Ru
13:44 / 19 Yanvar 2022

Tağıyev heykəlinin bizə verdiyi dərs - Şərif Ağayarın yazısı...

7186
Şərif Ağayar

Böyük irland yazıçısı Ceyms Coysun Dublin şəhərində adam boyu heykəli var. Bildiyiniz kimi, məşhur “Dublinlilər” romanında yazıçı şəhər sakinləri ilə ironik dildə danışmış, belə deyək, onları ələ salmışdı.

İndi dublinlilər Coysdan sanki “qisas alır”, onun abidəsi ilə zarafatlaşır, müəllifə çatdırmaq istədiklərini asanca dilə gətirirlər. Əslində, bununla dünyanı fəth etmiş Coysu öz içlərində, özlərindən biri kimi və kifayət qədər səmimiyyətlə yaşadırlar.

Hacı Zeynalabdin Tağıyevin abidəsi ilə bağlı sosial şəbəkələrdə yayılan söz-söhbət mənə bu faktı xatırlatdı.

Hamı bir ağızdan deyir: Tağıyevin heykəli niyə belə balacadır? Niyə onu heç olmasa bir metrlik postament üstünə qaldırmayıblar? Daha Tağıyevlə “Tsrqovı”dakı çətirli qızın, bulvardakı “Hüseynbala Mirələmovun” nə fərqi oldu?

Dostların biri isə lap gül vurur: heykəl yaxşıdır, amma heç olmasa, üç-dörd metrlik pyedestal üstünə qaldıraydılar...

Bəli, düz oxudunuz, məhz, üç-dörd metr. Həm də barı... Yəni çox da ola bilərdi...

Bunların yanı sıra bəzi gündəm övladları görkəmli xeyriyyəçinin xalq adamı olduğunu, kasıb zümrədən çıxdığını əsas gətirərək heykəlin belə qoyulmasını daha doğru hesab edirlər. Lakin bu “nəcib” fikrin altını-üstünə çevirmək üçün xəfif bir sual kifayətdir: “Heykəli uca olanlar xalqın içindən çıxmayıb?”

Əlbəttə, onlayn Azərbaycan sakinlərinin pis bir niyyətdə olduğunu düşünmürəm, əksinə, Tağıyevə hörmət-izzətlərini ifadə edirlər. Lakin insanların şüuraltına işıq tutanda qorxunc məqamlar görürük.

Biz mahiyyətcə totalitarıq. Çünki ailədə də, iş yerində də, dövlət idarələrində də belə görmüşük. Atalıq, böyüklük və mənsub olmaq hissini çox dərin və fəci yaşayırıq. Fərdiyyət anlayışımız sıfırın altındadır. Kiminsə yekə, yepyekə heykəlini ucaltmağa və ona tapınmağa məqam axtarırıq. İçimizdən çıxan böyükləri də özümüzdən bilmirik. Biz onlara layiq deyilik. İçimizin dərinliklərində özümüz haqda təhqiramiz qənaətlərimiz var. Bunu bizə yüz illər boyu incidərək, istismar edərək, alçaldaraq aşılayıblar.

Əzəmətli heykəllər realda qoyulmasa belə biz xəyallarımızda ucaldırıq və gecə-gündüz keşiyini çəkirik. Ona görə də gənc bir şair qalxıb deyəndə ki, Səməd Vurğundan yaxşı şairəm, qafamızın tası atır, az qala silah çəkirik.

Haqsız da deyilik!

Hansı gənc şairin Səməd Vurğununku boyda heykəli var?

Həm də təkcə Bakıda yox, Azərbaycanın hər yerində.

İş mahiyyətindən o qədər aralanıb ki, bayrağa da ən yüksək abidə ucaltmaqla öyünürük. Bayrağın simvollaşdırdığı bütün dəyərlər qalıb ayaq altında, biz bayrağın özünü mümkün qədər hündürə qaldırırıq. Nə yaxşı Bakı küləyi var. Bizdən ağıllı Bakı küləyi...

Tarix bayrağımızı Şuşada dalğalandırmaqla əsl ucalığı bizə göstərdi, lakin bu iki hadisə arasında analogiya aparmaq heç kimin ağlına gəlmədi.

Heykəl nə qədər uca olarsa, o qədər uzaqdan görünər, çevrəsi böyüyər və bu çevrəyə daxil olanlardan tapınma tələb edər.

İslamda heykəllərin qadağan edilməsi təsadüfi deyil. Din total inancı yalnız Tanrıya bəsləməyi tələb edir. Tanrısa maddi deyil, heykəl heç deyil.

Tağıyev təhsil verməyi sevərdi. İndi də abidəsi ilə bizə xeyli şey öyrətdi.

Biz uca heykəllərə sosial sifariş veririk.

Total inanclarla idarə olunmaq üçün darıxırıq.

Biz insandan çox, onun heykəlinə aşiqik.

Fərdi xoşbəxtliyimizi hansısa daş və ya metal yığınının əzəmətində axtarırıq.

Qəhrəman heykəlləşəndə cəmiyyətdən statiklik tələb edir, onun gələcəyini oğurlayır.

Dünyanın ən qüdrətli ölkəsində bircə nəhəng abidə var – o da “Azadlıq” adlanır. Bəşəriyyətin komplekslərlə dolu heykəl arxetipini darmadağın edən bu postmodern nümunə problemin öz əli ilə onun canını alır.

Amerikanın ən böyük uğuru gələcəyi həbs edən heykəlləri uçurub, yerinə “Azadlıq” heykəli ucaltmasındadır.

Biz ən böyük şəxsiyyətləri də içimizdən biri kimi sevməyi, onunla büt kimi yox, canlı və sadə insan kimi davranmağı öyrənməliyik.

Dublinlilər Coysa pivə təklif edən kimi...

Zira çağdaş dünyanın diktəsi budur.
Şərhlər
  • t.ədalət

    Tağıyev bir rus sevdalısı idi.Onun heykəlinin qoyulması da rusistliyinə görədir.O,anti-türk olub.İşğalçı Rusiyanın Azərbaycanda möhkəmlənməsi üçün əlindən gələni edib.Ona görə də Tağıyev heç də arzu olunan adam deyil.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər