Ru
13:45 / 28 Sentyabr 2022

Rusiyadan Bakıya axın ciddi problemlər yarada bilər - Ekspert

4674
Məlum olduğu kimi, Rusiyada qismən səfərbərlik elan olunduqdan sonra bu ölkənin vətəndaşlarının bir qismi Azərbaycana üz tutub.

Təxmini hesablamalara görə, Rusiyada 2 milyondan artıq azərbaycanlı yaşayır. Onların bir qismi Rusiya vətəndaşıdır. Nəzərə alsaq ki, 18 yaşından 60 yaşa qədər ehtiyatda olan hərbçilərin, hərbi mükəlləfiyyəti olanların çağırışı elan edilib, bu, həm də Rusiya vətəndaşı olan azərbaycanlıları əhatə edir. Mövcud vəziyyət orada yaşayan azərbaycanlıların, eləcə də digər millətlərdən olan şəxslərin Azərbaycana gəlməsinə səbəb olmaqdadır. Bu axının isə ölkədə mənfi sosial-iqtisadi nəticələr doğuracağı proqnozlaşdırılır.


Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamasında bildirib ki, Azərbaycan MDB ölkərinə nisbətən Rusiya vətəndaşlarını ən az rus qəbul edən ölkədir.



İqtisadçı bildirib ki, bizim quru sərhədlər bağlı olduğundan onlar ancaq hava nəqliyyatı vasitəsilə Azərbaycana daxil ola bilirlər:



"Gələnlərin sayı hələlik kritik həddi aşmayıb. Son 10 gündə Gürcüstana artıq 100 min, Qazaxıstana 107 min, Türkiyəyə isə təxminən 150 minə yaxın Rusiya vətəndaşının gəldiyi deyilir. Hətta 66 min vətəndaşın Avropa Birliyi ölkələrinə keçdiyi də bildirilir. Bu rəqəmlərlə müqayisədə Azərbaycana gələnlərin sayı o qədərdə çox deyil. Amma bu o demək deyil ki, bu say artmayacaq".


Ekspert bildirib ki, bu axının ilk fəsadları kimi Azərbaycanda kirayə mənzil və daşınmaz əmlak bazarında qiymətlərin yüksəlməsi özünü çox tez biruzə verə bilər:


"Bəzi məlumatlara görə, hazırda bu, baş verir. Digər tərəfdən, əgər axın həddindən artıq çox olacaqsa, eyni zamanda Rusiyanın gələcəyilə bağlı proqnozlar özünü doğrultsa, o zaman soydaşlarımızın və digər Rusiya vətəndaşlarının daha kütləvi axını ilə qarşı-qarşıya qala bilərik. Azərbaycana 10 min-100 min arası insan gələ bilər. Lakin Azərbaycanın indiki infrastrukturu buna hazır deyil. Ölkəmiz nə iş yerləri, nə sosial problemlərin həlli, nə də mənzil bazarı baxımından buna hazırdır. İş yerlərilə bağlı problem varkən, yeni axın bu məsələni daha da aktuallaşdıra bilər. Həmçinin sosial gərginlik arta bilər ki, bu da kifayət qədər ciddi fəsadlar deməkdir. Ona görə də bu məsələni daim diqqətdə saxlamaq, infrastruktur və sosial-iqtisadi baxımdan hazırlıq görmək lazımdır. Çünki həddindən artıq qarışıq, böyük müharibələrin qızışdığı bir dünyada Azərbaycanda sabitlik olduğu üçün axın etmək istəyən insanların sayı arta bilər. Amma Azərbaycan buna hazır deyil. Onsuzda Bakı və Abşeron çox yüklənib".





N.Cəfərli qeyd edib ki, daha uzun və orta müddətli planların elan olunmasına ehtiyac var:

"Rusiyada yaşayan soydaşlarımızın böyük əksəriyyəti işğaldan azad olunmuş torpaqlardandır. Qonşu ölkədəki iş adamlarını, əlində vəsaiti olan insanları işğaldan azad olunmuş rayonlarda məskunlaşdırmaq üçün dövlət proqramına ehtiyac var. Onlar investisiya qoya, iş yerləri aça və həmin bölgələrdə canlanmaya səbəb ola bilərlər. Yəni, biz bunu Bakı və Abşeronla məhdudlaşdırsaq, gələcəkdə baş verəcək ciddi problemlərin qarşısını ala bilmərik. Bakı insan sayına görə artıq yaşanılmaz hala gəlib. Bu sayın getdikcə daha çox artması çox böyük sosial infrastruktur problemlərinin yaranmasına səbəb olacaq".


Fərid
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər