Ru
10:46 / 16 İyun 2022

“Tələbələrin magistr işlərini müəllimlər yazır” – Ekspertdən ağır ittiham

4022
“Dərsliklərin hazırlanması sıradan bir məsələ deyil. Müəlliflərin yetişməsi üçün bir sistem olmalıdır. Unutmamalıyıq ki, dərslik şagirdin istinad etdiyi əsas mənbədir. Bu səbəbdən də dərsliklərdə məzmun səhvi, texniki və ya digər səhvlər yolverilməzdir. Sadalanan səhvlərə yol verilməməsi üçün həm dərslik yazan müəlliflərin seçiminə, həm də dərsliklərin hazırlanması məsələsinə çox çiddi yanaşmaq lazımdır”.


Bunu Bakupost.az -a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.


Ekspert bildirib ki, öncə dərslik yazan müəllimlərin elmi səviyyəsi yoxlanılmalıdır:




“Bunun üçün AMEA-nın ayrı-ayrı institutları, ali təhsil müəssisələrinin müvafiq şöbələri yoxlamalar, araşdırmalar aparmalıdırlar. Hazırlanan dərsliklər isə ayrı-ayrı regional təhsil idarələrinin tabeçiliyində olan metodiki kabinetlərdə metodistlər tərəfindən müzakirə olunmalıdır. Yerlərdə təkliflər toplanılaraq ciddi şəkildə araşdırılmalı və uyğun gələn təkliflər dərsliklərin çapı zamanı nəzərə alınmalıdır. Bu gün isə bunun əksini görürük. Dərsliklər çap olunduqdan, yerlərə çatdırıldıqdan sonra ondakı nöqsanlar müzakirə olunur. Fikrimcə, dərsliklərin müzakirəsi məsələsinə ən azı bir, hazırlanması prosesinə isə 6 ay vaxt ayrılmalıdır. Hazır olan dərslik modeli mütəxəssislər, metodistlər, müəllimlər tərəfindən bir il müzakirəsi keçirildikdən, verilən təkliflər yenidən işləndikdən, incələndikdən, təkrar müzakirə olunduqdan sonra yenidən çapa göndərilməlidir. Bu zaman dərsliklərdə hər hansı bir nöqsanlara yol verilməz. Ancaq bu gün dərslik çapı məsələsində tələskənliyə yol verilir. Bu səbəbdən də dərsliklərdə çox sayda məzmun və digər səhvlərə rast gəlinir. Xüsusilə də səhvlər daha çox aşağı siniflərin istifadə etdiyi dərs vəsaitlərində qeydə alınır”.


Elşən Qafarovun dediyinə görə, bu gün ölkənin 45 ali təhsil müəssisəsi, o cümlədən bu universitetlərin 6 filialının 31-i pedaqoji sahədə kadr hazırlayır: “Bunların çoxunda magistratura səviyyəsi var və bu magistrlar nə oxuyurlar, nədən müdafiə edirlər, hələ də məlum deyil. Onların böyük əksəriyyətinin magistr işlərini ali məktəb müəllimləri yazır. Hesab edirəm ki, dərsliklərin yazılması işinə magistratura təhsili səviyyəsini bitirən şəxslər cəlb olunmalıdır. Təbii ki, onlar öncə praktik təlimlərə cəlb olunmalı, hazırlıq keçməlidirlər. Bu gün dərslik yaza biləcək kadrların yetişməsi üçün lazımi mühit yoxdur. Eyni fənn üzrə dərsliklərin ayrı-ayrı siniflər üzrə müxtəlif müəllimlər tərəfindən hazırlanması, dərsliklərdə verilmiş materialların üst-üstə düşməməsi varislik prinsipinin pozulmasına gətirib çıxarır. Bu sahədə olan nöqsanları aradan qaldırmaq üçün sistemli işlər görmək və məsələyə kompleks yanaşmaq lazımdır. Əks təqdirdə dəslik hazırlanması və çapı zamanı yol verilən qüsurlar, çatışmazlıqlar daim olacaq”.


Sevinc
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər