Xəbər verdiyimiz kimi, "Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu Fransanın ən nüfuzlu mükafatlarından olan “İncəsənət və Ədəbiyyat” ordeninin “Cəngavər” dərəcəsi ilə təltif edilib.
Bakupost.az xəbər verir ki, medalın təqdimetmə mərasimi dünən Fransa səfirliyində keçirilib. Tədbirdə yazıçılar, ictimaiyyət nümayəndələri, tərcüməçilər iştirak edib.
Mükafatı Fransanın Mədəniyyət naziri adından bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qros təqdim edib.
Qeyd edək ki, orden Ş. Xuduoğlunun ədəbiyyat sahəsində Fransa-Azərbaycan əlaqələrinin inkişafı, kitabların və əsərlərin nəşrindəki fəaliyyəti, Azərbaycan qanunun aliliyinin möhkəmləndirilməsinə kömək üçün əsasən Avropa (və xüsusən də fransız) hüquqi mətnlərini tanıtmaq səyləri nəzərə alınaraq təqdim edilib.