Ru
10:33 / 13 May 2022

“Torpaq sahəsi olan adamı az qala fermer kimi qeydiyyata salırlar” - Ekspertdən işsizliklə bağlı mühüm açıqlama

2257
“İşsizlik və işsizliyin sayı ilə bağlı ciddi statistik qüsurlar var. Çünki dolayı rəqəmlərlə baxanda doğrudan da Azərbaycanda işsizlərin sayının çox olduğu açıq şəkildə görünür”.


Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.


N. Cəfərli işsiz kimi qeydiyyata düşməyin də çətin olduğunu deyib: “Ölkədə rəsmi rəqəmlərə görə, işsizlik aşağı göstəricilərdədir. Yəni 5,8%-ə qədərdir. Problem odur ki, işsiz kimi qeydiyyata düşməyin özü də bir problemdir. Çünki vətəndaşlar işsiz kimi qeydiyyata düşməsələr, dövlət orqanları onları işsiz kimi tanımır. Bunun xüsusi prosesdur qaydaları var. Vətəndaş müraciət etməli, o müraciətə baxılmalı, daha sonra da qeydiyyata düşməlidir ki, işsiz kimi həm müavinət ala bilsin, həm də Məşğulluq İdarəsindən işlə bağlı hansısa təkliflərin olması mümkün olsun. Ona görə də bizdə ilk növbədə işsizlik statistikası beynəlxalq normalara uyğunlaşdırılmalıdır. Yəni indiki kimi çətin prosedurlardan keçərək yox, normal qaydalar müəyyənləşdirilməlidir ki, işsizliklə bağlı əlimizdə real statistik göstəricilər olsun”.





Ekspetin sözlərinə görə, şəxsin torpaq sahəsi varsa, az qala onu fermer kimi qeydiyyata alırlar:


“Məsələn, 800 minə yaxın insanı fərdi sahibkar kimi qeydiyata alıblar. Çünki onların adına VÖEN var. Amma VÖEN-in olması onların işlə təmin olunduğu anlamına gəlmir. Yəni insanın adına VÖEN ola bilər, amma heç bir qazanc əldə edə bilməz. Bundan başqa, 1 milyon 400 minə yaxın aqrar sektorda çalışan vətəndaş qeydiyyata salınıb. Amma bunların da yeganə kriteriyası odur ki, hər birinin özünün və yaxud ailə üzvlərinin adına torpaq sahəsi var. İstənilən şəxsin torpaq sahəsi varsa, onu az qala fermer kimi qeydiyyata alırlar. Bu da doğru yanaşma deyil. Ümumilikdə bu, işsizlik və işsizliyin sayı ilə bağlı ciddi statistik qüsurlar mövcuddur. Statistik məlumatlar olmayandan sonra bu problemin üzərinə getmək, həll yolları təklif etmək çətin olur. Birinci növbədə, işsizliyin qeydiyyatı ilə bağlı normal prosedurların yaranmasına ehtiyac var”.





İqtisadçı yeni iş yerlərinin yaranması ilə bağlı məsələyə də toxunub:


“Bu məsələ dövlətin zavod və fabrik tikməsi ilə alınmayacaq. Əksinə, dövlət iqtisadiyyatda çox hegemon rola malikdir. Xarici ticarətə baxanda ixracatımızın 90%-i dövlət müəssisələrinin, yaxud da dövlət qurumlarının əlindədir. Bu, o qədər də yaxşı hal deyil. Dövlət əsas hakim rolunda çıxış etməli və təşviq proqramlarının qəbul olunmasında önə çıxmalıdır. Eyni zamanda, məhkəmə-hüquq sistemi düzəlməli, ədalətli qərarların verilməsi olmalıdır ki, kommersiya mübahisələri, iş adamlarının problemləri həllini tapsın. İkinci isə dövlət uzunmüddətli və aşağı faizli kreditlərin verilməsinə nail olmalıdır. Bunun üçün xüsusi investisiya bankı yaradıla bilər. Çox aşağı faizli, uzunmüddətli kreditlərə çıxış imkanı olmalıdır. O zaman yeni iş yerləri, iqtisadi fürsətlər yaranır. Rəqabətli mühitlə bağlı problemlər aradan qalxmalı, məmur biznesinə son qoyulmalıdır. Bu o qədər sistemli və köklü problemdir ki, həll etmək üçün ciddi strateji proqramlara ehtiyac var”.


Fəridə
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər