Ru
14:45 / 17 Yanvar 2023

Talıbovun Naxçıvan dəhşətləri - Prokurorluq hansı tədbirləri görüb?

2489
Yanvarın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun istefasından 1 ay ötəcək. Ötən müddətdə bölgədə hadisələr sürətlə biri-brini əvəz edib. Prezidentin təyin etdiyi kadrlar Naxçıvandakı vəziyyəti araşdırır, əhali ilə görüşlər keçirir, problemləri, şikayətləri dinləyir, bölgənin inkişafı ilə bağlı yeni layihələr hazırlayırlar.

Talıbovlarsız keçən günlərin ən səs-küylü xəbərləri isə onların dövründə yerli əhaliyə, xüsusən sahibkarlara qarşı törədilmiş dəhşətli qanunsuzluqlar, cinayətlərlə bağlıdır.

Vaxtilə əmlakları quldurluq, zorakılıq, hətta adam oğurluğu vasitəsi ilə əllərindən alınmış iş adamlarının danışdıqları Azərbaycanın bu bölgəsində misli görünməmiş cinayətlərin baş verdiyinə dair təsəvvür yaradır.

Bu yaxınlarda “"Flaminqo” restoranının sahibi Cəmil Fərəcov, “Badamlı” mineral sular zavodunun sahibi Elşad Məmmədov mətbuata əmlaklarının quldurluq yolu ilə əllərindən alınmasının təfərrüatını açıqlayıblar. Təkcə bu iki mütəşəkkil cinayətkarlıq hadisəsi Naxçıvanın keçmiş rəhbərliyinin, onların göstərişlərini yerinə yetirən şəxslərin Cinayət Məcəslləsinin 10-15 maddəsi ilə cəzalandırılmalı olduğunu təsdiq edir.

Maraqlıdır, ötən 1 aya yaxın müddətdə hüquq-mühafizə orqanları ictimailəşdirilən bu faktlar, habelə vətəndaşlar tərəfindən edilən şikayətlərlə bağlı hansı tədbirləri görüblər?

Konkret adlar çəkilir, etiraflar səsləndirilir. Talıbovların cinayətləri demək olar ki, açıqdır, hər şey ortadadır, amma hüquqi prosedurlara hələ ki, start verilməyib...

Ortaya çıxan iddialardan belə məlum olur ki, sahibkarlara qarşı həyata keçirilən mütəşəkkil cinayətkarlıq hadisələrində həmin dövrdə Azərbaycan hüquq-mühafizə orqanlarının bəzi əməkdaşları da iştirak edib. Xüsusən, Talıbov rejiminin təqib etdiyi şəxslərin Bakıda DİN-ə çağırılması, Naxçıvandan göndərilən banda üzvlərinə təhvil verilməsi halları baş verib.



“Flaminqo” restoranının inzibatçısı məhz Azərbaycan DİN-in vasitəsilə sahibkar Cəmil Fərəcovun Naxçıvana girov göndərildiyini açıqlayıb. Bu faktlar keçmiş Daxili İşlər naziri Ramil Usubovla Vasif Talıbov arasında möhkəm dostluq əlaqələrinin mövcudluğundan qaynaqlanıb. Belə məlum olur ki, Talıbovun sifariş etdiyi istənilən şəxs Bakıda hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq Naxçıvandan gələn mütəşəkkil banda üzvlərinə təhvil verilib.



Eləcə də keçmiş Baş prokuror Zakir Qaralov da Vasif Tallıbovla isti, daha da konkretləşdirsək, tabeli münasibətlərə malik olub. Mötəbər mənbələr bildirirlər ki, Qaralov ölkədə baş verən səs-küylü olaylar, iri miqyaslı cinayət hadisələrinin istintaqı ilə bağlı gündəlik Vasif Talıbova məruzə edirmiş.

Lakin dövran dəyişib. İndi nə DİN-in rəhbərliyində Talıbovun bütün qanunsuz sifarişini yerinə yetirəcək adamlar əyləşib, nə də Baş Prokurorluqda ona gündəlik məruzə edən qaralovlar iş başındadır. Belə olduğu halda Talıbovun Naxçıvan dəhşətləri ilə bağlı sahibkarların, cinayət qurbanlarının açıqladıqları dəhşət saçan məlumatlara Baş Prokurorluğun reaksiyası necədir? Mediada gedən çoxsaylı məlumatlar, yazılarla bağlı cinayət işləri açılıbmı?

Bu barədə Baş Prokurorluğa ünvanlanan sorğunun cavalandırılacağı bildirilib.




Hüquq və İnkişaf Mərkəzinin rəhbəri Hafiz Həsənov isə “AzPolitika.info”-ya açıqlamasında bildirib ki, əgər cinayət əməlləri barədə mətbuatda məlumatlar gedirsə və onlar haqqında açıqlamalar verilirsə, bu hallar hüquqi araşdırmaların aparılmasını zəruri edir:


“İndiki halda Vasif Talıbovun Naxıçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi olduğu dövrdə törədilən hüquq pozuntuları ilə bağlı araşdırmalar aparılmalı və cinayət əməli ehtimalı yaradan hər bir fakt üzrə cinayət işi başlanmalıdır. Naxçıvan MR-də baş vermiş qanun pozuntuları barədə açıqlamalardan belə qənaətə gəlmək olar ki, bu qanun pozuntuları əsasən, vəzifəli şəxslər tərəfindən törədilən korrupsiya əməllərdir. Ona görə də bu işlərin hər biri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılmalı və qanuna müvafiq tədbirlər görülməlidir”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər