Ru
13:34 / 23 Dekabr 2021

Qarabağ əlilinin mülkünü əlindən alıb, bina tikdilər - Rəsmi cavab - FOTO - VİDEO

14609
Qarabağ qazısı, birinci qrup əlilin mülkiyyətində olan tikili əlindən alınıb.

Bu barədə Bakupost.az -a əlilin ailə üzvləri məlumat verilib.

Qeyd olunub ki, Pirallahı qəsəbəsi, Səməd Vurğun küçəsində Mahmudov Nadir Eyyub oğlunun istifadəsində olan köşk aparılan abadlıq işləri ilə əlaqədar sökülüb. Həmin vaxt Nadir Mahmudov Rayon İcra Hakimiyyətinə müraciət edərək, istifadəsində olan köşkün yenidən müasir üslubda tikilməsinə icazə verilməsini xahiş edib və köşkün 5X10 kvadrat metr ölçüdə müasir üslubda yenidən tikilməsi haqqında 23.08.201-ci il tarixli 501 nömrəli sərəncam alıb.



Lakin həmin yerdə başqa bir bina tikilib. Həmin binada ona yer ayrılacağı bildirilsə də, sonradan bundan imtina edilib.

Məsələ ilə bağlı Bakupost.az -ın ünvanlandığı suala Pirallahı Rayon İcra Hakimiyyəti bir aya yaxın müddətdə cavab verməyib.

Bu gün isə İcra hakimiyyətinin Hüquq şöbəsinin müdiri Samir Hüseynov redaksiyamıza aşağıdakı məzmunda məlumat göndərib:



“Vətəndaş Nadir Mahmudov ailə üzvləri Rayon İcra Hakimiyyətinin başçısı və Aparatın məsul əməkdaşları tərəfindən bir neçə dəfə qəbul edilib və dinlənilib. Onların istək və arzuları nəzərə alınıb, aidiyyəti üzrə müvafiq köməkliklər edilib və daim xüsusi diqqət göstərilməkdədir.

Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Nadir Mahmudov yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və o, 2019-cu ildə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan Şosesi-Lökbatan yolu, 24A nömrəli binanın, 10-cu mərtəbəsində yerləşən, 2 otaqlı 33 nömrəli mənzillə təmin olunub. Bununla yanaşı rayon İcra Hakimiyyəti başçısının 29.04.2019-cu il tarixli sərəncamı ilə istəyinə əsasən vətəndaşın oğlu Mahmudov Rəhman Nadir oğluna fərdi yaşayış evinin tikintisi üçün 0.03 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisi məqsədi ilə tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənmişdir. Eyni zamanda hazırkı müraciətini və istəyini nəzərə alaraq həyat şəraitinin daha da yaxşılaşdırılması və sahibkarlıq məqsədi ilə köşk üçün vətəndaşa müvafiq yer təklif olunub.

Qeyd olunur ki, Bakı şəhəri Pirallahı rayonu Azərbaycan Respublikasının 21.12.2012-ci il tarixli 519-IVQ №-li Qanununa və həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 17.01.2013-cü il tarixli 2666 nömrəli Sərəncamına əsasən yaradılıb. Pirallahı Rayon İcra Hakimiyyəti 2013-cü ilin mart tarixindən fəaliyyətə başlayıb. Həmçinin rayon ərazisində qeyri-yaşayış obyektlərinin tikintisinə və istismarına icazənin verilməsi rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir”.

Qeyd edək ki, Mahmudov Nadir Eyyub oğlu 1992-ci ildə Birinci Qarabağ müharibəsində Füzuli istiqamətində döyüşlərə qatılıb. 1994-cü il atəşkəsə bir gün qalmış Ağdamda Qaravənd istiqamətində yaralanıb və sağ ayağını dizdən yuxarı itirib, ikinci qrup əlillik dərəcəsini alıb. 2017-ci ildə yanvarın 9-da isə insult keçirib və yataq xəstəsinə çevrilib. Hazırda tam anlaqlı vəziyyətdə deyil. Bu yaxınlarda ona birinci qrup əlillik təyin edilib.




Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər