bunu sovet dövlətinə bağışlamaq olmaz"

2337

“20 Yanvar hadisəsi təkcə Azərbaycan xalqının tarixində deyil, eləcə də Sovetlər Birliyində yaşayan bütün xalqların tarixində önəmli rol oynayıb. Hadisənin baş verməsi ilə SSRİ-nin süqutu daha da sürətlənib və bundan bir il sonra sovet dövlətinin əsas ideoloji dayağı olan Sovet İttifaqı Kommunist Partiyası ləğv edilib. Ondan bir neçə gün sonra yəni 1991-ci il sentyabrın 14-də isə Azərbaycanda Kommunist Partiyası öz fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb”.


Bu sözləri Bakupost.az -a açıqlamasında tarix elmləri doktoru Nəsiman Yaqublu 20 Yanvar hadisələrinin Azərbaycan tarixində yeri və rolu haqqında danışarkən deyib:



“ 20 Yanvar faciəsində həlak olanların xatirəsini ehtiramla yad edirik. Onlar öz ölümləri ilə həm də böyük bir prosesə təkan verdilər və yalnız Azərbaycan xalqının deyil, eləcə də digər xalqların azadlığa çıxmasının qurbanları oldular. Təbii ki, sovet dövlətinin törətdiyi bu qətliam, cinayət bağışlanıla bilməz. Yüzlərlə insanın, qocaların, qadınların, gənclərin, uşaqların günahsızca qətlə yetirilməsi heç vaxt sovet dövlətinə bağışlamaq olmaz”.

“Sovet dövlətinin mahiyyəti elə bu cinayətlər üzərində qurulub”, - deyə Nəsiman Yaqublu qeyd edib:

“20 Yanvar faciəsi tarixdə baş verən yeni bir hadisə deyildi. Sovet dövlətinin tarixində belə hadisələr olub. 1956-cı ildə Macarıstanda, 1968-ci ildə Çexoslavakiyada, 1979-cu ildən sonra Əfqanıstanda, 1986-cı ildə isə Qazaxıstanda tələbələrin güllələnməsi buna misal ola bilər. Sovet dövləti belə cinayətlər əsasında öz varlığını qoruya bilib. Həmin dövrdə SSRİ-nin bütün hərbi kontingentinin Bakıya yeridilməsi, dinc əhaliyə qarşı qətliam törədilməsi bağışlanıla bilməz. Bakıya hücum əməliyyatı müxtəlif fərdlər tərəfindən həyata keçirilib. Sovet qoşunları sanki Bakıya, qəsbkar bir məmləkətə daxil olublar. Halbuki o zaman Azərbaycan müstəqil deyildi və SSRİ dövlətinin bir parçası idi. Amma bütün bunlar kənara qoyularaq, sanki yadelli bir işğalçıya qarşı mübarizə aparırdılar”.



Nəsiman Yaqublu vurğulayıb ki, Bakıya ilk daxil olanların, hansı qoşunda xidmət etdikləri, şəxsiyyətləri bu günə qədər açıqlanmayıb:

“Onlar o qədər qəddar olublar ki, dinc insanlara qarşı belə qətliamlar törədiblər.

1920-ci il yanvar ayının 22-də şəhidlərin ilk dəfnetmə mərasimi olub. Bu insanlar bizim azadlığımız uğrunda mübarizə aparıblar. 20 Yanvar faciəsinə Azərbaycan xalqının azadlıq mübarizəsinin başlanğıc tarixi kimi baxmaq lazımdır, buna yalnız faciə kimi yanaşmaq olmaz.

Eyni zamanda, 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz uğurlar sübut etdi ki, Azərbaycan xalqı mübariz, döyüşən millətdir. Azərbaycan xalqı heç vaxt öz torpaqlarını başqa bir xalqın işğalı altına alması ilə razılaşmayacaq. 20 Yanvardan başlanan o mübarizlik yolu, 44 günlük Vətən savaşında özünün yeni qəhrəmanlıq nümunələri ilə ortalığa çıxdı və daim qələbəyə köklənmiş bir xalq olduğu faktını bir daha sübut etdi”.





Fəridə
Baku Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər