2024-cü il yanvarın 1-dən oktyabrın 1-dək Ukrayna Müdafiə Qüvvələri rus ordusunun 10373 artilleriya sistemini məhv edib.
Bakupost.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
“Təcavüzkar ölkənin ordusu üçün “ən qara gün” sentyabrın 22-i olub. Həmin gün Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, ukraynalı müdafiəçilər düşmənin 81 artilleriya sistemini məhv ediblər”, - məlumatda deyilir.
Qeyd olunur ki, 1-ci artilleriya diviziyasında 18 artilleriya lüləsi, artilleriya briqadasında 72 artilleriya qurğusu var. Beləliklə, bu ilin 9 ayı ərzində Ukrayna Müdafiə Qüvvələri düşmənin 144-ə yaxın artilleriya briqadasını məhv edib.
Məhv edilən Rusiya texnikasının dəyəri ən azı 8 milyard ABŞ dollarıdır. Bu, açıq mənbələrdən alınan məlumatlara və dünya bazarında silah və hərbi texnikanın orta qiymətlərinə əsaslanan təxmini rəqəmdir.
Zaur, BakuPost