Ru
13:25 / 23 Sentyabr 2022

"Rusiya rəhbəri sanki bilərəkdən ölkəni uçuruma aparır" - Tofiq Zülfüqarov

1412
İranda 22 yaşlı gənc xanımın baş örtüyünə görə öldürülməsindən sonra ölkənin 83 əyalətində başlayan çxanaşma, Rusiyada səfərbərliyin elan olunması dünyada çox böyük hadisələrin cərəyan etdiyindən xəbər verir. Görünür, İran vətəndaşları artıq molla rejiminə dözmək istəmir, Rusiya da məğlubiyyətini həzm etməyərək yenidən Ukraynaya hücuma hazırlaşır.


Dünya gündəmində baş əsas hadisələri sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Bakupost.az üçün şərh edib.


Sabiq nazir bildirib ki, İranda baş verən hadisələr bu ölkədə yığılıb qalan problemlərin nəinki öz həllini tapmadığını, daha da çoxalmağa başladığını göstərir:


"Hər bir ölkənin öz siyasi gündəmi var. Təbii ki, biz qonşu ölkə olaraq İranda məsələlərin tezliklə həllini tapmasını istəyirik. Orada bir çox problemlər var. Bu problemllərin həlli orada yaşayan İran dövlətinin vətəndaşları üçün önəmlidir. Göründüyü kimi, İran vətəndaşları bir çox məsələlərdən narahatdır. Sosial-iqtisadi vəziyyət, hökumətlə insanlar arasında olan ziddiyətlər, ideoloji məsələlərlə bağlı narazılıqlar mövcuddur. Yəni, ideoloji konsepsiya deyilən bir ideologiyanı insanlar qəbul etmir. Müxtəlif ölkələrdə belə böhranlar ortaya çıxa bilir. İrandakı böhran bir növ məsələlərin bu və ya digər şəkildə həllini tapması üçün təkandır".


T.Zülfüqarov Rusiyada səfərbərliyin elan olunması, nüvə silahı təhdidi məsələsinə də diqqət çəkib.


"Biz görürük ki, Rusiyada artıq siyasi böhran kəskinləşib. Siyasi böhranın əsas səbəbi Rusiya rəhbərliyinin Ukraynaya qarşı apardığı müharibə və səfərbərliyin elan olunmasıdır. Bununla yanaşı, sanksiyalar nəticəsində üzə çıxan iqtisadi və siyasi problemlər də mövcuddur. Rusiyanın problemləri nüvə silahı ilə həll edəcəyini düşünmək absurddur. Hətta Ukrayna məğlub olsa belə, bu, Rusiyada olan problemlərin həll olunacağı anlamına gəlmir. Sanksiyalar yerində qalacaq, insan itkilərinin təsiri, acısı cəmiyyətdə hökumətə qarşı ciddi cəbhə yaradacaq. Bu baxımdan nüvə silahının istifadəsi heç bir məsələni həll edən deyil. Təəssüflər olsun ki, axır vaxtlar Rusiya rəhbərliyi və ona yaxın siyasi elita çox ciddi səhvlərə yol verir. Hətta belə təəssürat yaranır ki, bu siyasi xətt qəsdən həyata keçirilir və bilərəkdən Rusiya dövləti uçuruma aparılır. Nüvə silahı təhdidi, yaxud səfərbərliyin elan olunması Rusiyada siyasi böhranın nə qədər dərin olduğunu göstərir. Əgər Rusiyada siyasi elita dəyişməsə, ölkədəki real problemləri həll etmək mümkün olmayacaq".


Fəridə
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər