Ru
13:02 / 16 Dekabr 2021

Qapısı qıfıllı Gənclər Evi - milyonların xərcləndiyi binalar nəyə xidmət edir? - ARAŞDIRMA

9892
Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi, informasiya yardımlarının göstərilməsi və onların təşəbbüslərinin dəstəklənməsi məqsədi ilə “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsi yaradılıb.

Bakı və regionlarda ümumilikdə 40-dan artıq Gənclər Evi inşa olunub. Gənclərə xidmət üçün nəzərdə tutulan bu evlərin çoxu tam fəaliyyətsizdir. Xüsusilə də regionlardakı Gənclər Evlərinin qıfıllı olması, orada gənclər asudə vaxtlarını səmərəli keçirmələri üçün lazımi şəraitin yaradılmaması narazılıqla qarşılanır. Bildirilir ki, bəzi Gənclər Evlərin qapıları isə ümumiyyətlə gənclərin üzünə bağlıdır.

Mövzuyla bağlı millət vəkili Fazil Mustafa Bakupost.az -a deyib ki, Gənclər Evi, Gənclər Mərkəzi və başqa adlar altında tikilən binalar ildə 2-3 dəfə hansısa bir tədbirin keçirilməsindən başqa heç bir ciddi işə yaramır:



“Burada geniş şəkildə dərnəklər şəbəkəsi olmalıdır. İnsanlar övladlarının musiqi, idman, şahmat və başqa bilgilər əldə eləməsinə can atmalıdırlar. Xarici dillər, dərs evi kursları, peşə yönümlü müəyyən fəaliyyətləri burada öz təsdiqini tapmalıdır. Amma çox təəssüf ki, bunlar yoxdur. Ona görə də Gənclər Evləri bina olaraq gözə dəyir, amma faktiki olaraq mövcudluğunun gənclərə ciddi bir aidiyyəti yoxdur. Eyni zamanda gənclərin də böyük əksəriyyəti çayxanada, orada-burada qəlyan çəkir, domino, nərd oynayırlar. Bu təkcə gənclərlə bitmir, ağsaqqallar da eyni vəziyyətdədir. Çünki ağsaqqal üçün də yer xüsusi bir yer yoxdur. Bütün parklarda 50 stol düzülüb, hamısının arxasında işsiz-gücsüz başı papaqlı kişilərdir ki, domino oynayırlar. Bu da onu göstərir ki, biz insanları faydalı bir məşğulluğa cəlb edə bilməmişik. Ona görə də cəmiyyəti canlandırma yollarını tapmalıyıq. Bununla bağlı bir şərait yaradılmasa, nə qədər bina tikilsə də içi boş qalacaq”.

F. Musatafa bildirib ki, bizdə nəyinki Gənclər Evləri, hətta olimpiya kompleksləri də boş qalıb:

“Bu cür ümumi ad altında gənclərin hamısının bura cəlb olunması real görünmür. Bunlar daha çox özəl sektorun edə billəcəyi məsələlərdir. Gənclər üçün daha çox sərbəst məkanların müəyyən olunması, məsələn, orada hansısa bir ixtisasa yiyələnmək və onunla bağlı fəaliyyət göstərmək imkanları olmalıdır. Gənclər evinə kimisə təyin edirlər, bir kabinet verirlər, sonra bir-iki dərnək açıb guya, mövcudluğunu göstərirlər. Yəni, bu cür formal bir məsələlər hesab edirəm ki, yalnız bizdə var. Fəaliyyət göstərməyən yerlər sadəcə 10-15 nəfərə iş yeri açmaq üçün və orada gedib başını qatması üçün nəzərdə tutulan yerlərdir. Bəlkə də bir fəaliyyət göstərənlər var, amma mən heç rayonların özündə də Gənclər Evlərinin effektli fəaliyyət göstərdiyini düşünmürəm. Yaraşıqlı binadır, içərisinə girirsən şəhərə oxşayır, amma faktiki olaraq gənclərin əhəmiyyətli hissəsi bu gün ondan istifadə edə bilmir. Digər tərəfdən narkomaniya baş alıb, bir çox bölgələr məhv olub gedir. Azərbaycanın xeyli rayonları var ki, orada artıq narkomaniyanın əlindən valideynlər evdən qocalar evinə qaçırlar ki, övladı narkomandır və ona qəsd edə bilər. Düşünürəm ki, bu məsələ çox ciddi müzakirə olunmalı və diqqətdən kənarda insan qalmamalıdır”.

Millət vəkilinin sözlərinə görə, Bakı mədəni komponentlərini xeyli zəiflətmiş gecəqondu şəhərinə çevrilib və gecəqondu psixologiyası şəhərdə daha çox hökm sürməyə başlayıb. Ona görə də gəncliyi stimullaşdırmaq üçün birinci növbədə Gənclər Evi yaratmaq yerinə, gənclər üçün iş yerlərinin açılmasına çalışmaq lazımdır:

“Xüsusilə də sahibkarlığı inkişaf elətdirməklə iş yerləri açsınlar və gənclərə yüksək maaşlı iş versinlər ki, onlar evlənə bilsinlər, ev alsınlar və özünü cəmiyyətdə təsdiq edə bilsinlər. Həmçinin Sosial ipotekadan tutmuş digər ipoteka vaiantları da uğursuzluğa uğradı, yəni, mənzil probleminin həllinə köməklik göstərmədi. Bu cür yanaşmalar, əslində, effekt vermir, tikilən binaların keyfiyyəti də olmur. Əgər dövlət büdcəsində olan vəsaitlə bu edilirsə, orada mütləq korrupsiya elementləri daha çox olmağa başlayıb”.

Millət vəkili Razi Nurullayevin fikrincə, Gənclər Evləri plansız , proqramsız, prioritetlər müəyyənləşdirilmədən inşa olunub:



“Bəzi Gənclər Evlərində heç olmasa 40-50% fəaliyyət var, eləsi də var ki, 100% fəaliyyətsizdir. Çünki bizdə hər bir şey şou və moda üçün yaradılır. Gənclər Evi tikdilər, daha sonra qapısına da kilid vurublar. Çünki Gənclər Evləri plansız , proqramsız, prioritetlər müəyyənləşdirilmədən tikilib. Bir çox Gənclər Evləri dövlətin büdcəsi ilə tikilməyib və bir çoxları heç Gənclər və İdman Nazirliyinin tabeliyinə də verilməyib . Hər hansı bir iş adamına onu tikdiriblər, açılışı olub və sonradan iş adamı onu özünün istədiyi formada istifadə etməyə başlayıb. Təbii haqqıdır, çünki onun mülküdür, bura pul qoyubsa, bu pulu çıxarmalıdır. Əslində, o Gənclər Evinin qarşısında yüzlərlə gənc olmalı, ən azı 10-15 müasir peşə üzrə təlim-tədris keçirilməli, yarışlar təşkil olunmalıdır. Dil, kompüter kursları və müxtəlif istiqamətdə dərnəklər olmalıdır. Əlavə olaraq gənclərin asudə vaxtının yaradılması üçün orada poeziya gecələri, şairlər, jurnalistlər, yazıçılar üçün guşələr yaradılmalı və onlarla görüşlər təşkil oluna bilərdi. Yəni gənclərimiz Gənclər Evində asudə vaxtını peşə, dil öyrənməyə, ən azından karyerasını artırmağa, yaxud Azərbaycanda olan müxtəlif resurslara çıxış əldə etməlidir. Amma bu gün Gənclər Evində gənclərlə bağlı heç bir iş aparılmayıb. Gənclər Evləri gözdən pərdə asmaq üçün idi ki, yəni bizim rayonda da Gənclər Evləri açıldı. Cənab Prezidentin qabağına bir statistika qoyuldu ki, onların döşünə medal taxsınlar”.

Millət vəkili Müşfiq Cəfərov hesab edir ki, paytaxt və bölgələrdə Gənclər Evlərinin fəaliyyəti ilə bağlı monitorinqlər həyata keçirilməli və nəticələrlə bağlı konkret addımlar atılmalıdır:


“Gənclər Evlərinin işinə, fəaliyyətinə, onların proqramlarına əsas nəzarət Gənclər və İdman Nazirliyi Tərəfindən həyata keçirilir. Konkret elə hallar olarsa, mütləq şəkildə Gənclər və İdman Nazirliyinə bildirilməlidir. Ümumiyyətlə, Prezidentin bununla bağlı bir bildirişi olmuşdu ki, “ Gənclər Evləri, Olimpiya Kompleksləri, bu kimi binalardan bəzi hallarda səmərəli istifadə olunmur, hətta bağlı qalır”. Ona görə yenidən belə hallar varsa, nazirlik regionlarda bu işi canlandırmalıdır. Millət vəkili kimi təmsil etdiyim Gəncə şəhərində fəaliyyət göstərən Gənclər Evində mütəmadi tədbirlər, xidmətlər göstərilir. Yəni, tədbirdən-tədbirə qapı açılmır, daimi işçi heyəti var. Qonşu Göygöl rayonunda olan Gənclər Evində də aktiv fəaliyyət müşahidə edirəm. Amma hansısa bir regionda belə bir problem varsa, təbii ki, həmin Gənclər Evinə mütləq şəkildə monitorinq həyata keçirilməli və konkret addımlar atılmalıdır”.

Gəncə şəhər Gənclər Evinin direktoru Amil Qurbanov deyir ki, Gənclər Evinin qapısı həftənin 7 günü gənclərin üzünə açıq olur:



“Gənclər Evində 15 klub və dərnək fəaliyyət göstərir. Biz bütün beynəlxalq təşkilatlar, QHT-lər, universitetlər, kolleclərlə sıx əməkdaşlıq edirik. Gənclərin hamısı məni tanıyır. Çünki bütün gənclərlə özüm şəxsən görüşürəm. İstənilən gənclər gəlib Gənclər Evində asudə vaxtını səmərəli keçirə, özünü inkişaf etdirə bilər. Çünki Gənclər Evinin açılma səbəbi budur ki, gənc potensial kadr kimi böyüsün. Burada bütün dərnək növləri fəaliyyət göstərir ki, bunlar kompüter, xarici dil, mühasibatlıq kursları, musiqi, rəqs, gitara, piano, solo ifa, rəsm, şahmat dərnəkləri, maraq və conversation klubları, elektron kitabxana, internet, beynəlxalq mübadilə səfərləri, yay və qış düşərgələri, maraqlar üzrə tədbirlər, könüllülük xidmətləri, ebru sənəti, stolüstü tenis, də daxil, əlavə olaraq bütün gənclər hansı layihələrlə bağlı gəlirsə biz onlara dəstək veririk”.

Məsələ ilə bağlı əlaqə saxladığımız Binəqədi rayon Gənclər Evindən Bakupost.az-a bildirildi ki, gün ərzində Gənclər Evinə 40-50-dən çox gənc müraciət edir:



“Həftə sonları, yəni altıncı və bazar günləri bir sıra tədbir, layihələr həyata keçiririk. Məqsəd isə gənclərin istirahət günlərini səmərəli keçirməsinə şərait yaratmaqdır. Digər günlər isə bizdə rus və ingilis dilində “conversation” yəni danışıq dərsləri olur. Həmçinin asudə vaxtlarını keçirmək üçün free time səyahət klubları fəaliyyət göstərir. Daha sonra asudə vaxtın səmərəli keçirilməsi üçün piano, bilyarddan da istifadə edə bilirlər. Müxtəlif əl işləri ilə işləyən gənclərimiz də var. Mərkəzimizdə psixoloqumuz da fəaliyyət göstərir. Çalışırıq ki, gənclər vaxtlarını daha səmərəli keçirsin”.

Amma qeyd etdiyimiz kimi, bir çox rayonlarda Gənclər Evi yalnız binadan ibarətdir. Məsələn, Goranboy rayonundakı Gənclər Evi. Gənclər və İdman Nazirliyinin internet səhifəsində Goranboy Rayon Gənclər evinin 6 aprel 2011-ci ildə istifadəyə verilməsi qeyd olunub. Amma bu 10 il müddətində Gənclər Evinin qapısı belə açılmayıb.



Goranboy Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Bakupost.az -a bildirib ki, Gənclər Evi tikilib, vakansiya açılıb, amma hələ kadrlar təyin olunmayıb:

“Yaxın müddətdə yəqin ki, fəaliyyətə başlayacaq”.

Göyçay, Kürdəmir, Lənkəranda da Gənclər Evi mövcuddur. Ancaq heç biri işləmir. Dəfələrlə sözügdən rayonların Gənclər Evləri ilə əlaqə yaratmağa çalışsaq da, zəngimiz cavabsız qaldı.

Fəridə
Baku Post

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanıb.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
  • ABDULLAYEV ŞAHİN ƏVƏZAĞA

    Belə obyektlərə elə insanlar təyin o lunmalıdır ki yaradıcı olsunlar Təşkilatçılığı bacarsınlar İdmana sənəti yaxın olsunlar Baxsaq görəcəyik hansısa YAP-çıdır direktor Digər vəzifəyə keçmək üçün burdan tranpilin kimi istifadə edir Pambıqla sarımsağı fərqləndirə bilməyən başına jelə vuranları rəhbər təyin edirlər

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər