Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib və Ermənistanla bağlı bir çox məsələlərə toxunub. Dövlət başçısı Ermənistanın qəsdən vaxtı uzatdığını, Fransadan, digər Qərb ölkələrindən silahlar aldığını və öz ərazilərində üçüncü tərəflə hərbi təlimlər keçdiyini bildirib. Prezident İlham Əliyev Azərbaycanın isə bölgədə davamlı sülhün təmin olunmasının tərəfdarı olduğunu qeyd edib.
Bölgədəki son vəziyyətlə bağlı Bakupost.az -a danışan politoloq Zərdüşt Əlizadə indi də Qərbin Ermənistanı Rusiyadan qoparmaq üçün sülh sazişinin müddətini bilərəkdən uzatdığını deyib.
Onun sözlərinə görə, Ermənistanın Azərbaycanla müharibəyə başlaması ağılabatan deyil:
“Vaxtilə Ermənistanın arxasında Rusiya durmuşdu, indi isə durmur. Rusiyasız Ermənistan bizim yanımızda heç kimdir. Qərb ona dəstək verir və burda da məqsəd Ermənistanı Rusiyadan qoparmaqdır. Azərbaycanla münaqişədə Ermənistanın nə özünün, nə də Qərbin marağı var. Sadəcə, Azərbaycanla qarşıdurmadan istifadə edib Ermənistanı Rusiyadan qoparmaq istəyirlər”.
Politoloq deyib ki, bununla bağlı Azərbaycanın heç bir narahatçılığı yoxdur:
“Biz işimizlə məşğuluq, Qarabağı bərpa edirik. İnsanlar torpaqlarına qayıdırlar. Torpaqlarımızda bərpa-quruculuq işləri sürətlə davam edir”.
Vasif Əlihüseyn
BakuPost