Ru
09:42 / 27 Sentyabr 2022

Rəşad Məcid harada olacaq: jurnalistlərin yanında, yoxsa qarşısında? - RƏY

6167
Sentyabrın 24-də Azərbaycan Mətbuat Şurasının VIII qurultayı keçirildi.

Hələ bir neçə ay bundan əvvəl qurultayın nəticələri ilə bağlı sosial şəbəkələrdə yayılan təxminlər demək olar ki, özünü doğrultdu. Təxmin edildiyi kimi, MŞ-nın yeni sədri “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid seçildi.


Media nümayəndələri Mətbuat Şurasının VIII qurultayı haqqında fikirlərini Bakupost.az -la bölüşüb.


Tanınmış jurnalist Etibar Cəbrayıloğlu hesab edir ki, Azərbaycan mətbuatının düşdüyü ağır vəziyyət heç bir qurultayla öz həllini tapa bilməz:





“Bu vaxta kimi Mətbuat Şurasının Vll qurultayı olmuşdu, əgər qurultayla problem həll olunsaydı, bu hesabla gərək Azərbaycan mediası dünyada ən ön sıralarda olaydı.... Heç bir şey də gözləmirəm. Yeganə təsəlli odur ki, Rəşad Məcid sədr oldu. Təyyarəçi, memar da göndərə bilərdilər. Buna da şükür! Rəşad bəydən yeganə xahişim odur ki, "reket-reket", "qara siyahi" oyununu birdəfəlik bitirsin”.



“Teleqraf” qəzetini redaktoru Qurban Yaquboğlu bildirib ki, MŞ-nın səkkizinci qurultayında sədrin dəyişməsi qismində baş verəsi əsas hadisə qabaqcadan təxmin olunurdu:





"Ona görə də nümayəndələr sanki prosesə iştirakçı kimi qoşulmuşdular. Qurultayın başlanğıcında bəzi prosedur pozuntuları da müəyyən pıçıltılara səbəb oldu. Mandat komissiyası iştirakçıların sayını elan etməli, qurultayın işə başlamasını legitimləşdirməli idi və s. Sədrin həm İdarə Heyətinin tərkibinə, həm də birinci posta seçkisi hüquqi və mənəvi planda şübhə yaratmayan bir sonucla tamamlandı desək, zənnimizcə, şişirtməyə yol vermərik. Beləliklə, Rəşad Məcid MŞ-nın rəhbəri oldu. Bütövlükdə İdarə Heyətinin mövcud sırasını nəzərdən keçirəndə çətinlik çəkmədən bir qənaətə gəlirsən: əsas hadisə elə təzə sədrin özüdür. Köhnə komanda ilə əvvəlkindən fərqli hansı islahatlara, hansı yeniliklərə nail olunacağı sualına birmənalı cavabım yoxdur. Şəxsən mənim arzum bir jurnalist olaraq bu günlərdə daha çox ehtiyac hiss etdiyim söz azadlığının sərhədlərinin genişləndirilməsi ilə bağlıdır. Əks halda söz azadlığından yalnız "onlar" istifadə edəcəklər. Özü də pis istifadə edəcəklər”.


Aznews.az saytının baş redaktoru Taleh Şahsuvarlı MŞ-nın VIII qurultayının fəaliyyətini qənaətbəxş hesab etdiyini bildirib:




“MŞ-nın qurultayını, istərsə də qurultaya hazırlıq üzrə təşkilat komitəsinin fəaliyyətini və ümumilikdə qurultayın öz işini təqdir edirəm. Hesab edirəm ki, bu qurultay həm MŞ-nı, həm bütövlükdə Azərbaycan mediasını yaxşı mənada silkələdi. Qurultayın nəticələrinə əsasən, formalaşan İdarə Heyətində təcrübəli imzalarla yeni nəsl nümayəndələrinin dinamikasının bir vəhdəti yarandı. Mən bu vəhdətin Azərbaycan mediasının inkişafına səbəb olacağını gözləyirəm və buna inanıram.

Rəşad Məcidin sədr seçilməsini müdafiə edirəm. Çünki onun namizədliyini irəli sürənlərdən biri də məhz bizim portal idi. Rəşad Məcid təbii ki, təcrübəlidir, Azərbaycan cəmiyyəti tərəfindən qəbul olunan bir addır. Yeni sədr kimi onun fəaliyyətinin daha yaxşı qurulması üçün biz də media nümayəndələri olaraq əlimizdən gələni əsirgəməməli, dəstək verməliyik. Bu istiqamətlərdə qurultayın işindən heç bir narazılığım yoxdur. Amma hər bir təşkilat kimi Mətbuat Şurasının da nizamnaməsi var və həmin nizamnamənin tələbləri bir məqamda pozulub. Nizamnamənin tələbinə görə hazırda jurnalistika fəaliyyəti ilə məşğul olan şəxslər ictimaiyyət nümayəndələri kateqoriyasından İH-ə üzv ola bilməzlər. Təəssüflər olsun ki, belə bir nümayəndə var və mən hesab edirəm ki, həmin nümayəndə ilə bağlı MŞ-nın Nəzarət Təftiş Qurumu və İdarə Heyəti tədbir görməlidir. Bu nizamnamə pozuntusu dərhal aradan qaldırılmalıdır”.


Unikal.az saytının baş redaktoru Zaur Əhməd MŞ-dan və yeni rəhbərlikdən medianın, jurnalistlərin qarşısında deyil, yanında olmalarını gözlədiyini bildirib:





“Hər zaman dəyişikliyin tərəfdarı olmuşam. İstər dövlət, istər qeyri-dövlət qurumlarında rəhbər şəxslərin uzun müddət vəzifədə qalmasını bəyənməmişəm. Konkret Mətbuat Şurasına gəlincə, bu qurumla bağlı zaman-zaman tənqidi fikirlərim olub. Elə keçmiş sədr Əflatun Amaşovla bağlı sərt mövqeyim olub, hətta bu mövqeyim münasibətlərdə soyuqluq da yaradıb. Artıq bütün bunlar arxada qalıb. Son qurultayda İdarə Heyətində dəyişiklik oldu, yeni sədr də seçildi. İdarə Heyətində görmək istədiyim dostların bir qismi düşə bildilər, amma təəssüf ki, bəzi layiqli namizəd dostlar kənarda qaldılar. Hər halda, mənfi və müsbət tərəfləri ilə yeni komanda formalaşdı. Biz MŞ-dan və yeni rəhbərlikdən medianın, jurnalistlərin qarşısında deyil, yanında olmalarını istəyirik. Çünki bu qurum jurnalistlərin özünüidarə təşkilatıdır. Bu qurum əsasən, jurnalistlərın marağını qorumalıdır. Hələlik biz ümid edək ki, istər Rəşad müəllim, istər yenilələnmiş İdarə Heyəti daha çox jurnalistlərin dostu rolunda çıxış edəcəklər. MŞ-dan gözləntimiz odur ki, onun vasitəsi ilə jurnalistika sıxılmasın, əksinə, onun vasitəsi ilə jurnalistikaya əlavə nəfəsliklər açılsın. Pis-yaxşı ölkədə medianın inkişafı üçün müəyyən addımlar atılır. Təbii ki, çatışmazlıqlar var, amma inkişafa, təmizlənməyə yönəlik də addımlar ortadadır. Arzu edirik ki, Mətbuat Şurası da yeni dövrdə yeniliklərlə jurnalistikamızın inkişafı, müstəqillik çevrəsinin daha da genişlənməsi üçün bacardığını edəcək”.

Günaz TV-nin redaktoru Elman Cəfərli hesab edir ki, Mətbuat Şurası Medianın İnkişafı Agentliyinin kölgəsində qalıb. Bu baxımdan da Rəşad Məcid Mətbuat Şurasının sədri postuna layiq olsa da, şuranın əvvəlki şöhrətini geri qaytara bilməyəcək:



“Mətbuat Şurası 15 mart 2003-cü ilin martın 15-də, ölkə jurnalistlərinin I qurultayında yaradılıb. İlk qurultayda mən də iştirak etmişəm. O zaman Azərbaycan mediasında iqtidar-müxalifət qütbləri vardı. Əflatun Amaşovun seçilməsi onun xüsusi özəlliyi ilə bağlı deyildi. Sovet jurnalistikasının yetirməsi olan bu adam sadəcə hər iki düşərgə üçün ortaq fiqur idi. Yadımdadır, adam qurultaya sədrlik belə edə bilmirdi. O zaman dostumuz Azər Həsrətin sözün həqiqi mənasında guruldayan vaxtları idi. Əflatun Amaşov iclası apara bilmirdi, azad medianın müstəqil təmsilçiləri səs-küy salırdılar. Qəfildən sədarətdə olan Azər Həsrət danışmağa başladı, salona sükut çökdü. Yuxarının dəstəyi olsaydı, elə Azər sədr seçiləcəkdi. O gün sədr seçkisi uzandı, zal xeyli boşaldı, gecə saatlarında Amaşov seçildi. Açığı, o heç zaman güclü fiqur olmayıb. Mandatı əlindən alınandan sonra özü də, MŞ da nüfuzunu itirmişdi. Rəşad Məcid təpədən-dırnağa media adamıdır. Daha bacarıqlı, istedadlı, komanda oyununu, konyukturanı bilən insandır. MŞ-nı daha layiqli təmsil edəcək. Amma onun ictimai maraqlardan çıxış edəcəyini gözləmirəm. Bir də ki son vaxtlar mətbuat Medianın İnkişafı Agentliyi vasitəsilə yönləndirilir, MŞ kölgədə qalıb. Belə müqayisə aparaq: elə bilin ki Mətbuat Şurası ”JEK”-dir, MEDİA ASAN Xidmət. Heç kim arayış almağa “JEK”-ə getmir, ASAN-a gedir. Bu üzdən Rəşad Məcid MŞ-ın əvvəlki şöhrətini qaytara bilməyəcək”.



Müstəqil jurnalist Raminə Eyvazqızı yeni heyətdən heç bir gözləntisinin olmadığını deyib:




“Rəşad Məcid əvvəl də var idi, yenə də var. İş görmək, medianı xilas etmək üçün kiminsə gəlib orda hansısa statusla kresloda oturmasının heç bir mənası yoxdur. Məncə, insan heç bir vəzifəsi olmadan da iş görə bilər. Mediaya zamanında elə bir zərbə vurublar ki, çətin ki, bundan sonra nə isə dəyişər.

Məsələn, mən öz problemimdən bəhs edim. Müstəqil jurnalistəm və mənim müstəqil jurnalist olaraq hansı hüququm var? Azərbaycanda müstəqil jurnalistlərin demək olar ki, böyük əksəriyyəti peşəkarlardır. Onun da səbəbi odur ki, biz redaksiya qanunları, çərçivələri ilə çalışa bilmirik. Mən gündəlik problemləri ürəyim istəyən kimi araşdırmaq istəyirəm. Bir də fikrimcə, MEDİA Agentliyi olduğu təqdirdə MŞ-nı ləğv etmək lazım idi. O boyda qurultay keçirib ora kimisə sədr seçməyin heç bir mənası yox idi və bu, məndə gələcəyə dair heç bir ümid yaratmır”.


Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı MŞ-nın işinin bundan sonra formal xarakter daşımayacağına ümid etdiyini deyib:




“Yeni heyətdə çox çalışqan və zəhmətkeş, eyni zamanda yaxşı ideyaları olan yoldaşlar var. Sadəcə olaraq, mühit məsələni həll edir. Biz yeniliklərə hazırıqmı? Bu mühit yetişibmi? Yazdığımız bir cümlə ilə kimlərinsə hədəfinə çevrilə biliriksə və MŞ bizi o hədəfdən yayındıra biləcəksə, bəli, gözləntilərimiz çoxdur. Amma MŞ ictimai bir qurumdur. Sadəcə, müəyyən məsələlərdə vasitəçilik edə bilər. Bu vaxta qədər MŞ hər zaman bu öhdəçiliyini yerinə yetirib. Rəşad Məcid kifayət qədər tanınan bir simadır. Yaxşı cəhəti odur ki, həm media tərəfdən, həm hakimiyyət tərəfindən qəbul olunan simadır. Biz jurnalistlər üçün üstün cəhəti budur. Bu baxımdan düşünürəm ki, Rəşad Məcid müəyyən işlər görə bilər. Əslində bu gün medianın əsas problemləri bəllidir. Reklam bazarı zəifdir, müəyyən insanlar daim öndədir, bəzi dövlət qurumları tərəfindən jurnalistlərə təzyiq var. Bunların qarşısı alınmalıdır”.


Günel
BakuPost


Həmçinin oxuyun:



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər