27 sentyabr - Anım günü ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş Şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə şəhid məzarları ziyarət olunub.
Bakupost.az xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Milli Məclisin deputatları, RİHB-nin müavinləri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, rayon ictimaiyyəti iştirak ediblər.
Səhər saatlarından başlayaraq Əmircan, Bülbülə, Yeni Suraxanı, Hövsan, Zığ, Binə, Qala və Bakıxanov qəsəbələrindəki Şəhidlər Xiyabanlarında şəhidlərin məzarları ziyarət edilib, ruhlarına dualar oxunub.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev şəhidlərimizin doğmalarına dərin hüznlə başsağlığı verərək bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi uğrunda aparılan döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi, misilsiz şücaət və rəşadət göstərib.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş və bu müqəddəs yolda canlarını fəda etmiş əsgər və zabitlərimizin intiqamı döyüş meydanında alındı. Artıq Azərbaycanın ərazi bütövlüyünün tam təmin olduğunu qeyd edən RİH başçısı işğaldan azad olunan rayon və kəndlərimizdə surətli şəkildə bərpa-quruculuq işlərinin aparıldığını və soydaşlarımızın böyük sevinclə öz yurdlarına döndüyünü vurğulayıb. O, qeyd edib ki, Vətən yolunda canlarını qurban vermiş şəhidlərimizin qəhrəmanlığı gənclərimiz üçün örnəkdir.