Ru
12:12 / 15 Noyabr 2022

“Superfon”dan superfırıldaq – Əməkdar jurnalist məhkəməyə müraciət edəcək - FOTO

7628
Tanınmış jurnalist “Superfon” mağazalar şəbəkəsi tərəfindən aldadıldığını deyir.

Əməkdar jurnalist Mahir Məmmədli Bakupost.az -a bildirib ki, bu mağazalar şəbəkəsindən onlayn yolla almaq istədiyi məhsul onun üçün problemə çevrilib.



Belə ki, M. Məmmədli noyabrın 3-də “Superfon” mağazalar şəbəkəsinin saytında şarj avadanlığı görüb və 49 manata onu almaq qərarına gəlib: “Dərhal elə saytdan bank kartı ilə ödəniş etdim və məhsulun çatdırılmasını gözləməyə başladım. Lakin təxminən 1 saat sonra şirkətdən mənə zəng etdilər və dedilər ki, həmin məhsul anbarda qalmayıb, lakin onu saytdan çıxartmaq yaddan çıxıb. Söz verdilər ki, 3 gün ərzində ödədiyim vəsait kartına geri qaytarılacaq. Artıq 12 gün keçib və hələ də ödənişim geri qaytarılmayıb”.





M. Məmmədli düşünür ki, “Superfon” mağazalar şəbəkəsi istehlakçıları aldatmaqla məşğuldur. Belə ki, anbarda bitən məhsullar saytdan silinmir və alıcılar onlayn qaydada əslində mövcud olmayan mala görə pul ödəməli olurlar: “Məsələn, mən kartımda qalan 70 manatın 49 manatını ödədim ki, sıradan çıxmış adapterin əvəzinə yenisini alım. Nəticədə adapteri əldə edə bilmədim, pulum da qaytarılmadığına görə başqa mağazadan yenisini əldə etməyim mümkün olmadı”.


Məsələ ilə vağlı “Superfon” mağazalar şəbəkəsi ilə əlaqə saxladıq. Mağazadan Bakupost.az -a bildirildi ki, yaranmış problem bankla əlaqəlidir:

“Adətən belə hallarda 3-5 iş günü ərzində qaytarılan məhsulun pulu kart balansına oturur. Arada bayram günləri olduğu üçün ola bilsin ki, buna görə gecikmə olub. Bizim tərəfimizdən ödəniş olunub. Yenə də problemi araşdıracağıq”, - deyə vurğulanıb.


Qeyd edək ki, əməkdar jurnalist başına gələnlərlə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət edib və “Superfon” mağazalar şəbəkəsini məhkəməyə vermək niyyətindədir.


Elnur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər