“Bakıda elektrik doldurma məntəqələrinin (EDM) sayı yetərincə olsa da, bölgələrdə onların sayı azdır. Bu səbəbdən sürücülər yolda qalırlar. Hələ ki sahibkarların bu sahəyə ciddi marağı görünmür. Ona görə də, tikinti şirkətləri qarşısında elektrik enerji doldurucu məntəqələrin quraşdırılması ilə bağlı tələb qoyulmalıdır”.
Bunu nəqliyyat məsələləri üzrə eskeprt Elməddin Muradlı Bakupost.az-a deyib.
O bildirib ki, böyük ərazini zəbt edərək yaşıllıqları məhv edib göydələnlər ucaldan, bundan küllü məbləğdə gəlir əldə edən şirkətlər yaşayış kompleksləri ərazisində elektrik enerji doldurucu məntəqələri quraşdırmalıdır. Eyni tələblər hotel, istirahət mərkəzləri inşa edənlərə də qoyulmalıdır: “Belə bir öhdəlik olduqdan sonra enerjidoldurucu məntəqələrin də sayı artacaq. Bu isə elektromobillərə marağı artıracaq".
Ekspert qeyd edib ki, Azərbaycanda elektriklə işləyən avtomobillərə qarşı əhəmiyyətli güzəştlər tətbiq edilib: "Elektrik avtomobillərinin ölkəyə gətirilməsi ƏDV-dən azad olundu. Bundan sonra bu güzəşt elektrik enerji doldurucularının idxalına da şamil olundu. Təəssüf ki, bu sahəyə hələ maraq azdır. Görünür, sahibkarlar üçün bu sahə cəlbedici deyil. Ona görə də, elektrik enerji doldurucularının idxalı və quraşdırılması ilə məşğul olan şirkətlərə də vergi güzəştləri tətbiq olunmalıdır".
"Azərişıq" ASC-dən isə bildirilib ki, elektrik enerjisinin nəqlinə icazənin verilməsi xidməti artıq ASAN Xidmətə verilib. Sahibkarlar rahatlıqla müvafiq sənədləri təqdim etməklə belə məntəqələr quraşdıra bilərlər.
Sevinc,
BakuPost