Ru
14:40 / 23 Sentyabr 2022

Siz əlasız, əlanı da seçəcəksiz - Mətbuat Şurasının qurultayına

1537

Tanınmış jurnalist, Jurnalist Ekspert Mərkəzinin rəhbəri Ceyhun Musaoğlu Mətbuat Şurası İdarə Heyətinə namizədliyini irəli sürüb.


Bakupost.az xəbər verir ki, C. Musaoğlu onu dəstəkləyən hər kəsə təşəkkür edib:


"Siz əlasiz, əlani da seçəcəksiniz! – Mətbuat Şurası İdarə Heyətinə namizədliyimi yüksək səslə dəstəkləyən DƏYƏRLİ həmkarlarıma sonsuz təşəkkür mətni


Əziz həmkarlar, Mətbuat Şurası İdarə Heyətinə namizədliyimin qeydə alınması üçün verdiyiniz dəstək, göstərdiyiniz münasibət, bəslədiyiniz hörmət sonsuz təşəkkürə layiqdir. Həmişə deyirəm, nöqtə boyda diqqətin dağ boyda qarşılığı olmalıdır. Sizə həmişə borclu olduğumu unutmayacam, gözəlim Azərbaycanın mərd, kübar, peşəsinin heyranı olan həmkarlarım.


Azərbaycan jurnalistkasında imza qoyduğum illərin sayı 25 olub. 25 ildir çiyin-çiyinəyik, nələr yaşamadıq, nələr yaşatmadıq. Birimiz ağrıyanda minimiz kədərləndik, birimiz sevinəndə minimiz fərəhləndik. Bizim jurnalistika bütün peşələrdən daha həmrəy olmağı ilə seçilir. Siz imzama göstərdiyiniz hörmətlə bu həqiqətin nidasını qoydunuz.


Dağ boyda cavab mərhələsi məndə qaldı. 24 sentyabrda tarixi gün yaşayacağıq. Mətbuat Şurasının VIII qurultayıdır. Bütün qurultaylarda dəyişiklik arzuladıq, səy göstərdik, bir araya gəldiyimiz Şuranın inkişafında həmişə maraqlı olduq. O maraq bu gün də aktuallığını qoruyur. Dövrün tələbinə uyğun, obrazlı desək, Şuşalı Azərbaycanın bütün sahələrində yenilik qaçılmazdır.


Mətbuat Şurasının İdarə Heyətinə İctimaiyyət nümayəndəsinin təmsilçisi kimi – Jurnalist Ekspert Mərkəzi olaraq sevgi dolu üzv olmaq iddiam var. Haqqım var, demərəm. O haqqı seçən seçiləndən daha dəqiq bilir. İnsan seçilməyi ilə deyil, seçməyi ilə seçilir. Ancaq sevgim var – bütün insanlara, insanlığa, xüsusən də jurnalistlərə, jurnalistikaya. Bu münasibətimi İdarə Heyətində təmsil olunmaqla həm də hüquqi cəhətdən gerçəyə, nəticəyə çevirə bilərəm.

Mətbuat Şurası jurnalistlərin daha geniş birləşə biləcəyi ictimai qurum olduğuna görə, sağlam mühitin formalaşmasında böyük işlər görə bilər. Mən də o işlərin ən ağırını, ən çoxunu təmənnasız və istisnasız həyata keçirməyə hazıram – həm bacarığım, həm enerjim, həm də sevgimlə.


Kiçik fəaliyyət konsepsiyam da var. Geniş konsepsyamı isə seçkidən dərhal sonra hazırlayıb diqqətinizə çatdıracam. Hələlik ilk görəcəyim işlərin bir qismini sadalayım.


Əgər Mətbuat Şurası İdarə Heyətinə üzv seçilsəm:


1. Mətbuat Şurasının səlahiyyətlərinin artırılmasına çalışacam;
2. Mərhum Jurnalistlərin Ailələrinə Dəstək Fondu yaradılması təklifi ilə çıxış edəcəm;
3. Azərbaycan Jurnalistlərinin Birləşmiş Həmkarlar Komitəsinin yaradılmasına səy göstərəcəm – (Bu konteksdə jurnalistlərin sosial rifahının yaxşılaşdırılması istiqiamətində dövlətin gördüyü işlərə xeyli dərəcədə təkan vermiş olarıq).
4. Mətbuat Şurasında həftədə iki dəfə ödənişsiz əsaslarla tələbə jurnalistlərə praktiki ustad dərslərinin təşkili təşəbbüsünü irəli sürəcəm. Bu təlimləri mətbuatda illərdir təmiz imza saxlamağı bacaran peşəkar jurnalistlər aparacaqlar, onlara qonorarların da ödənilməsinə çalışacam ( Bu prosesə biznes şirkətlərini qoşmaq mümkündür).
5. Hər bir jurnalistin doğum günündə Mətbuat Şurası tərəfindən xüsusi diqqətə layiq görülməsinə çalışacam.
6. Mətbuat Şurasının tərkibinin məhz sağlam əqidəli, peşəkar meyarları heç nəyə qurban verməyəm media orqanlar ilə genişlənməsini əsas götürəcəm.
7. Mətbuat Şurası İdarə Heyətinin vahid müxanizm kimi çalışmasına xidmət edən addımları dəstəkləyəcəm, merkantil maraqlara zərrə də yol verilməyəcəm;
8. İdarə Heyətinin bütün üzvlərini özümdən öndə görəcəm, seçilmiş 23 nəfərin hər birinə daimi hörmət, böyük izzətlə yanaşcam, onların dəyərli fikirlərinin şaxalənməsini və təcrübü tətbiqini əsas meyar kimi dəyərləndirəcəm.


SİZ ƏLASIZ, ƏLANI DA SEÇƏCƏKSİNİZ!"

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər