Ru
17:15 / 16 Sentyabr 2022

Qonşuların su davası - Sərhəddə toqquşmalar güclənir - AÇIQLAMA

2458
“Qırğızıstan və Tacikistan arasındakı qarşıdurma ərazilərin düzgün bölüşdürülməməsilə bağlıdır. Hazırda toqquşmalar davam edir”.



Bunu Bakupost.az -a açıqlamasında Qırğızıstan-Tacikistan sərhədindəki toqquşmaları şərh edən politoloq Qabil Hüseynli deyib.


Politoloqun sözlərinə görə, Qırğızıstan və Tacikistan arasındakı əsas toqquşmalar ərazi iddiaları ilə bağlıdır:





“Ərazilər əkinçilik rayonları olduğu üçün torpağın suvarılması məsələsi çox kəskin hal alıb. Qırğızıstan belə hesab edir ki, suyun böyük hissəsini Tacikistan oğurlayıb. Yəni, Qırğızıstanda ərazilərin suvarılması üçün su ehtiyatları tükənir. Üstəlik, Qırğızıstan tərəfi belə hesab edir ki, bəzi əkinə yararlı ərazilər Tacikistan tərəfindən ələ keçirilib. Ona görə də ələ keçirilmiş mübahisəli torpaqlar uğrunda bir ilə yaxındır ki, mübarizə gedir. Hazırda ciddi sərhəd toqquşmaları müşahidə olunur. Təəssüf ki, bu toqquşmalar zamanı ölən və yaralananlar var. Toqquşmaların getdiyi bölgələrdə bütün kəndlərdən əhali təhlükəsiz yerlərə köçürülür. Hər iki tərəfdən elit seçmə qüvvələr iştirak edir və çox şiddətlii döyüşlər aparılır. Baxmayaraq ki, həm Qırğızıstan, həm də Tacikistan prezidentləri Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatınının toplantısında iştirak edirlər, amma sərhəddə toqquşmalar davam edir. Toqquşma hər iki xalqın maraqlarına ziddir. Burada kimin ədalətli olub-olmadığını demək çətindir. Amma hər halda Qırğızıstan ciddi-cəhdlə suvarmada istifadə edilən suyun böyük hissəsinin onlara məxsus olduğunu və taciklərin ərazidən çıxmalı olduğu iddiaları ilə ortalığı daha da qızışdırır. Hələ ki iki dövlət arasında atəşkəs yoxdur”.


Dünyanın daha hansı nöqtələrində belə toqquşmaların olacağı barədə sualı isə Qabil Hüseynli belə cavablandırıb:


"Sərhədlərin müəyyənləşməsi və sərhəd toqquşmaları daha çox MDB məkanındadır. Rusiyanın Ukraynaya hücumu dünyanın diqqət mərkəzindədir. Həmçinin Belarusiya ilə Baltikyanı respublikalar arasında müəyyən qarşıdurma elementləri var ki, o da sərhəd məsələsilə bağlıdır. Gürcüstanla-Rusiya arasında sərhəd məsələsində ciddi ixtilaflar və iddialar mövcuddur. Çünki Abxaziya və Cənubi Osetiyanın Gürcüstandan qoparılması bu ölkəyə çox ciddi zərbə vurub. Gürcüstan torpaqlarını geri qaytararaq, ərazi bütövlüyünü təmin etmək istəyir. Azərbaycanla Ermənistan arasında sərhəd problemi var. Atəşkəs elan olunsa da, ermənilər sərhəddə təxribata davam etdiyi üçün sülh müqaviləsinin imzalanması prosesi ləngiyir. Moldova ilə Dnestryanı ərazilərdə də müəyyən gərginlik var. İndi də Orta Asiya respublikalarında proseslər nəzərə çarpır. Rusiyanın Qazaxıstana ərazi iddiaları var. Yəni daha çox diqqətlər MDB məkanındadır. Amma Afrika, Latın Amerika ölkələrində də belə sərhədyanı münaqişələrə rast gəlmək mümkündür”.


Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər