Ru
17:45 / 08 Fevral 2022

Şahbaz Xuduoğlu yaradıcı insanları bir araya toplayır: görüş olacaq

7577
"Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu yaradıcı nəsilə müraciət edib.

Bakupost.az xəbər verir ki, naşir müraciətində onlarla bir araya gəlib, görüşmək istədiyini bildirib:


“Bu müraciətim 70-ci illərdən sonrakı yaradıcı nəsilə ünvanlanıb.

Əziz yaradıcı dostlar!

Bu həftənin şənbə günü yaradıcı insanlarla görüşmək istəyirəm. Məqsəd, nəşriyyatı öz imkanlarımızla tanış etmək, eləcə də onları dinləmək, fikir mübadiləsi aparmaq, yeni yaradıcı gəncliyə yardım etməkdir.

“Sevdiyim 50 hekayə” layihəsi ilə bağlı yerli yazarlarımızın əsərlərini oxuyuram. Xeyli yeni imza ilə tanış oldum.

70-ci illər nəsli pis-yaxşı üzə çıxa biliblər. Yəni, kitabları nəşr olunub, mətbuatda daim çıxış edirlər, yaradıcı təsir gücü yaradıblar, müəyyən bir mühit də formalaşdıra biliblər. Cəmiyyət artıq onları tanıyır. 80-ci il və sonrakı nəsillər daha pərakəndə görünür; kitabları azdır, 70-lərə nisbətən daha passivdirlər.

Amma “Sevdiyim 50 hekayə”də üzə çıxa bilən, iddia qoyan az imza rastıma çıxdı.

İllər öncə kitab blogerlərini görüşə dəvət etdim, hələ də o xoş təəssürat yaddaşımdadır. Kitab mühitində hadisə oldu. İnanıram, yaradıcı ortamın bir araya gəlməsinin kitab işinə, sizin yaradıcılığınıza çox böyük töhfəsi olacaqdır.

Bir kitabın ərsəyə gəlməsi üçün əsas onu yazandır, sonra onu tərtib edən, daha sonra isə növbə naşir və kitabçılara gəlir.
Nəzərdə tutduğum görüşdə şair, yazıçı, tərcüməçi, rəssam və mətn üzərində çalışan bütün heyəti görmək istəyirəm.

Naşir kimi yeni yaradıcı mühitin formalaşmasında hansı rolu oynaya bilərəm, yaradıcı gəncliyə necə dəstək ola bilərəm? Bu suala cavab tapmaq üçün sizlərlə görüşmək istəyirəm.

Bu həftənin şənbə günü vaxt ayırın, nəşriyyata gəlin. Həm bizim imkanlarla tanış olun, həm də fikir mübadiləsi aparaq. Qarşılıqlı imkanlarımızı dəyərləndirək. Gözləntilərinizi dilə gətirin.

Uzaqda qalmaqla bir-birimizə dəstək ola bilmərik. Gücümüzü bir edək. Yazaq, nəşr edək, təbliğ edək, daha geniş çevrələrə xitab edək.
Yaradıcı əməkdaşlıq üçün o an gəlib.

Şənbə günü, fevralın 12-də, saat 14:00-da Qanun nəşriyyatında yolunuzu gözləyirəm.

Hörmətlə,
Şahbaz XUDUOĞLU".

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər