Ru
12:31 / 21 Yanvar 2022

"Tənha canavar"ın taleyi... - Bir rayonun iki qəhrəman Mansurovu

6685
Zahir Məlikli

Kürəkçi kəndi yetişdirdiyi savadlı, istedadlı insanları, elm adamları ilə Yardımlıda ad çıxarmışdı. Vətən Müharibəsi isə göstərdi ki, bu kənd həm də vətənpərvər, qəhrəman övladlar, hərbçilər də yetişdirib. Dağların güneyinə sığınan bu kiçik kənd Vətən Müharibəsində dörd şəhid verdi. Mayor Elçin Mansurov, baş leytenant Valeh Məmiyev, MAXE Elçin Əliyev, əsgər Elmir Əliyev qəhrəmanlıqla döyüşərək şəhadət zirvəsinə yüksəlmələri ilə həm də doğma kəndlərinin adını Azərbaycanın hərb tarixinə, müqəddəs savaşın şəhidlər salnaməsinə qızıl hərflərlə həkk etdirdilər.

Mansurov Elçin Elşən oğlu 1984-cü ilnoyabr ayının 25-də Bakı şəhəri, Binə qəsəbəsi, Aviaşəhərcik adlanan aeroport işçilərinin yaşadığı şəhərcikdə anadan olmuşdu. Elçin 1-ci sinifə Binə qəsəbəsindəki 149 nömrəli məktəbdə daxil olub. Atası ilə anası boşananda Elçin könüllü olaraq atası ilə yaşamağı seçdiyindən 1991-ci ildən etibarən təhsilini Yasamal rayon 286 saylı orta məktəbdə davam etdirib. 8, 9, 10, 11-ci sinifləri isə öz doğma yurdu olan Yardımlı rayonunun Kürəkçi kəndində oxuyub. Atası Elşən Mansurov 1960-cı ildə Kürəkçi kəndində anadan olmuşdu. Elşən 1982-ci ildə BDU-nun tətbiqi riyaziyyat fakültəsini fərqlənmə diplomu bitirərək indiki AZAL şirkətinə təyinat almışdı. 1982-1998-ci illərdə burada yüksək vəzifələrdə işləmiş, hətta ən əsas idarələrdən birinin rəisi vəzifəsinə qədər yüksəlmişdir. 1998-ci ildə şirkətdəki qeyri-sağlam şərait və qanunsuzluqlara dözməyən Elşən vəzifəsindən imtina edərək doğulduğu Yardımlı rayonuna qayıtmış və 2000-ci ildən etibarən Kürəkçi kənd orta məktəbində riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. O, qardaşı Kamal Mansurov kimi dövrünün ən güclü riyaziyyatçılarından hesab olunurdu. 2011-ci il sentyabrın 2-də xərçəng xəstəliyindən vəfat etmişdir.

Yeri gəlmişkən, onu da qeyd edək ki, rayonda savadları, yüksək insani keyfiyyətləri, sadəlik və təvazökarlıqlarına görə ad çıxarmış Elşən, Kamal, Aqil qardaşlarının atası Fürsənd Mansurov da Yardımlıda sayılıb-seçilən riyaziyyat müəllimlərindən biri idi.



Elçinin anası Məleykə xanım Məcidova uzun müddət Bakı Beynəlxalq Aeroportunda məsul vəzifədə çalışıb, hazırda təqaüddədir. Elçinin ana tərəfdən iki qardaş, bir bacısı, ata tərəfdən isə bir qardaş, bir bacısı var. Ana tərəfdən olan qardaşları və bacısının imkanları yaxşı olduğundan Elçin atasının vəfatından sonra daim ata qardaşı və bacısının taleyi ilə maraqlanıb, ilk növbədə onların həyatda bir mövqe tutmalarına çalışıb. Bacısını köçürüb, qardaşı Rövşənin təhsil alması üçün nə lazımdırsa edib.

Elçin ən böyük arzusu hərbçi olmaq idi. O, 2003-cü ildə Rafiq Əliyev adına Kürəkçi orta məktəbini qurtardıqdan sonra 439 balla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) qəbul olub. Oxuduğu müddət ərzində bir çox tərifnamələr alıb, nümunəvi kursant kimi hərbi məktəbi bitirib. Ali məktəbi bitirdikdən sonra təkmilləşdirmə kursları keçib. 2007-ci il iyul ayından Tovuz rayonunda leytenant rütbəsi alaraq kəşfiyyatçı kimi xidmətə başlayıb. 13 illik hərbi xidmətini cəbhənin ən qaynar nöqtələrində Tovuz, Murov, Füzuli istiqamətlərində keçib.

Xidmət illərində 6 medal, dəfələrlə fəxri fərman və müxtəlif hədiyyələrlə təltif olunub. Vətənə bağlı olan hərbçimizin qorxmazlığı, igidliyinə görə yoldaşları arasında "Tənha canavar", "Boz qurd", "Qorxmaz kəşfiyyatçı" kimi ləqəblərlə tanınıb. Elçin daim düşmən tapdağında olan torpaqlarımızı kəşfiyyat xarakterli ziyarət edib və həmişə vacib hərbi qənimətlərlə qayıdıb. Hətta bir-neçə dəfə tapşırıqdan kənar düşmənin dərinliklərinə nüfuz etməklə bir çox əməliyyatlar həyəta keçirdiyinə görə ruspərəst komandirlər onu kəşfiyyatdan, hətta hərbidən uzaqlaşdırmağa cəhd ediblər. Lakin general Mais Bərxudarovun məsələyə müdaxiləsi nəticəsində bu düşmən niyyət reallaşdırıla bilməyib. Elçinin düşmən arxasından gətirdiyi məlumatlar ordumuzun əks əməliyyatları üçün çox vacib əhəmiyyət daşıyıb. Mansurov xidməti illərində heç vaxt rütbə üçün can atmayıb, ailə şəcərəsindən gələn xarakterə uyğun olaraq həmişə öz şərəf və ləyaqətini qoruyub, vətənə borcunu layiqli şəkildə yerinə yetirib. Elçin 2020-ci ilin yayında mayor rütbəsinə yüksəlmişdi.

Qəhrəmanımızın hərbi həyatından danışmaqla bitməz. "Tənha canavar"ın döyüş yoluna nəzər yetirərkən onda olan vətənpərvərlik hissinin nə qədər yüksək olması insanda rəğbət hissini artırır. Bu, "Vətən sağ olsun" şüarlı Elçinin sosial şəbəkələrdəki şəxsi hesablarına nəzər salarkən də açıq-aydın görünür. Elçin həyatını bütünlüklə vətəninə həsr etmişdi. Əslində, elə ən çoxu buna görə də ailə həyatı qurmamışdı. Bu xarakterli insan bəlkə də peşəsinin daim ölümlə üz-üzə olmasını nəzərə alaraq "tənha" olmağa üstünlük vermişdi.



Elçin çox mərd, mərhəmətli, ciddi olmaqla yanaşı çox da zarafatcıl idi. Ailəsi ilə yanaşı əsgərlərinin də qayğısına yüksək səviyyədə qalırdı. Onları öz qardaşı, yaxını kimi əzizləyir, qoruyurdu. Bir sözlə, əvəzsiz şəxsiyyət idi Elçin Mansurov.

Onun ən böyük arzusu torpaqlarımızı düşmən tapdağından azad etməklə yanaşı kursant yoldaşı və dostu, şəhid Fərid Əhmədovun qisasını almaq, sonunda da şəhid olmaq, dostu ilə qovuşmaq idi. Amma əlinə elə fürsət düşmürdü. O da düşmənə olan nifrətini günü-gündən alovlandırırdı. Hər gün dostunu yadına salar, onunla xatirələrini canlandırar, göz yaşlarına hakim ola bilmirdi. Nəhayət, qisas günü gəlib çatdı. 27 sentyabrda II Qarabağ savaşı - Vətən Müharibəsi və ya Ali Baş Komandanın adlandırdığı kimi "Dəmir Yumruq Əməliyyatı" başladı. Füzuli istiqamətində qızğın döyüşlərin ilk getdiyi gün, təxminən saat 09:30-da Elçin Mansurov rəhbərlik etdiyi qrup üzvləri ilə hücuma keçirlər. Təxminən 45 dəqiqə ərzində düşmənin strateji əhəmiyyətli bir neçə postunu ələ keçirir. Elçin sonra təkbaşına düşmən postunu yarıb içərisində zabitlər də olmaqla ən azı 25 erməni hərbçisini məhv edir. Bu müddət ərzində qorxmaz kəşfiyyatçımız bir dəfə yaralanır, buna baxmayaraq, o yenə döyüşə davam edir. Döyüş yoldaşları Elçin haqqında deyir ki, filmlərdə gördüyümüz o döyüş səhnələri yalan idi, Elçin pələng kimi vuruşurdu. Yaralı ikən o döyüş meydanından 12 yaralı əsgəri xilas etməyi bacarır. Amma bir az sonra özü yenidən düşmən snayperinin hədəfinə tuş gəlir. Təəssüf ki, bu dəfə Azərbaycan Silahlı Qüvvələrinin mayoru Elçin Mansurov "Bugra dərəsi" adlanan ərazidə ölümün ən ali zirvəsi olan şəhidlik zirvəsinə yüksəlir.

Elçin düşmən üçün daim ələkeçməz qəhrəman olub. İgid kəşfiyyatçımızın başı üçün düşmən mükafat təsis etmişdi. Lakin bu arzu müharibə başlayana qədər onlar üçün mümkünsüz olub.

...Onun cənazəsi ilk atəşkəs günü -10 oktyabrda döyüş meydanından çıxarılaraq ailəsinə təhvil verilib. Qəhrəmanımız 11 oktyabrda Bakı şəhərindəki II Fəxri Xiyabanda böyük izdihamla dəfn edilib. Qələbəmizi görmək qisməti olmayan "Tənha canavar" şəhərin ən hündür yerində digər qəhrəman yoldaşları ilə birlikdə uyuyaraq hər gün yüzlərlə ziyarətçisini qəbul edir.


Mayor Elçin Mansurov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb, "Vətən Uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. Elçin Mansurovun adına Bakı şəhərində və Yardımlı şəhərində küçə adları verilib. Bundan başqa, Bakı şəhərindəki 1600 nəfər şagirdin oxuduğu orta məktəblərdən birinə də Elçin Mansurovun adı verilib.



Azərbaycanın kiçik rayonlarından biri hesab edilən Yardımlının iki Müharibə Qəhrəmanı var. İkisi də Mansurov soyadlıdır. Biri rayonun Telavar kəndindən, Azərbaycanın müstəqilliyini qorumağa görə - Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Mansurov, digəri isə Kürəkçi kəndindən II Qarabağ savaşının qəhrəmanı - Vətən Müharibəsi Qəhrəmanı Elçin Mansurov. Bu da taleyin qəribə uzlaşdırmalarından biri!

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

(Elçin Mansurovun anasından geniş müsahibə almışıq. Sabah təqdim edəcəyik...)


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər