Ru
17:59 / 10 Avqust 2022

“Tanrı xatirinə, gedin!”

8291
Firidun Ağazadə




Bu günlərdə sosial şəbəkədə bir status oxudum: “Milli Məclis öz yerində, bir Milsiz Məclisə də ehtiyacımız var” (VS). Söz oyunu olsa da, bəzi mənalar çıxarmaq olar bu cümlədən.



Biz həmişə inanmışıq ki, Parlamentimizə ən layiqli insanlar seçilir, odur ki, bu gün də ümid edirik ki, ən layiqlilər seçiləcək, çünki Cənab Prezidentimiz olduqca pozitiv islahatlar həyata keçirməkdədir.


Amma “söz sözü çəkər” deyirlər. İngilis tarixçisi Saymon Sebaq Montefiorenin “Dünyanı dəyişdirən nitqlər” kitabını tərcümə edirəm. Kitaba müasir dünya parlamentar demokratiyasının banisi, süvari komandiri, o vaxt Britaniya Parlament işlərinin hərbi rəisi olmuş Oliver Kromvelin 20 aprel 1653-cü ildə Britaniya Parlamentinin “qalıq”larını buraxarkən etdiyi nitq də daxildir. Tarixi ədəbiyyatda elə belə də yazılır: “Oliver Kromvelin Parlamentin “qalıq”larını buraxarkən etdiyi nitq”.


Tərcümədən bir-iki abzası təqdim edirəm:


“...Tarixi zərurətdən, Oliver həm əmr verməli, həm də parçalanmış ölkədə hamının maraqlarını nəzərə alıb balans yaratmalı idi. Parlamentin vəziyyəti xüsusən ağır idi. Parlament narazılıqlar içində boğulurdu...


...Nəhayət, radikal addımlardan sonra, uzunmüddətli Parlament (on üç illik) buraxılmış, guya xalqın işlərinə daha həssas olan 60 nəfərdən ibarət kiçicik bir dəstə (“qalıq”) isə Parlamentdən əl çəkmək istəmirdi. Odur ki, 1653-cü ildə Kromvelin səbri daşdı. Ordu ilə razılaşmayan “qalıq” üzvlərini təmizləmək üçün Kromvel Vestminister Sarayına gəldi. Parlamentin təfriqəçi üzvlərinə müraciət etməyə məcbur oldu. Onları “öz mənfəətini güdən yaramazlar” və “zavallı fahişələr” adlandırdı, “bütün millətə qarşı dözülməz dərəcədə yanlış” mövqe tutduqlarını dedi. Əsgərlərə əmr etdi ki, Parlament hakimiyyətinin rəmzini palatadan götürüb aparsınlar, “qalıq” Parlamentin üzvlərinə isə belə qəzəbləndi:


“...Çoxdan sizi buradan kənarlaşdırmaq lazım idi, kifayətdir mənfur varlığınızla bu yeri bədnam etdiniz! Ağıla gələn və gəlməyən bütün əxlaq qanunlarını, mövcud olan bütün ədəb qaydalarını tapdayaraq buranı təhqir etdiniz! Siz həmişə təfriqəçi və bütün hökmdarların düşməni olmusuz, siz, muzdlu quldurlar, yaltaqlar, rüşvətxorlar, istəyirsiz ki, İshaq kimi bu ölkəni bir cam horraya satasız? İuda kimi bir ovuc pul üçün Allahınıza xəyanət edəsiz? Qəlbinizdə bir qətrə xeyirxahlıq qalıbmı? Gözünüzə mil çəkmək lazımdır! Dünyada nə alçaq iş qaldı ki, görməyəsiz? Mən atıma inanıram, sizə - yox! Sizin inamınız, allahınız qızıldır! Aranızda bir nəfər varmı ki, qəlbini rüşvətə təslim etməsin? Rüşvətə boyun əyməsin? Xalqın rifahı üçün sizdən az narahat olan tapılmaz! Siz, alçaq fahişələr, bəs deyilmi, bu müqəddəs yeri murdarladınız, əxlaqsız prinsiplərinizlə, yaramaz davranışınızla Tanrı məbədini oğru-quldur yuvasına çevirdiniz?! Xalq yaramaz hərəkətlərinizə daha dözmür! İnsanlar sizi özlərinə vəkil deyə buraya seçdilər ki, onların həyatlarını yüngülləşdirəsiz, amma siz o bədbəxtlərin dərdini daha da ağırlaşdırdınız! Eşidin və bilin: ölkə məni vəkil eləyib ki, bu Avgi tövləsini təmizləyim, bu sarayda baş verən mənfur əməllərin kökünü kəsim.


“Siz, mənfur satqınlar! Tələsin! Dərhal çıxıb gedin!”


Tanrının köməyi və hakimiyyətin mənə verdiyi səlahiyyətlə mən bu vəzifəni yerinə yetirirəm. Odur ki, sizə əmr edirəm: qəlbinizdəki ölüm qorxusu altında dərhal buranı tərk edin! Rədd olun! Dərhal çıxıb gedin! Tələsin! Siz, mənfur satqınlar! Gedin! Bu par-par parıldayan parlament rəmzinizi də özünüzlə aparın! Qapıları bayır tərəfdən örtün! Tanrı xatirinə, çıxın, gedin!”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər