Ru
12:03 / 21 Yanvar 2022

Şiddət sevən müəllimlər - Fiziki cəza tərbiyə üsuludurmu? - Açıqlama

2397
Təhsil müəssisələrində şagirdlərə şiddət göstərilməsilə bağlı bir-birinin ardınca üzə çıxan faktlar ciddi müzakirələrə səbəb olub.

Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin müəlliminin şagirdə şiddət göstərməsi, Bakı şəhərində fəaliyyət göstərən 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın şagirdlərə əl qaldırması, bir neçə gün əvvəl isə İsmayıllıdakı 1 saylı uşaq bağçasında tərbiyəçinin azyaşlını vurması görüntüləri heç də birmənalı qarşılanmayıb. Əksəriyyət tərbiyəçiləri, müəllimləri qınasa da, bəzən fiziki cəzanın müsbət təsir göstərdiyini bildirənlər də var. Bu qisim adamlar hesab edir ki, fiziki cəza həmişə olub və bunsuz bəzi çətin şagirdləri tərbiyələndirmək mümkün deyil.

Məsələ ilə bağlı Bakupost.az -a danışan millət-vəkili Ceyhun Məmmədov bildirib ki, indiki vaxtda məktəbdə yaxud bağçada şagirdlərə, uşaqlara münasibətdə şiddətin göstərilməsi, təhsilə, cəmiyyətə heç bir effekt vermir, əksinə, münasibətlərin kəskinləşməsinə gətirib çıxarır:


“İstər məktəblərdə, istərsə də uşaq bağçalarında münasibətlərin dostluq, mehribanlıq müstəvisində qurulmasına çalışmaq lazımdır. Bəli, müxtəlif nəzəriyyələr var ki, fiziki cəza ilə nəyəsə nail olmaq olar. Amma müasir dövrdə bu əks effekt verəcək, şagirddə müəllimə qarşı bir nifrət hissi yaradacaq. Əgər problem varsa, məktəb direktoru, müəllim və valideyn məsələni müzakirə edib, aydınlaşdıra bilərlər. Bu gün ən vacib məsələ kommunikasiyadır. Xüsusilə məktəb və valideynlər arasında əlaqələrin normal şəkildə olması böyük önəm daşıyır. Digər bir mühüm məsələ isə valideynlər övladlarına başa salmalıdırlar ki, onlar məktəbdə müəllimlərinə hörmət etməlidir. Burada ən çox önəm daşıyan məsələlərdən biri valideyn tərbiyəsi və tövsiyəsidir. Eyni zamanda məktəblərdə müəyyən vaxtlarda valideyn iclaslarının keçirilməsi, məktəb valideyn əməkdaşlığını daha möhkəm təməl üzərində qurulması üçün çox vacibdir”.

Təhsil eksperti Məzahir Məmmədli məsələni belə şərh edib:



“Bu məsələ həqiqətən çox aktualdır. Həm sosial mediada, həm də mətbuatda bununla bağlı çoxlu müzakirələr aparılıb. Birincisi təəssüf doğuran hal odur ki, bu gün müəllimlər müzakirə obyektinə çevriliblər. Kütləvi olmasa da, bu hal artıq var. Birmənalı deməliyik ki, şiddət yolverilməzdir. Xüsusilə bağçada olan şiddət ümumiyyətlə dözülməzdir. Körpələrin bağçada formalaşan bir dövrüdür, ona görə də bağçadan başlayan şiddət daha ağırdır. Çox təəssüf orta məktəblərdə də bu hallar baş verib. Amma 9 saylı məktəbdə baş verən məsələ ilə bağlı direktor özü etiraf etdi ki, bu bir ana tənbehi idi. Müəyyən qədər onu başa düşmək olar”.

Ekspert qeyd edib ki, uşaq bağçasındakı şiddətlə bağlı məsələni ümumiyyətlə, qəbul etmək olmaz:

“Nəzərə alsaq ki, ətrafda bunu görən digər körpələr də sarsıla bilərlər. Ümumilikdə isə bu müzakirələr müəllimin nüfuzunu aşağı salır. Yaxşı olar ki, bu kimi hallar bir dar çərçivədə müzakirə olunsun və sosial şəbəkələrdə geniş vüsət almasın. Düşünürəm ki, bu kimi məsələləri məktəb kollektivində, yaxud Təhsil Nazirliyi səviyyəsində müzakirə edib həll etmək olar. Bildiyiniz kimi, bu məsələnin televiziyalarda da geniş müzakirəsi hələ də davam edir. Təəssüflər olsun ki, orada da yanaşmalar, münasibətlər birmənalı deyil. Bu halın özü göstərir ki, cəmiyyətin bir qismi bu məsələyə müəyyən qədər haqq qazandırsa da, əksəriyyət isə bütün hallarda bunu şiddət və aqressiya hesab edir. Mən bir fərd olaraq müəyyən tənbehləri bir qəbul edirəm. Lakin həmin məsələləri məktəb, müəllim, valideyn səviyyəsində müzakirəyə çıxarmaqla, həll etmək lazımdır”.

Fəridə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər