Ru
10:51 / 10 Yanvar 2022

“Şuşa ili”ndən nələr gözləyirik? - Millət vəkilləri

2193
“2022-ci ili "Şuşa ili" elan edilməsini hər kəs böyük sevinclə qarşıladı. Çünki, Şuşa Azərbaycan mədəniyyətinin özü, hər bir Azərbaycanlının 30 illik həsrəti idi”.

Bu sözləri millət vəkili Elman Məmmədov Bakupost.az -a Şuşa ilinin önəmindən danışarkən deyib:

“ Bu il Pənahəli xan tərəfindən Şuşa şəhərinin bünövrəsinin qoyulmasının 270 illiyi qeyd olunacaq. Bu qərar Şuşa şəhərinin bərpasını daha da sürətləndirəcək və bu il Şuşaya qayıdış ili olacaq. Şuşa ilinin əhəmiyyətindən danışarkən əsas məqamı vurğulamaq istəyirəm ki, Ulu Öndər Heydər Əliyevin şuşalılarla görüşü zamanı Şuşa ilə bağlı fikirləri var. Orada belə bir fikir səslənirdi ki, Şuşanı sıradan yaşayış yeri kimi biz onu qəbul etmirik, Şuşa Azərbaycanın simvolu, tarixi kimi qəbul olunmalıdır və elə də qəbul olunur. Şuşada Azərbaycan mədəniyyətinin, incəsənətinin, qəhrəmanlığının tarixi öz əksini tapıb. Şuşa bizim rəmzimiz kimi dəyərləndirilməli və dünyada belə tanıdılmalıdır. Şuşada artıq bu mərhələdə yaşayış üçün insanların sayı da müəyyənləşəcək. Artıq bu dövlət səviyyəsində həll olunan məsələdir. Eyni zamanda Şuşaya qayıdan insanların hamısı işlə təmin olunmalı və orada fəaliyyət göstərməlidir. Bunların hamısı, yəni təhsil, səhiyyə, nəqliyyat məsələləri və bütün xidmətlər nəzərə alınır. İnşallah 2022-ci il şuşalılar üçün bir qayıdış ili kimi tarixə düşəcək”.



Millət vəkili Azər Badamov Şuşa ilinin əhəmiyyətini belə izah edib:

“2022-ci ili Şuşa ili elan edilməsi Şuşanın həyatında yeni səhifə açacaqdır. Şuşa, 30 il erməni işğalı altında mənəvi istismar olunub və milli mədəniyyət böyük faciə ilə üzləşib . İşğaldan azad olunmuş bir ildən bir az artıq dövrdə Şuşanın əvvəlki həyatını özünə qaytarılması istiqamətində çoxlu işlər görülüb. Şuşanın milli, mədəni və tarixi əhəmiyyətini nəzərə alaraq bu şəhərə “Qoruq şəhər” statusu verilib. Bu qısa dövrdə Şuşada Xarıbülbül Musiqi Festivalı və Vaqif poeziya günləri keçirilib, bir çox tarixi-mədəni obyektlər və abidələr bərpa olunaraq onlara yeni nəfəs verilib. Şuşanın bərpasının və tezliklə ora yenidən həyatın qaytarılması bizim üçün xüsusi əhəmiyyət daşıyır. Məhz 2022-ci ili Şuşaya həsr etməyimiz bu şəhərdə həyata keçirilən quruculuq və bərpa işlərini sürətləndirəcək, ilin sonuna qədər şuşalıları öz doğma yurduna qaytarmaqla, uzun illərdir yaşadıqları intizara son qoyulacaq”.

A. Badamov vurğulayıb ki, əsas diqqət Şuşaya qayıdacaq sakinlərin məşğulluq məsələsinə yönəlməlidir:

“Şuşa şəhərdir və buranın infrastrukturu da şəhər tipli olmalıdır. Məktəblər, mədəniyyət ocaqları, xəstəxana və digər sosial obyektlər tikilir ki, buralarda şuşalılar çalışacaq. Həm də Şuşa böyük turizm potensialına malikdir. Burada otellər, restoranlar və turizm obyektləri tikilir ki, bu da iş yerlərinin yaranmasına xidmət edəcək. O cümlədən, xırda istehsal sahələrin yaradılacğı da istisna deyil”.

Millət vəkili əlavə edib ki, Şuşa Cənubi Qafqazın musiqi mərkəzi olduğundan, burada milli musiqi alətlərinin istehsalı sahələri də yaradıla bilər:

“Həm də uzun illər Şuşada formalaşmış milli mədəniyyətin yaşadılması üçün mütəxəssislərin hazırlanması üçün peşə məktəbin tikintisi aparıla bilər. Şuşanın yenidən qurulması və bərpası üçün xüsusi proqram və Baş plan təsdiq olunmuşdur ki, qeyd etdiyim sahələrin və digər məsələlərin ərsəyə gəlməsi elan olunmuş Şuşa ilində sürətlənəcək. Şuşa ilində Şuşada beynəlxalq tədbirlər keçirilə bilər ki, bu da Şuşamızın bizə nə qədər əziz olduğunu dünyaya çatdırmağımıza imkan verəcəkdir”.



Millət vəkili Ceyhun Məmmədov isə deyib ki, Şuşa bərpa olunduqdan sonra dünyaya səs salacaq:


“2022-ci ilin “Şuşa İli” elan edilməsi çox böyük tarixi əhəmiyyət kəsb edən hadisədir. Azərbaycan xalqı 30 ilə yaxın idi ki, Şuşanın işğaldan azad olunmasını gözləyirdi. Artıq Şuşa azad olunub və orada abadlıq-quruculuq işləri həyata keçirilir. Cənab Prezident 7 dəfə Şuşaya səfər edərək, burada həyata keçirilən işlərlə birbaşa tanış olub. Ermənilər Şuşanı işğalda saxladıqları vaxt, bu əraziləri tamamilə məhv ediblər. Lakin Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra, qısa müddətdə bu ərazilərdə böyük işlər həyata keçirib. Artıq bir çox tarixi abidələr, məscidlər bərpa olunub. Şuşa ayrıca bir tikinti meydanına oxşayır. Bu gün biz deyə bilərik ki, Şuşa Azərbaycanın ən abad, ən gözəl şəhərinə çevriləcək. “Şuşa İli” elan olunması, eyni zamanda, Şuşanın Qarabağın döyünən ürəyinin, regionun mədəniyyət mərkəzinin yenidən dirçəldilməsi deməkdir. Şəhərin 270 illik yubileyi münasibətilə keçiriləcək təbliğat işləri isə dünyaya səs salacaq və Şuşanın kimə məxsus olduğu bir daha beynəlxalq ictimaiyyətə çatdırılacaq”.


F. Söhrabqızı
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər