Ru
17:20 / 23 Yanvar 2023

“Şagirdi döyən müəllimə ilə profilaktik söhbət yetərli deyil" - Deputat

1774
“Bu günlərdə Bakıda 59 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsinin VI sinif şagirdlərinə qarşı zor tətbiq etməsi məktəblərimizdə müəllim-şagird münasibətlərinin ürəkaçan vəziyyətdə olmadığını bir daha göstərdi.​ Ola bilsin, şagirdlər müəlliməni əsəbiləşdiriblər. Ancaq heç bir halda müəllim öz adına yaraşmayan davranışa yol verməməli idi. Çünki o, öyrədən və tərbiyə verəndir. Öyrətmək və tərbiyə vermək müəllimin bilavasitə vəzifəsidir”.



Bu fikirləri Bakupost.az -a açıqlamasında Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov deyib.

O bildirib ki, rəsmi açıqlamalarda həmişəki qaydada müəllim, şagird və valideynlərlə danışıq aparıldığı qeyd olunur:

"Bu yetərlidirmi? Hesab edirəm ki, yox. Nə etməliyik?. Məktəblərimizdə baş verən belə hallarla bağlı həyəcan təbili çalmağın vaxtı çoxdan çatıb. ​Nə etməliyik? Hesab edirəm ki, məktəblərdə direktor, valideyn və şagirdlərin iştirakı ilə ciddi tədbirlər həyata keçirməliyik. Həm profilaktik söhbətlər aparılmalı, həm də maarifləndirmə tədbirləri həyata keçirilməlidir. Eyni zamanda məktəb-valideyn əməkdaşlığı ən yüksək səviyyədə olmalıdır. Müəllimlərə belə məsələlərdə diqqətli olmaqla bağlı ciddi tapşırıqlar verilməli, qaydaları pozan müəllimlər ciddi cəzalandırılmalıdır. Təcrübəsiz, direktorluğa layiq olmayan insanlar məktəblərə rəhbər təyin edilməməlidir. Eyni zamanda, müəllimin nüfuzunun qorunması üçün ciddi çalışmalı, onları alçalda və şagirdlərin gözündən sala biləcək açıqlama və bəyanatlara son qoymalıyıq. Bununla yanaşı sözügedən məsələnin psixoloji və sosioloji səbəblərinin araşdırılması istiqamətində tədbirlərə başlamalıyıq”.

Millət vəkili müəllimləri şagirdlərlə rəftarda zor tətbiqindən uzaq olmağa çağırıb:

“Unutmayın ki, müasir dövrün şagirdləri ilə daha çox dostluq etmək lazımdır. Onlara zor tətbiq etmək əks nəticə verəcək. Buna əməl etmədikcə belə insidentlərin sayı daha çox olacaq. Bu bir reallıqdır ki, Z və Alfa nəsli fərqli nəsillərdir. Qarşıdan isə hələ Beta nəsli gəlir”.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər