Ru
12:22 / 20 İyun 2022

Qiymət artımı “pandemiyası” - Un da bahalaşacaq - SƏBƏBLƏR

6866
İnsanlar meyvə və tərəvəzə üstünlük verir. Hər kəs bu məhsulları almaq üçün bazar və marketlərə üz tuturlar. Artıq yay fəslindəyik. Yayda isə meyvə-təvəzlərin qiyməti ucuz olur. Lakin bu il vəziyyət bir az fərqlidir. İstehlakçıların çoxu pomidorun və digər tərəvəz məhsullarının qiymətlərinin baha olmasından şikayət edirlər. Bu tendensiya isə təkcə pomidora aid deyil.

Meyvələrin qiyməti də olduqca bahadır.


Buna səbəb nədir? Qiymətləri bahalaşdıran kəndlidir, yoxsa ayrı-ayrı sahibkarlar?



Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlama verib.



O, daxili bazardakı qiymət artımını 2 amillə əlaqələndirib:



“Qiymət artımında 2 səbəb var. Birinci səbəb odur ki, kənd təsərrüfatı məhsullarının ixracatında artım var. Çünki Rusiyanın sanksiyalarla qarşılaşması Rusiya bazarında və digər ölkələrdə sanksiyalara qoşulan ölkələrdən gələn məhsulların həcmini azaldıb. Rusiya zaman-zaman Azərbaycandan gələn məhsullara müəyyən qadağalar qoyub. İndi o qadağaların tamamını aradan qaldırıb ki, daxili bazarda qıtlıq olmasın, qiymətlər sürətlə artmasın. Ona görə də tərəvəz və meyvələrin Rusiyaya ixracının həcmi artıb. Lakin daxili istehsal isə artmayıb. Bizdə daxili istehsal artmalıdır ki, daxili bazarı qane edəcək səviyyədə olsun, həm də ixracata yönəlsin. İxracat artan kimi məhsulun daxili bazarda həcmi azalır. Bu da qiymət artımına səbəb olur. İkinci daha vacib olan amil isə, kənd təsərrüfatı ilə məşğul olan insanların xərclərinin artmasıdır. Ölkədə kəskin qiymət artımı var. Bu gün pomidor satan qiyməti artırmağa məcburdur ki, əldə etdiyi vəsaitlə bitki yağı, düyü ala bilsin. Bunların da qiyməti artır. Paralel olaraq, digər sahələrdə də qiymət artımı var deyə aqrar sahədə çalışanlar da məcbur qiyməti artırırlar ki, xərclərini ödəyə, ailələrini dolandıra bilsinlər. Ona görə də, bu iki amil çox ciddi təsir göstərir. Həm ixracatın artımı, həm də daxildəki kəskin inflyasiya bu sahələrdə qiymətin azalmasına mane olur”.


İqtisadçı, idxal inflyasiyası məsələsinə də toxunub:


“Dünyada indiki proseslər səbəbilə müəyyən qıtlığın olmasını, yol xərclərinin artmasını nəzərə alsaq, bu yaxınlarda inflyasiyanı cilovlamağın mümkün olacağını düşünmürəm. Çünki Azərbaycanda idxal inflyasiyası da var. Özümüz-özümüzü təmin edə bilmirik. Ərzaq məhsullarını götürsək, rəsmi rəqəmlərə görə ən yaxşı halda yarımçıq təmin edirik. Rəsmi rəqəmlərdə də müəyyən problemlər var. Məsələn, çay, şəkər, süd məhsulları statistikada yüksək göstərilir. Amma biz orada qablaşdırma ilə məşğuluq, istehsalla yox. Çay xaricdən alınır, burada qablaşdırılır. Bazarda yerli məhsul kimi təqdim olunur. Amma o yerli məhsul deyil. Yerli məhsul odur ki, burada istehsal olunsun. Yerli istehsalın az olması və idxaldan asılılığımız xaricdəki qiymət dəyişikliklərinin Azərbaycana təsir göstərməsinə səbəb olur”.


N.Cəfərli problemin həlli yolları ilə bağlı da danışıb:


“Bunun həm qısamüddətli, həm də uzunmüddətli həlli var. Uzunmüddətli həlli illərdir dediyimiz məsələdir ki, yerli istehsal artmalıdır, ona təşviq proqramları, dəstəkləyən addımlar olmalıdır. Təəssüf ki, bu illərdir deyilir, amma ləng həyata keçirilir. Atılan addımlar yetərli deyil. Qısamüddətli həll yolu isə hökumətin strateji qərar verməsi olmalıdır. Xaricdən gətirliən ərzaq məhsulları gömrük rüsumu və əlavə dəyər vergisindən ən azı ilin sonuna qədər azad olmalıdır. Çünki Gömrük Komitəsinin və Vergilər Nazirliyinin yığdığı gömrük rüsumları və vergi dərəcələri istər-istəməz məhsulun qiymətinin üzərinə gəlir. Bu da Azərbaycanda bahalaşmaya gətirib çıxaran faktora çevrilir”.



N. Cəfərli, qıtlıq ehtimalları haqqında da fikirlərini bildirib:



“Qıtlığın olmasını düşünmürəm. Azərbaycanın kifayət qədər maliyyə imkanları var. Amma bahalaşma davam edəcək. Növbəti artımda da yəqin ki, un məhsullarının qiymətində artım görəcəyik. Çünki dünya bazarında da 1 ton buğdanın qiyməti 440-450 dollara çatıb. 2-3 il bundan əvvəl 180 dollara idi. Xaricdən asılı olduğumuz məhsulların qiymətində kəskin artım görəcəyik. Rusiyadan gətirilən məhsullar da bahalaşıb. Rubl da dəyər qazanır deyə bu artım müşahidə olunur. Bahalaşma dalğası olacaq, amma ciddi bir qıtlığın olacağını düşünmürəm”.


Fəridə
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər