Ru
14:39 / 11 Yanvar 2022

Qəhrəman şəhidimizin 695 bal toplamış qardaşı: “Təhsilim bitən kimi xaricdən iş təklifi aldım”- MÜSAHİBƏ

5507
Vətən Müharibəsi şəhidi Valeh Məmiyevi artıq ölkəmizdə demək olar ki, hamı tanıyır.

Vaxtilə Türkiyədə hərbi təlimlərdə olarkən Türkiyənin milli müdafiə naziri Hulusi Akarla şəxsən tanış olmuş, ona torpaqlarımızı düşmən tapdağından azad etmək üçün son damla qanına qədər döyüşəcəyini söz veribmiş.

Döyüşlərdə yaralandıqdan sonra əsgər yoldaşlarına H.Akara xəbər verməyi xahiş edib: “Generalıma deyin ki, ona verdiyim sözü tutdum”.

Bu barədə H.Akar Azərbaycanda rəsmi səfərdə olarkən özü məlumat vermişdi və kövrəlmişdi. Bundan sonra Məmiyevin ailəsi Türkiyəyə dəvət olundu, orda üç gün H. Akarın qonağı oldular.



Şəhidin ailə üzvləri ilə bağlı hazırlanan materiallarda maraqlı bir məlumat diqqət çəkmişdi. Demə, şəhidin qardaşı Vüsal vaxtilə ən yüksək balla universitetə qəbul olub.

Düşündük ki, Vüsal Məmiyevlə görüşüb, söhbət edək.

Vüsal Məmiyevin Bakupost.az -a müsahibəsi:

Vüsal Məmiyev İsbat oğlu 1990-cı il sentyabrın 25-də Yardımlı rayonun Kürəkçi kəndində anadan olub. Kürəkçi kənd tam orta məktəbini əla qiymətlərlə bitirərək, 2008-ci ildə 695 balla Azərbaycan Dövlət Neft Akademiyasının Mühəndis iqtisadiyyatı və İdarəetmə fakültəsinə daxil olub. Bakalavr təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətdən qayıtdıqdan sonra magistr təsilini davam etdirmiş və eyni zamanda iş həyatına başlamışdır.

Müsahibimiz Belarusiyada Amerikanın çox tanınmış IT şirkətlərinin birində komanda rəhbəri və IT arxitektoru kimi fəaliyyətini davam etdirən Vüsal Məmiyevdir.




- Vüsal bəy, çox vaxt ucqar rayonlardan universitetə daxil olanların az olduğunu deyirlər. Amma sizin qəbul imtahanındakı nəticəniz bunun tam əksini deyir...

- Ucqar kəndə oxumaq bəlkə də dərsdən yayındıran çox şeydən uzaq olmaq deməkdir. Amma təbii ki, şərtlər bir qədər çətindir. Məsələn, istədiyin dərs və test vəsaitlərini tapmaq olmur, yaxud qışda işıqlar tez-tez sönür və ya məktəblərdə bütün fənlər üzrə müəllimlər olmur, o zaman digər məktəblərə getməli də olursan... Amma kənddə oxumaq, təhsil almaq, hədəflərinin arxasınca getmək mümkündür. Həmçinin yüksək bal toplamağın avantajı da böyükdür. Çünki qarşına daha böyük məqsədlər qoyub ona çatmağa çalışırsan. Düzdür, bəzən bir qədər aşağı bal yığan gənclərimiz də olur ki, onlar yüksək bal yığan tələbələr qədər böyük potensiala malik olurlar. Lakin yüksək bal toplamaq insanın qarşısına böyük məsuliyyət qoyur.

- Universitetə daxil olduğunuz dönəmdən danışaq. Seçdiyiniz fakültənin nə kimi faydaları oldu?

- 2008-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının Mühəndis iqtisadiyyat və idarəetmə fakültəsinə daxil oldum. Həmin vaxt bu fakültə Neft Akademiyasının ən prestijli sahəsi idi. Universitetdə oxuduğum müddətcə də ixtisasımın çox faydasını gördüm. Oxuduğum vaxt SOCAR şirkətində tələbə-təqaüd müsabiqəsi vardı. Hər smestr qrup yoldaşlarımla birlikdə SOCAR-a müraciət edirdik. Tələbə-təqaüd proqramını qazanmaq üçün hər semestr iki imtahan verdik. Birinci mərhələ məntiq, ikinci mərhələ isə ixtisasımla bağlı olurdu. Həmin imtahandan keçən tələbələrə SOCAR aylıq yüz manat təqaüd verirdi. Mən də universiteti bitirənə qədər o təqaüdü almışam. Eyni zamanda SOCAR məni işə dəvət edib və hər yay orada iş təcrübəsi keçmişəm. Universiteti bitirəndən sonra SOCAR imtahansız işə qəbul imkanı təklif etdi, mən də qəbul etdim və SOCAR-da gənc mütəxəssis statusu əldə etdim.

- Deyə bilərik ki, uğurlu iş fəaliyyətiniz SOCAR-dan başlayıb. Daha sonra necə davam etdi?

- Əlbəttə, ilk olaraq uğurlu iş fəaliyyətim məhz SOCAR-da İT sahəsi üzrə başlayıb. SOCAR-da İT üzrə böyük təcrübə qazandım. Daha sonra IBM, Accenture, EPAM Systens şirkətlərində fəaliyyətimi davam edirdim. Son iş qeyd etdiyim şirkətlər dünyanın ən prestijli IT şirkətləri sayılır və onlar biznes profili olaraq da sırf İT şirkətləri olduğu üçün daha böyük bilik və təcrübələr qazanmağımda böyük köməklikləri vardır.


- Hazırkı işiniz haqda bir qədər məlumat verərdiz. Bildiyimiz kimi IT tələb olan sahələrdəndir. Sizin iş həyatına başladığınız dövrdə tələb necə idi? Seçiminizi nəyə əsasən etmişdiniz?

- Hazırda SAP proqram təminatı üzrə çalışıram. Bu, HR, mühasibat, təchizat kimi sahələri özündə tam əks etdirən bir proqramdır. Eyni zamanda Alman şirkətinin məhsuludur. Əsasən böyük şirkətlərdə tətbiq edilir. O zaman mən başlayanda Azərbaycanda yeni idi. Daha perspektivli və daimi inkişaf olan bir sektor olduğuna görə bu seçimi etdim.



- Hazırda böyük İT şirkətlərinin birində işləyirsiniz. Xarici iş fəaliyyətiniz necə başladı və hansı şirkətdə və ölkədə fəaliyyətinizi davam etdirirsiniz , Bu şirkətləri əvvəllər çalışdığınız iş yerləri ilə müqayisə etsək, işdə, iş mühitində hansı fərqlər var? Niyə xarici ölkə?

- İlk öncə Azərbaycanda işlədiyim zaman Latviyada Accenture şirkətindən iş təklifi aldım. Düşündüm ki, yeni təcrübə və uğurlu karyera üçün yaxşı bir şansdır. Mənə burda təklif olunan şərtlər daha yaxşı və iş mühiti daha rahat olsa da, təcrübəmi artırmaq və daha uğurlu olmaq üçün məhz xarici ölkəni seçdim. Sonra isə Belarusiyadan təklif aldım və hazırda da 2 ildir ki, Belarusiyada EPAM Systems şirkətində komanda rəhbəri və IT arxitektor kimi çalışıram. İşlədiyim bütün xarici şirkətlərində, işin qurulması və sistem demək olar ki, bir-birinə yaxındı; iş, daha sistematik, planlı qurulur. Həmçinin şirkətin IT üzrə təcrübəsi çox olduğu üçün işçilərə kifayət qədər öyrənməyə və daha da inkişaf etməyə şanslar və şərait daha yaxşıdır.
Kadrların özünü inkişafı üçün hər cür şərait yaradılıb. İstər şirkət daxili kurslar, istər xarici, istərsə də sertifikat proqramlarını şirkətimiz tam dəstəkləyir. Bizim ölkədən gedən kadrlar şirkətin ən önəmli işçilərinə çevrilir.

- Bizdə çalışan xarici əməkdaşların maaşları yerli kadrlardan daha yüksək olur. Belarusiyada aldığınız maaş necədir? Belaruslardan çox maaş verilirmi?

- Orada maaşlar tam individualdır. Hər kəs öz bilik, bacarıq, təcrübəsinə uyğun əmək haqqı üzrə razılaşır və öncədən şirkətlə müqavilə imzalayır. Deyərdim ki, IT sektoru Belarusiyanın ən öndə gedən sahəsidir. IT HUB Belarusiyada yaranıb, dünyanın hər yerində IT xidməti göstərir. Eyni zamanda dünyanın bütün ən böyük IT şirkətləri orada filialını yaradıb. Ona görə də Belarusiyada IT sahəsi əmək haqqı ən yüksək olan sektordur.

- Uğurlu karyerada risk nə qədərdir?

- Risk hər zaman hər yerdə lazımdır. Həmçinin risk özünə olan inamı artırmaq üçün ən gözəl vasitələrdən biridir. İnsan uduzmaqdan qorxmamalıdır. Səhv etməsən, yeniliklər əldə edə bilməyəcəksən. Ən əsası komfort zonanı tərk edə bilməkdir. Bir şirkətdə işləyib çox inkişaf etmək olmur. Fərqli təcrübələr, fərqli şirkətlərdə qazanılır. Fərqli bizneslər görmək insanı daha da özünə inamlı edir. Daha fərqli təcrübələr gördükcə şirkətlər üçün ən çox tələb olunan işçiyə çevrilirsən və bu yerdə risk də müəyyən səviyyədə azalmış olur.

- IT sahəsi üzrə xarici sistem Azərbaycana gətirilsə necə qarşılanar?

- Düşünürəm ki, xaricdə tətbiq olunan sistem Azərbaycana gətirilsə, bu ilk başdan insanlara çətin görünə bilər. Lakin bir qədər keçəndən sonra bu sistemin nə qədər faydalı və effektli olduğunu işçilər özləri anlayacaqlar. Məsələn, Azərbaycanda onlayn iş sistemi demək olar ki, inkişaf etməyib. Biz xaricdə rahat evdən işləyirik, çünki xüsusi sistemimiz var və o sistem bizi idarə edir. Bildiyiniz kimi pandemiya dövründə hər bir ölkədə olduğu kimi Belarusiyada da qapanmalar oldu və onlayn sistemə keçildi. Amma biz pandemiyadan əvvəl də evdən çox rahat işləyirdik. Yəni, şirkət işi elə qurub ki, rahat şəkildə evdən işləyə bilirsən. Həmçinin evdən işləməyin işin gedişinə, qurulmasına, həmçinin əmək haqqı kimi işçiyə edilən ödənişlərə heç bir mənfi təsiri heç zaman olmayıb. Bu təcrübə çox təəssüf ki, Azərbaycanda qurulmayıb.


- Gənclərin elmə axınında irəliləyiş hiss olunurmu? Azərbaycan gənci olaraq bu barədə fikriniz necədir?

- Əlbəttə, son zamanlar gənclərimiz daha da aktiv və müxtəlif sahələrdə uğurla çıxış edirlər. Ona görə də gənclərimizə daha da dəyər vermək, onların işlərini dəstəkləmək lazımdı deyə düşünürəm. Həmçinin Azərbaycanda istər ucqar dağ kəndlərində, istər paytaxtın özündə təhsilə maraq çox artıb. Çünki bunu həm də zaman tələb edir. Əgər savadlı, bilikli, elmli gəncsənsə, deməli, bir çox qapılar üzünə açıq olacaq. Artıq valideynlər də bu istiqamətdə övladlarına dəstək olurlar. Lakin universiteti bitirməklə hər şey həll olunmur. Burada iş tapmaq məsələsi də ön plana çıxır. Düşünürəm ki, gənclərimiz bir qədər iş tapmaqda çətinlik çəkirlər. Çünki şirkətlərin çoxu təcrübəli kadr istəyir, amma universiteti bitirən tələbənin isə təcrübəsi yoxdur. Ona görə də Azərbaycanda iş təcrübəsi faktoru əksər gəncləri işsiz qoyur. Çox istərdim ki, işəgötürənlər yeni işə qədəm qoyan gənclər üçün xüsusi təlimlər, sistemlər təşkil etsinlər. Çox vaxt savadlı kadrların bacarığını üzə çıxarmaqdansa, onları öz peşələrindən uzaq salırlar. Belə olanda gənclər məcbur olub ixtisasından kənar işlərə üz tuturlar. Bu da ölkədə təcrübəli kadrların, mütəxəssislərin azalmasına səbəb olur.

- Sizcə, ətrafın insan həyatında, karyerasında rolu nə qədərdir?

- Ətrafın, “network” deyilən yeni şəbəkənin karyerada çox böyük önəmi var. Böyük şirkətlər “referansa” çox önəm verirlər. Mənim də dostlarımın “referans” olmaları sayəsində mən müsahibədən keçib iş təklifi almışdım. Yəni, hər mənada ətrafdakı insanların önəmi çoxdur. Özünə elə adamları yaxın tutmalısan ki, onları sən müsbət mənada dəyişə biləsən. Dostların da sənə inanmalı və dəstəkləməlidirlər.

- Siz uğurun sirrini nədə görürsüz?

- Əlbəttə, böyük hədəflər qoyub və o hədəflərə doğru kiçik addımlarla çalışmaq vacibdir. Həmçinin hər son yeni bir başlanğıcdır, deyə düşünüb irəliləmək lazımdır. Eyni zamanda istədiyinin baş verəcəyinə inanaraq yaşamalı, onu xəyaldan hədəfə çevirməlisən. Yəni xəyalın hədəflərinə yönəlik yolla gedir. Bir sözlə, hədəfli, əzmkar, özgüvənli və hər zaman inkişafa açıq olmaq lazımdır.

- Vüsal bəy, qəhrəman şəhidimiz Valeh Məmiyevin qardaşısız. Bir qədər də onun haqqında danışaq...

- Qardaşım Valeh Məmiyev 1994-cü ildə Yardımlı rayonun Kürəkçi kəndində anadan olub. Biz iki qardaş bir bacı idik. Mən evin böyük oğlu idim, bacım ortancıl, balacamız isə Valeh idi. Valeh uşaqlıqdan hamının qəlbində xüsusi bir yerə malik idi. Kəndimizə gələn hərbiçilərə çox böyük sevgisi vardı. Onların geyimlərini geyər, papağını qoyardı. Bir sözlə, hərbiyə çox böyük istəyi yaranmışdı. Daha sonra biz ona hərbi geyimlər də aldıq. Orta məktəbdə oxuyanda da çox savadlı və potensiallı idi. Yəni, istədiyi universitetə yüksək balla daxil ola bilərdi. Amma beyninə qoymuşdu ki, mən hərbçi, zabit olacağam. Orta məktəbi bitirəndən sonra sənədlərini hərbiyə verdi. İmtahan verərək, 2011-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu və 2015-ci ildə oranı ən yüksək nəticə ilə bitirdi. Bitirəndən sonra leytenant rütbəsi aldı və tank üzrə tağım komandiri kimi işə başladı. 2 ildən sonra baş leytenant və bölük komandiri kimi fəaliyyətini davam etdirdi. Valehin bütün komandirləri hər zaman deyirlər ki, Valeh işin həm texniki, həm də idarəetmə, komanda ilə işləmə tərəfini çox gözəl bilirdi. Bütün təlimlərə eyni zamanda ən çox türk təlimlərinə qoşulurdu. Amma sanki müharibənin olacağını gözləyirdi. Müharibə başlayandan sonra onun döyüşdə olduğunu biz bilmirdik. Bizə bildirmədi ki, müharibədəyəm. İndi də göndərdiyi səslərə qulaq asanda deyib ki, hər şey yaxşıdır, əladır superdir. Hiss etməzsən ki, o müharibədədir. İstəmirdi ana-ata narahat olsun, həmişə deyirdi hər şey yaxşıdır. Müharibə başlayandan 2-3 gün sonra mənə dedi ki, mən artıq müharibədəyəm, amma anam-atam bilməsin. Valeh, Cəbrayıl-Qubadlı-Zəngilan-Laçın istiqamətində gedən bütün döyüşlərdə iştirak edib. Fasiləsiz döyüşlərdə olub. Valeh bölük komandiri olub, ona görə də hər zaman irəlidə gedib. Döyüş yoldaşları deyirdi ki, o bütün komandasını qorudu, lakin özü şəhid oldu. Həmin bölüyün tək şəhidi məhz Valeh olub. Hətta bir çox hallarda evli olan döyüş yoldaşlarına deyib ki, siz ailəlisiz getməyin, subaylara da deyib ki, sən hələ gəncsən. Ən son 2020-ci il oktyabrın 18-də atam-anam danışıb. Onlara da deyib ki, heç nə üçün narahat olmayın, hər şey əladır. Qələbə bizimlədir, torpaqlarımızı düşməndən alırıq. Hətta döyüşlərin birində tankı vurulsa da, o yenidən başqa tankla döyüşə davam edib. Döyüş yoldaşları deyir ki, düşmənin Cəbrayıla əks hücumu zamanı Valeh çox aktiv iştirak edib. Həmin döyüşdə ermənilərin 5 tankını, onlardan 3-nü özü şəxsən məhv edib, 50-yə yaxın şəxsi heyətini məhv edib və əks hücumun qarşısını tam alıb. 19 oktyabrda səhər tezdən isə Qubadlı istiqamətində gedən döyüşlərdə Valehin tankı vurulub və o yaralanıb. İlk olaraq onu Bakıda yanıq xəstəxanasına gətiriblər, daha sonra isə hərbi hospitala aparıblar. Lakin 4 gün sonra o aldığı yaradan şəhid olub. Biz isə oktyabrın 21-də bildik ki, o hərbi hospitaldadır.



- Bildiyimiz kimi Valeh Vətən Müharibəsindən əvvəl Türkiyənin Milli Müdafiə naziri Hülusi Akar tərəfindən təltif edilib...

- Valeh, 2015-ci ildə tank tağım komandiri kimi vətənə xidmətə başlayıb. Bütün təlimlərə aparıcı zabit kimi qoşulub. 2020-ci il Türkiyə-Azərbaycan təlimlərində böyük qəhrəmanlıqla iştirak edib və təlimlərin sonunda cənab Hulusi Akarla aralarında dialoq olub və ona torpaqlarımızın alınmasında şərəflə döyüşəcəyi sözünü verib. Təlimlərin sonunda cənab Hulusi Akar tərəfindən fərqlənmə və hədiyyələrlə təltif edilib. Vətən müharibəsi zamanı Valeh Cəbrayılın, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə tank komandiri kimi iştirak edib. Oktyabrın 19-da isə Qubadlı döyüşləri zamanı ağır yaralanıb və 4 gün sonra aldığı yaradan şəhid olub. Son anında təbəssümlə deyib ki, “Mən verdiyim sözü tutdum. Vətən sağ olsun”. Bundan sonra isə Türkiyənin müdafiə naziri əlaqə yaratdı, telefonla danışaraq bizə çox böyük dəstək oldu. Atam və anam təsəlli verə biləcək söz belə tapa bilmədiyim anda bizə bu qədər dəyər və dəstəklə yanaşmaları çox böyük kömək oldu. 2021-ci il Dekabrın 22-də isə Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə ailə üzvlərimlə Türkiyəyə səfər etdik. Hulusi Akar bəylə görüşdük və bizi çox gözəl qarşıladı. Azərbaycan-Türkiyə qardaşlığından, birliyindən, həmrəyliyindən söhbətlər etdi. Daha sonra özü qardaşım Valehdən bəhs etdi. Görünürdü ki, Hülusi bəy Valehi heç vaxt unutmayıb. Qardaşım artıq Türk dünyasının qəhrəmanına çevrilib, artıq onu Türkiyədə də nümunə kimi qəbul edirlər və sevirlər. Bunu şəxsən özüm Türkiyənin istər ali rütbəli şəxsləri, istər Türkiyə ali Hərbi Məktəbinin tələbələri ilə danışdıqda əyani şəkildə gördüm. Bu mənada Türkiyə-Azərbaycan qardaşlığının bir hissəsi olmaq həqiqətən çox fəxrli və qürurvericidir. Ona görə qardaşımla fəxr edirəm, o bizim qürur mənbəyimizdir.



- Valehin ən böyük arzusu nə idi?

- Ən böyük arzusu torpaqları qurtarmaq, döyüşlərdə savaşıb əlindən gələni etmək idi. Necə ki, bunu istər döyüşdən əvvəl, istərsə də döyüş zamanı sübut etdi. Karyera olaraq isə onun ən böyük arzusu general olmaq idi. Bunu komandirləri belə təsdiq edir ki, Valeh gələcəyin tank üzrə generalı olacaqdı və bunun üçün hər bir potensialı vardı. Həm tank üzrə texniki və ixtisas bilikəri, həm idarəetmə və şəxsi heyətlə iş üzrə bacarıqlı biri idi.

- Ondan yadigar saxladığınız nələr var?

- Yardımlıda evimizdə Valehin ev muzeyini düzəltmişik və bütün şəxsi əşyaları və döyüşdən qalan bütün əşyalarını orada qoruyuruq.

- Valehin xatirəsini əbədiləşdirmək üçün nə etməyi düşünürsüz?

- Ən böyük arzum Valehin xatirəsini əbədiləşdirmək üçün onun həyatını xroniki əks etdirən bir film çəkdirməkdir. Ümid edirəm ki, bunu gerçəkləşdirəcəm.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamları ilə Valeh Məmiyev ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.




F. Söhrabqızı
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər