Ru
16:51 / 17 May 2022

“Tapş” da cinayətdir - Firidun Ağazadənin yazısı

10780
Firidun Ağazadə

“... rüşvət universal cinayətdir” (Heydər Əliyev)

Tez-tez “Pul nədir? Pul olmasa nə olar?” sualı məşğul edir məni. Sadəlövh cavabı verməyin ki: “Pul əl çirkidir”. “Həylə dəyil”, bu obrazlı ironiya keçmişdə qaldı. Ya da, məsələn, deməyin ki, “pul mübadilə və yığım vasitəsidir” - bu da natamamdır. Birisi demiş ki, “pulun təhrik amili” var, yəni, pul “iqtisadi ünsürləri hərəkətə gətirən təhrik amili” imiş.

İqtisadçılara görə, pulun funksiyaları çoxdur, amma pulun rüşvət funksiyası da var - iqtisadiyyat elmi bunu deməsə də... Amma onun “təhrik amili” olması cin atına mindirir adamı. Razılaşın ki, “təhrik” sözü həmişə neqativ davranışla assosiasiya olunur. Neqativdirsə, o niyə belə əziz-girami olub? (bu, koronovirusun neqativi deyil ha).

Böyük Mirzə Ələkbəri Sabiri gözardı etmədən (“Nuri-çeşmanımmısan, ey pul, ya canımmısan? İsmətim, namusum, irzim, qeyrətim, qanımmısan? Hörmətim, fəxrim, cəlalım, şövkətim, şanımmısan?..), başqa bir satirikin misraları bitir dilimdə: “Nədi pul?.. Mülk, maşın, tazə kəsilmiş əl əti, Sənə pul göstərərəm, Yalta bilərsən Ələti...”. Allah, allah, nə qələt elədik, bu dünyaya gəldik?!.

Haşiyə: Bir dəfə evimizdə doğmalar arasında dolanışıqdan, güzərandan söhbət edirdik, qardaşımın gül balalarından biri oturuşmuş bir jestlə ondan heç gözləmədiyim bir fikir bəyan etdi: “Əh... Əmə, pul olandan sonra...”. Fikrini bitirmədi. Amma aydın idi ki, nə demək istəyir: “Pul olsa hər şey etmək olar...”. Açıqlama: “Qardaşımın balaları mənə “Əmə” deyir”, əzizləmə şəklində, yəni. Hamısı qucağımda, boynumda böyüyüb... Amma yanaşma başqadır. Ey digital dünya!

Bir mənbə də belə deyir: “Pul - müasir dövrdə hamının maddi, sosial və mədəni maraqlarını əhatə edən məhsul”dur. Necə, yəni, “hamının”? Axı, hamının pulu yoxdur. Nə isə, pul uzun söhbətdir... və romantiklərin pulla savaşı əbədidir.

Əslində, mövzum ayrıdır. Vətən Müharibəsində bizə qələbə gətirmiş “sülhə məcbur etmə” aktı çox xoşumuza gəldi, Prezidentin “Dəmir Yumruğ”u sayəsində onu ədalətli müharibəmizdə uğurla tətbiq etdik, həyata keçirtdik. Bu müharibə bizi diriltdi, dikəltdi, dirçəltdi... Deyirəm, indi regionçuluğa, yerlibazlığa, tərəfkeşliyə, proteksiyaya, rüşvətxorluğa və korrupsiyaya qarşı bir Vətən Müharibəsi başlatmaq lazım. Xüsusən, məmur özbaşınalığına qarşı sərt və sürəkli bir savaş (44 gün olmasa da olar) açmaq gərək. Xüsusən, vətəndaşları işə götürmə məsələsində əyintiyə yol verən məmuru məcəllənin ən sərt maddəsi ilə tövsif etmək lazımdır. İşə götürmək tapşırıqla, zənglə, qohumluq münasibətlərinə görə olmamalıdır! “Tapş” cinayətlərinə meydan verilməməlidir! Ən böyük ədalətsizlik burdadır.

İllər öncə Ulu Öndərin səsi ilə bir arzumuzu bəyan etdik: “Qoy, ədalət zəfər çalsın!” O vaxt “Literaturnaya qazeta”nın müxbirinə verdiyi müsahibəsində Heydər Əliyev “Rüşvət kürəyimizə sancılan xain bıçağıdır...” (Fikrət Qoca) fikrinə münasibət bildirərək demişdi: “... rüşvət universal cinayətdir. Bütün başqa eybəcərliklər onun ətrafında dolanır. Rüşvətxor əlaltından dublyonka paltosu satmır, dövlətin mənafeyini satır, öz fəaliyyətini satır, başqa birisi isə pul verib bunları alır. Şairin aforizmi mübaliğə deyil. Keçmişin mənfur qalığı yaşayırsa, bunun təqsiri hər birimizin üzərinə düşür, hətta təmiz, pak adamın da, hətta rüşvət alanlara və rüşvət verənlərə nifrət edən adamın da. Şəxsən təmiz olmaq hələ vətəndaşlıq ləyaqəti deyil. Vətəndaşlıq fəallıq deməkdir, şərə qarşı mübarizə aparmaq bacarığı və arzusu deməkdir”.

Tərəqqinin, inkişafın ən yüksək göstəriciləri bizdə - orbitdə peykimiz var, peyk dövlətiyik, Heydər Əliyev Mərkəzi kimi dünya memarlığının nadir incisi bizdə, yüksək digital ölkəyik, ən ədalətli müharibəni biz aparmışıq (gec də olsa), alınmaz Şuşa qalasını (Öz qalamızı!) görünməmiş döyüşlə almışıq... Öyünməli şeylərimiz öz yerində. Amma niyə ölkədə istefa mədəniyyəti yoxdur? Niyə heç bir məmur istefa vermir? Qanunları pozur, sosial ədaləti ayaqlayır, insanların inamını qırır... və bu, yüksək səviyyələrdə gurultu ilə qınanır... amma cəzası o olur ki, yola salınır “daldeylərə...”. Ölkəni ağzına almış bu “rüşvət verməyə məcbur etmə” nədir?.. Bunun mexanizmini necə pozaq? Tapşırıqla, zənglə işə götürmək nədir?!

Avtobusda qulağım belə bir söhbət eşitdi: “Uşaq institutu bitirdi?” “Hə, iki ildi bitirib, indi elə yanımda kafedə fırlanır, filan yerdə bir iş söz veriblər, pulumu vermişəm... görək, nə vaxt çağıracaqlar”. Sözün bitdiyi yer.

Həyatım boyu qanunla yaşadım, işə gedib gəldim, Vətəni sevdim, əsgəri oldum, işdə dörd bir yanım əsgər getməyən cavanlardır, bəs, bu dövlət müəssisəsinə bunlar necə işə düzəlib? Cavabı mənlik deyil. Hansı maddə ilə tövsif edək bunu? Yaşadığım yerdə isə heç harda işləməyənlər daha yaxşı yaşayır. Niyə belədir?.. İndi dövlət qulluğuna qəbul imtahanla aparılır, yoxsa bu üzdəniraq ənənəmiz oraya da şamil olunur? “Ənənə” ona görə deyirəm ki, birisi buna “ata-baba yolu” deyirdi. Məmurdan soruşdum, filan işi necə edək, üzümə “böyük-böyük” baxıb dedi: “Dədə-baba yolu ilə də...”.

Keçənlərdə “Qanunlar külliyyatı”nın bir cildinin nəşriyyat redaktoru idim. Məni qınamayın, Cinayət Məcəlləsində maddələri dispozisiyalara ayırıb hər biri üzrə “sövdələşmə” üçün boşluq qoyublar elə bil. Bir ütük hüquq işçisi deyirdi: “a” bəndi olsa... bu qədər, “b” yarımbəndi olsa bu qədər, “c” dispozisiyası olsa... Hansına istəsək “tövsif edə” bilərik...”. Və alış-veriş başlanır.

İşə götürmək zənglə, tapşırıqla olmamalıdır! İnsanlar ədalətə inanmır. Azərbaycan üçün bir xəstəlik olan bu “tapş” cinayətini hansı maddə ilə tövsif edək? Ən müxtəlif məqamlarda tapşırıqsız keçinmək olmur. Bax, buna qarşı bir Vətən Müharibəsi başlatmaq gərək! Bu “tapş” cinayətini ən ağır maddə ilə tövsif etmək gərək! Kimsə demiş: “Tapş cinayətdən də betərdir”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər