Ru
11:29 / 16 Sentyabr 2022

Şəhid qardaşının təkzib videosuna SƏRT REAKSİYALAR – “Ləyaqətsizlikdir”

25648
Xəbər verdiyimiz kimi, Ermənistanın təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov “Komando”ya qəbul edilmək üçün qardaşından 6 min manat rüşvət tələb olunduğu deyib.


Ötən gün isə şəhid qardaşı videomüraciət yayaraq, sözügedən 6 min manatın vəzifə dəyişikliyinə aidiyyətinin olmadığını bildirib:


"Sosial şəbəkələrdə yayılmış, Səbuhinin verdiyi 6 min manat məsələsinə toxunmaq istəyərdim. Bu məsələni araşdırdım, aydınlaşdırdım ki, bunun vəzifə dəyişikliyinə heç bir aidiyyəti yoxdur. Ailədaxili məsələlərə görə xərclənib. Diqqətinizə görə çox sağ olun. Amma bu məsələni qaldırıb, ailəmizi də, qardaşımın ruhunu da incitməyək".





Qeyd edək ki, daha öncə məsələ ilə bağlı həm Müdafiə Nazirliyi, həm də Baş Prokurorluq tərəfindən araşdırma aparıldığı bildirilmişdi. Bundan başqa, Sənan Əhmədov ötən gün Müdafiə Nazirliyinə dəvət olunmuşdu.


Sosial şəbəklərdə sözügedən videonun da məhz elə Müdafiə Nazirliyində lentə alındığı iddia olunur.




Bu hadisə cəmiyyətdə ciddi narazılığa səbəb olub. Sosial şəbəkə istifadəçiləri Sənan Əhmədovun öncə söylədiyi fikirləri, yəni rüşvət iddiasını təzyiq altında təkzib etdiyi bildirlir. Məsələyə ictimaiyyət nümayəndələri və bir çox tanınmışlardan sərt reaksiya gəlib.



Bakupost.az mövzu ilə bağlı sosial şəbəkədə yayılan həmin paylaşımları təqdim edir:


Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə:



"Araşdırdınız, qənaətə gəldiniz ki, rüşvət alan olmayıb?
Olsun. Hətta bunu belə qəbul edirəm. Bilə-bilə ki, mütləq olub.
Bəs nədən nəşi soyumamış ŞƏHİDİN qardaşını çıxardıb təkzib etdirirsiniz?
Araşdırmanıza güvənirsinizsə, təhqiqat aparan orqan çıxsın elan etsin ki, belə hal qeydə alınmayıb. Bilirsiniz ki, kimsə inanmayacaq... Sadəcə rəzalət, həm də çox böyük...”.


Hüquqşünas Ələsgər Məmmədli:




“Şəhid qardaşına diqtə ilə yazdırıb üzündən də səhv oxutduqları üzr videosu əslində rüşvətin, korrupsiyanın hansısa bir vəzifəli şəxsin münfərid əməli yox, idarəetmə sisteminin təməl sütunu olduğunun etiraf videosudur. Qanı belə qurumayan şəhidin üzərində bu alçaqlığın edilməsi isə hiddət və nifrəti körükləyir. Ləyaqətsizlikdir!”.

"Hədəf" Liseyinin qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq:




“Bu araşdırma aparanların vicdanı yoxdur, bildik, heç qabiliyyətləri, savadları da yoxdur. O üzr videosu məhz dövləti gözdən salmaq üçün çəkdirilib. Ən məntiqsiz adam bu mərhələdə bu videonu çəkdirməzdi.
Deyirsən, kimsəsiz şəhid qardaşı. Onsuz da kimsəsi olsa idi belə boynubükük olmazdı.
Bu çəkilişə əmr verəni beləcə dörd divar arasına salıb, veytnamka ilə videosunu çəkdirmək lazımdır!
Atdığınız bu addım nə dövlətçiliyə, nə də hökumətə hörmət gətirmir! Məhz sizin kimilər xalqla dövlət arasına sərhəd çəkməklə məşğuldur!”.


Jurnalist Nüşabə Hüseynli:




“Üzr videoları ciddiliyini itirib, daha təbəssümlə qarşılanır, səmimiyyətinə də çoxdan heç kim inanmır. Daha kreativ, tutarlı, təsirli, vahimə doğuran üsullar düşünmək lazımdır.
Şəhid ailəsi olduğunu bir kənara qoyuram, vətəndaşını sındırıb bunu nümayiş etdirmək çox çirkin hərəkətdir və heç kimə başucalığı gətirmir. Və biləsiniz ki, bununla özünüzü çox pis yandırdınız...”


Aparıcı, aktyor İlkin Həsənli:




“Şimalda ruslar, cənubda farslar, qərbdə ermənilər, içimizdə isə atasız anasız böyümüş şəhid qardaşına üzr videosu çəkdirən düşmənlərimiz var! Həssas dönəmdə hansı beyinə sahib olmalısan ki, belə bir əməl edəsən?! Utandım yerinizə!”.


Jurnalist Xalid Kazımlı:



Rüşvət eyhamı olan səs yazısına görə iki adam tutulmadımı? Eyni şey baş veribsə, yenə kimlərsə içəri getməlidir. Ayrı-seçkilik etmək düzgün olmaz. Birinci halda canlı efirdə verilən təkzibə məhəl qoyan olmadısa, ikincidə niyə olmalıdır?


Jurnalist Azər Rəşidoğlu:



“Komando Rusiyanın təsir agentlərindən təmizlənmiş, NATO və Türkiyənin nüfuz etdiyi qrup kimi tanınırdı. “Üzr videosu” ilə əslində oyunu Rusiyanın agenturası oynadı. Məsələ şişdi. Komando-da rüşvət qalmaqalına ilk reaksiyalar zəif idi, amma üzr videosu zəlzələ effekti yaratdı…

Bunu edənlərin kimliyi araşdırılmalıdır. Eynulla bu oyunda sıradan biridir, heç fiqur belə deyil. İkinci sual odur ki, döyüşlərin getdiyi bir vaxtda “üzr videosu”nu kim yaydı və məqsədi nə idi?

P.S. 6 min söhbətinə inanıram, düşünürəm ki, bunu edənlər də elə həmin təsir agentləri olub və Komando-ya sızıblar. Onlar tapılmalı və cəzalandırılmalıdrlar. Səbuhinin qardaşını üzr istəməyə vadar edənləri də ciddi cəzalandırmaq lazımdır…”


Aparıcı Rahil Səyyadoğlu:



“Bu siyasi sistemin Şəhid qardaşına üzr videosu çəkdirəcək qədər alçalması təəccüblü deyil, ağır olan qardaşın bu işə qol qoyması, razı olmasıdır. Axı sənin qardaşın güllədən, ölümdən qorxmayıb, sən nədən çəkinirsən? Səni necə qorxuda bildilər və ya, bəlkə sözlərini satın aldılar?! Ağır mənzərədir, "hər şeyin qiyməti var" deyə düşündükləri və əmin davrandıqları üçün heç bir müqəddəs dəyəri olamayan sistem 30 ildir ayaqda qala bilir - həm də buna görə, yəni...”

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova:


"Şəhid qardaşını tələm-tələsik təkzib videosunda çəkmək böyük, hətta çox böyük səhv oldu. Bir çox önəmli təməllərə yönəlik kocaman yanlış: Dövlət, dövlətçilik, ədalət, qanunun aliliyi...Videoda tək bir haqqlı var idi. Şəhidin qardaşı".

Elnur
BakuPost

Şərhlər
  • t.ədalət

    Üzr videosu ilə Müdafiə nazirliyi özünü və nüfuzunu qara qəpiklik elədi.Bizim də qohum-əqrəba əsgərlikdə olub.Komandirlərin haqqı çatmayanda uşaqların qarnına dirsəkləri ilə zərbələr endirir,ağır xəstə olsalar belə pulsuz müalicəyə göndərmirdilər.Kimi aldadırıq?Xalq hər şeyi bilir.Sadəcə,vətənin ağır günü olduğuna görə susurlar.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər