Ermənistanın baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında Qarabağda, eləcə də Azərbaycan- Ermənistan sərhədində yenidən müharibə təhlükəsinin olduğunu bildirib. Son vaxtlar atəşkəsin tez-tez pozulması buna işarə ola bilərmi? Doğrudanmı həqiqətən ehtimalı yüksəkdir?
Mövzu ilə bağlı Bakupost.az-a açıqlama verən politoloq Zaur İbrahimlinin sözlərinə görə, Paşinyan bu açıqlamaları ilə erməni tərəfin yenə də diplomatik ibarələr, Azərbaycanın heç vaxt razılaşmayacağı ideyalar ətrafında məzmunsuz müzakirələrlə danışıqların predmetsiz davam etməsini hədəfləyir:
"Paşinyanın bugünkü çıxışı bir daha göstərdi ki, rəsmi İrəvan Azərbaycanla münasibətlər və sülh sazişi müzakirələrində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınmaq siyasətini davam etdirir. Paşinyanın yenidən məsələlərin paket həllinin vacib olduğunu vurğulaması, Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz silahlı dəstələrin olmasını, onların təchizatının İrəvan tərəfindən həyata keçirilməsini inkar etməsi və Qarabağda separatçı təşəbbüslərə görə məsuliyyətdən qaçmaq cəhdləri bunu deməyə əsas verir. Xüsusən, Paşinyan bütün mümkün vasitələrlə regionla bağlılığı olmayan ölkələrdən müşahidəçilər cəlb etməklə, beynəlxalq təşkilatların lüzumsuz müdaxiləsi yolu ilə sülh müzakirələrini çətinləşdirir və əlavə şərtlər irəli sürür”.
Zaur İbrahimli qeyd edib ki, Paşinyan sanki Azərbaycanın sülhə məcburetmə tədbirləri görməsini istəyir:
"Ermənistanın qeyri-kosntruktiv mövqeyi antitteror əməliyyatlarının başlaması riskini artırır. Erməni tərəfinin 10 noyabr bəyanatının şərtlərinə əməl etməməsi, ABŞ və Aİ vasitəçiliyi ilə üzərində götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınması diplomatik müzakirələrin keyfiyyətini və nəticə əldə edilməsi potensialını aşağı salır. Diplotik müzakirələrin alternativi kimi isə hərbi əməliyatlar çıxış edir. Diplomatiyanın işləməsinə, bəhrə verməsinə mane olan erməni tərəfidir. Bununla da onlar Azərbaycan üçün sülhə məcburetmə tədbirləri görməkdən başqa çıxış yolu qoymurlar. Sülhə məcburetmə tədbirlərindən biri kimi antitteror əməliyyatları nəzərdən keçirilə bilər”.
Əfsanə Rəcəb,
BakuPost