Ru
16:21 / 30 Sentyabr 2022

"Qərb Bakıya qarşı kəskin addım atmaq istəmir" - Paşinyan qapalı görüşdə daha nələr deyib?

1444
Ermənistanın “Hraparak” qəzeti baş nazir Nikol Paşinyanın sentyabrın 28-də axşam saatlarında xarici İşlər naziri Ararat Mirzoyan və baş nazirin müavini Mher Qriqoryanın da iştirak etdiyi bağlı qapılar arxasında partiya yoldaşları ilə söhbətinin təfərrüatlarını dərc edib.


Bakupost.az erməni Teleqram kanallarına istinadən xəbər verir ki, Paşinyan görüşdə Qərb ölkələrinin və ilk növbədə ABŞ və Fransanın Azərbaycana qarşı kifayət qədər sərt bəyanatlar verdiyini, lakin Bakıya qarşı kəskin addımlara hazır olmadıqlarını bildirib.


Ermənistan ümidlərini əsasən, silah tədarükünə və Azərbaycana qarşı sanksiyalara bağlasalar da, sanksiyalara olan ümidlər özünü doğrultmayıb. Paşinyan bildirib ki, ABŞ-ın Ermənistana silah tədarükü perspektivi kifayət qədər qeyri-müəyyəndir: "Bu proses uğurlu olsa belə, çox vaxt aparacaq, bu günsə zaman bizim əleyhimizə işləyir".


"Ancaq bu o demək deyil ki, biz yenə də özünümüzü fədakarcasına Rusiyanın qucağına atmalıyıq. Çoxvektorlu xarici siyasət yürütməli və Rusiyaya, lazım gələrsə, Qərbə qarşı tənqidlərdən qorxmamalıyıq", - Paşinyan deyib.


Erməni baş nazir bildirib ki, KTMT-nin fəaliyyətsizliyinə baxmayaraq, Ermənistanın bu təşkilatdan çıxması çox ağır nəticələr verə bilər: "Tərəflərin yanaşmaları dəyişməyib. Qərb yenə də sülh müqaviləsini yubatmadan imzalamağı, Mehri dəhlizinin Ermənistanın nəzarəti altında qalması ilə yolların açılmasını və Ermənistanın faktiki olaraq, Artsaxdan imtina etməsini tələb edir. Rusiya da öz növbəsində sülh müqaviləsinin imzalanmasını gecikdirməyə çalışır. Çünki o, Artsaxa nəzarəti itirmək istəmir. Rusiya tərəfi belə bir tezis irəli sürür: saziş imzalansa belə, Artsaxın statusu məsələsi sonrakı danışıqlarda müəyyən edilməlidir. Azərbaycan isə qəti şəkildə buna qarşı çıxır".


"Paşinyan hakim fraksiya deputatlarına açıq şəkildə bildirib ki, o, Artsaxdan imtina variantının əleyhinə deyil, lakin Qərb tərəfdaşları qarşısında şərt qoyub: Mən sazişi yalnız Azərbaycan qoşunları Ermənistanın suveren ərazilərini tərk edəcəyi təqdirdə imzalayacam", -deyə "Hraparak" qəzeti yazır.


Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər