Ru
15:35 / 12 Yanvar 2022

Unun qiyməti düşə bilər: “Cəmi 1 ilə taxıl problemini həll etmək olar” - AASK sədrindən ilginc açıqlamalar

5800
Ağstafa Aqrar Sənaye Kompleksinin (AASK) Müşahidə Şurasının sədri, Almaniyanın “RAO Global Group” şirkətinin direktoru, iqtisadçı, hüquqşünas Rəsul Orucov Bakupost.az -a müsahibə verib.


Həmin müsahibəni təqdim edirik:




- Rəsul müəllim, ilk növbədə Ağstafa Aqrar Sənaye Kompleksinin (AASK) inkişaf perspektivi haqqında və bu kompleksin qısa tarixçəsi haqqında məlumat verərdiniz...

- Ağstafa Aqrar Sənaye Kompleksinin yaranması 2009-cu ilə təsadüf edir. Həmin ildə belə bir zəncirvari kompleksin yaradılması ilə bağlı qərara gəlmişdik. “Sahədən süfrəyə” prinsipini rəhbər tutaraq, taxılçılıq müəssisənin yaradılması və məhz bu zəncirvari prinsipinə uyğun olaraq, kompleksin yaradılması üçün əvvəlcə 2010-cu ildə kompleksin Aqroservis hissəsi yaradıldı. 2012-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verildi. 2016-cı ildə taxılçılıqla bağlı bizə dövlət tərəfindən ayrılmış sahələrdə, əkinçiliklə bağlı aparılan işlər və eyni zamanda müvəqqəti olaraq anbarların tikintisi həyata keçirildi. Son mərhələdə istehsalat prosesini tamamlamaq üçün biz həm toxumçuluq təsərrüfatının yaradılması -36 min tonluq rezervuarların tikilməsi, həm də dəyirman kompleksinin tikintisi-çörək zavodunun inşa edilməsi və son olaraq əhaliyə “fast-food” ilə yanaşı, həmçinin iaşə xidmətlərinin göstərilməsi üçün bir məkan yaradıldı. Əvvəlcə bildirim ki, müəssisə yaradılarkən investisiyanın ayrılması 95% xarici - Almaniya Federativ Respublikasının kapitalının hesabına, təqribən 5% civarında isə yerli bankların kapitalı hesabına ərsəyə gəlib. Əsas məqsəd o olub ki, ölkədə taxılçılığın inkişafı ilə bağlı az öncə qeyd etdiyim kimi, "Sahədən süfrəyə" prinsipini rəhbər tutaraq, zəncirvari olaraq bu prosesi tamamlayaq və buna da nail olmuşuq.

- Biz sahəni gəzdik və kifayət qədər məlumat topladıq. Burada görülən işlərlə-qurulan texnikaların, o cümlədən, kontingentin iş prinsipi ilə tanış olduq. Düşünürəm ki, bu nəinki region üçün, ümumiyyətlə, Azərbaycan üçün uğurlu bir layihə hesab oluna bilər...

- Ümumiyyətlə, taxılçılıq sahəsi elə bir sahədir ki, bildiyiniz kimi kənd təsərrüfatında növbəli əkin sistemi tətbiq edilir. Yəni hər il həm taxıl, həm də buğda əkmək mümkün deyil. Buğdanı növbəli əkin sistemiylə iki il davamlı olaraq əkərsən, üçüncü il mütləq şəkildə əvəz edilməlidir. Yaxşı olardı ki, bu əvəzetmədə də daha çox yonca və klebr bitkisindən istifadə olunardı. Bu torpağın zənginləşməsi üçün daha uyğundur. Paralel olaraq əvəzedici kimi günəbaxan, qarğıdalı bitkisindən də istifadə oluna bilər. Biz 10 ilə yaxındır ki, fəaliyyət göstəririk. Əksər hallarda əvəzedici kimi taxılda, növbəli əkində əsasən günəbaxan və yoncadan istifadə edirik.



- Kənd təsərrüfatı sahəsinin inkişaf perspektivlərinə də toxunsaq yaxşı olardı, bu sahədə sizin maddi və texniki olaraq hansı planlarınız var?

- Növbəti planlaşdırdığımız layihə, az öncə dediyim kimi, növbəli əkin sistemi olduğuna görə, biz mütləq şəkildə zəncirvari sistemi tam şəkildə tamamlamalıyıq (yəni bu prosesi taxılçılıq sahəsində tamamlamışıq) və bunu növbəli əkin sistemində tətbiq etməyimiz üçün heyvandarlıq kompleksinin yaradılması layihəsini hazırlamışıq. Layihə 2014-cü ildən hazırdır. Bu layihənin hazırlanmasını Almaniya şirkəti həyata keçirib. Amma təəssüflər olsun ki, layihənin səmərəliliyinə dair “PWÇ” audit şirkəti tərəfindən aparılmış təhlillər, layihənin səmərəsiz olduğunun qənaətinə gələrək, həmin layihənin icra edilməsini labüd bilməmişlər. Burada da bir çox amillər var: bunlardan ən əsası odur ki, südün maya dəyərinin çox yüksək dəyərdə əmələ gəlməsi və mövcud bazarda Azərbaycanda əhaliyə təqdim edilən südün istər təbii, istər süd tozundan hazırlanmasında nə qiymət fərqi, nə də ki üzərində fərqi müəyyən edən nişan yoxdur.

Təbii südlə yanaşı, quru süddən hazırlanmış məhsullar da var. Amma bir sıra dövlətlərdə həmin fərq qanunvericilik ilə tənzimlənsə də, bu fərq Azərbaycan qanunvericiliyində tənzimlənmir. Yəni istər təbii süddən, istər quru süddən istifadə edilsin, bunun bazarda nə qiymət fərqi yoxdur, nə də ki qanunvericilikdə belə bir fərq qoyulmayıb. Bir sıra dövlətlərdə - Rusiyada, Belarusiyada, Almaniyada mütləq şəkildə yazılır ki, bu təbii süddən, yoxsa quru süddən hazırlanıb. Məsələn, günümüzdə südün maya dəyəri 60-65 qəpikdən aşağı deyil, amma quru süd əmələ gələn zaman dəfələrlə aşağı qiymətə olur. Ona görə də süd emalı sahəsində nəinki təbii süddən, daha çox süd tozundan istifadə olunur. Bu da sözsüz ki, təbii süd istehsalçılarının səmərəsiz fəaliyyətinə gətirib çıxarır ki, son nəticədə də bank qarşısında olan öhdəliklərin icrasına maneələr törədir. Düşünürəm ki, bu sahənin tənzimlənməsi üçün buna fərq qoyulmalıdır. Dövlət tərəfindən təbii süd istehsalçıları ilə süd tozundan istehsal olunan məhsullara ən azından fərq elə olmalıdır ki, tətbiq edilən ƏDV aradan qaldırılmalıdır. Eyni zamanda da bir müddətlik həmin müəssisələrə mənfəət vergisindən azad olunması tətbiq edilməlidir. Amma təəssüflər olsun ki, siz bu gün məhsulu təbii süddən də və ya quru süddən də hazırlasaz, ƏDV və mənfəət vergisi ödəyəcəksiniz. Yəni bu sahədə mövcud qanunvericilik bir qədər təbii süd istehsalçılarının səmərəsiz işləməsinə səbəb olur. Bu, səbəblərdən biridir.

- Bəs bu prosesin çıxış yolunu nədə görürsünüz?

- Düşünürəm ki, vergi xidməti orqanı təbii süd istehsalçılarına və təbii süd istehsalından emal olunan məhsullara tətbiq edilən ƏDV-ni və mənfəət vergisini aradan qaldırmalıdır. Eyni zamanda Milli Məclis tərəfindən qərar qəbul edilərək, süd məhsullarının üzərində təbii süddən və ya süd tozundan hazırlanması mütləq şəkildə qeyd edilməlidir. İnsanlar da artıq bu qaydaya öyrəşərək bilsinlər ki, yəni məhsul təbii süddən, yoxsa süd tozundan istehsal olunub. Adicə bir məsələyə nəzər yetirək: günümüzdə istifadə olunan kərə yağlarının böyük bir hissəsi, təqribən 70%-ə qədəri idxaldan asılı bir vəziyyətdədir və kərə yağı ilə bağlı respublika daxilində çox az bir istehsal prosesləri həyata keçirilir. Bu da sözsüz ki, insanların təbii qidadan, yəni tam ekoloji cəhətdən təmiz qidalardan istifadəsinə bir qədər problemlər yaradır. Sözsüz ki, nə qədər təbii qida olarsa, insan orqanizminə də bir o qədər xeyri olar. Həmçinin həmin yağlar Azərbaycanda istifadə olunarsa, heyvandarlıq kompleksləri düzgün şəkildə inkişaf etdirilərsə, idxalda yağa çəkilən xərclər kifayət qədər aşağı düşər. Bu da ölkənin valyutasına da müsbət təsir edər və yerli istehsal hesabına təmin oluna bilər.

- Ümumiyyətlə, qeyd etdiyiniz məsələlərlə bağlı hər hansısa bir dövlət orqanına müraciət və yaxud öz təkliflərinizi təqdim etmisiniz?

- Mən uzun illər Almaniyada yaşamışam və orada çalışmışam. Hələ də orayla əlaqəm kəsilməyib. Almaniyada dövlət ilə sahibkar arasında bir qurum var. Həmin qurum sahibkarların hüquqlarını müdafiə edən və sahibkarların sözünü dövlətə çatdırır. Düzdür, sözsüz ki, orada qanunlar tənzimlənib və o qədər mükəmməlləşib ki, artıq qanunların hər hansısa bir dəyişikliyinə ehtiyacı yoxdur. Amma Azərbaycanda dövlət və sahibkar arasında olan “Azərbaycan Sahibkarlar Konfederasiyasıdır” və bu yaxınlarda da cənab Prezident İlham Əliyevin sərəncamı ilə “Aqroparklarla iş” idarəsi yaranıb. Bu da İqtisadiyyat Nazirliyinin nəzdindədir. Gördüyüm təcrübəyə görə və hal-hazırda Avropada olan vəziyyət belədir: qurum tam sərbəst şəkildə ola bilər ki, onun funksional işləməsi üçün idarəetməsində dövlətin hansısa bir qolu orada müşahidə şurasında iştirak etsin. Təsəvvür edin ki, günümüzdə sahibkarın vergi xidməti ilə yaranmış bir problemin həlli ilə bağlı “Aqroparklarla iş” şöbəsi onun həllində nə qədər müsbət rol oynaya bilər? Bu, şübhəlidir. Niyə? Ona görə ki, hər iki qurum eyni nazirliyin - İqtisadiyyat Nazirliyinin nəzdindədir: Dövlət Vergi Xidməti və “Aqroparklarla iş” şöbəsi. Sözsüz ki, biz Azərbaycan şəraitində bilirik ki, bir nazirliyin bir qolu ilə ikinci qolunun bir-birinə ziddiyyətli məqamları mümkün olan bir şey deyil. Düşünürəm ki, aqroparklarla bağlı və onların inkişafına, dəstəyinə nail olmaq üçün bu qurumun birbaşa Prezident Administrasiyası nəzdində, ya Azərbaycan Respublikası Prezidentinin iqtisadi sahə üzrə köməkçisinin rəhbərliyi altında aqroparklarla iş, yaxud agentliyi və ya hansısa xüsusi bir qurum yaradılmalıdır ki, biz faktiki olaraq real addımları hiss edək. Praktiki olaraq mövcud olan problemlərin həllində bir nəticəyə nail olaq. Ona görə də mənim əsaslı şəkildə fikrim odur ki, bu sahədə bu məsələyə yenidən baxılsa, çox yaxşı olardı.



- Rəsul müəllim, Azərbaycan kənd təsərrüfatında və aqrar islahatda artım tempinin inkişafını necə dəyərləndirirsiniz?

- Bildiyiniz kimi, cənab Prezident İlham Əliyev sayəsində 2003-cü ildən başlayaraq bir neçə dövlət proqramlarının qəbul edilməsi və həmin proqramlara uyğun olaraq, Azərbaycan dövlət büdcəsindən kifayət qədər böyük vəsaitlər ayrılması həyata keçirilib. Burada 2004-2008-ci il Dövlət proqramı və 2008-2015-ci illərdə aqrar sahənin, kənd təsərrüfatı sahəsində, əsasən regionların sosial-iqtisadi inkişafı proqramı var. Yəni bir sıra proqramlar mövcuddur. Ölkə başçısı bütün proqramlarda kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirib. Sizi inandırım ki, taxılçılıq sahəsində olan nəticəyə görə, bizim 2017-2018-ci illərdə, hətta 2019-cu ilə qədər ancaq müəssisəmiz tərəfindən, təxminən 18000-20000 tona qədər hər il taxıl istehsalı həyata keçirildi. Həmin zamanlar məhsullarımız bol olduğu üçün saxlamağa yer olmadığından, hərbi aeroportda, bundan başqa Şəmkir, Tovuz rayonunda yerləşən anbarlara yerləşdirirdik. Biz həmin zaman dərhal layihənin ikinci mərhələsi olan taxıl anbarlarının tikintisini sürətlə həyata keçirdik və 36000 tonluq anbarları inşa etdik. Faktiki olaraq, bu gün artıq iki ildir ki, həmin anbarlar işləyir. Yəni artım tempinə görə, cənab Prezident İlham Əliyev tərəfindən göstərilən xüsusi diqqət nəticəsində 2019-cu ilə qədər artım çox sürətlə gedirdi. 2019-cu ildən həm iqlim şəraitinin təsiri və vergi məcəlləsinə edilmiş əlavə və dəyişikliklər bu sahəni geriləməyə doğru apardı. Ələlxüsus 2019-cu ildən dövlət vergi xidməti tərəfindən təqdim edilmiş qanun layihəsiylə bütövlükdə uçotun aparılması üçün kənd təsərrüfatı sahəsində çalışan, kiçik təsərrüfatlar, ailə təsərrüfatları və digərləri vergi orqanında uçota alınması üçün fiziki şəxslərin (VÖEN) məcburi dövlət qeydiyyatına alınması haqqında qərarı qəbul edilib. Yeni qaydalara əsasən həmin fiziki şəxslər öz satdıqları məhsulların elektron qaimələrini elektron qaydada həyata keçirməli idilər. Siz təsəvvür edin ki, Azərbaycanda elə təsərrüfatlar var ki, yarım hektar, 1 hektar ərazini əhatə edir. Yəni həmin adamlar yarım hektarda da, 1 hektarda da taxıl əkirdilər. Camaatda taxılçılıq ilə bağlı dövlətin göstərdiyi qayğıya görə stimullaşdırma var idi və bu sahədə kifayət qədər kiçik təsərrüfatlar öz rolunu oynayırdılar. Hərdən düşünürük ki, böyük təsərrüfatlar hesabına taxıla olan ehtiyatımız ödənilir, amma yaddan çıxardırıq ki, həmin kiçik sahələr yüz minlərlədir. Vergi ilə bağlı olan bu qərarın kiçik təsərrüfatların bir çox problemlərlə üzləşməsinə gətirib çıxardığının özüm şahidi olmuşam. Belə ki, kiçik fermerlər elektron qaimə təqdim edə bilmədiyinə görə, onlardan tədarükçülər və emalçılar tərəfindən alınan taxıl satışı zamanı əlavə dəyər vergisi 18 faiz olmaqla vergi xidməti tərəfindən tətbiq olunur. Məhz bu səbəbdən yerli emal müəssisələri taxılın alışına yerli təsərrüfatlardan yox, xaricdən idxal edilməsinə üstünlük verdilər. Nəticədə kiçik təsərrüfatların taxıl əkininə marağı 50 faizə qədər azaldı. Bu tək taxılçılıq sahəsində deyil, meyvə-tərəvəz və digər sahələrdə də müşahidə olunur ki, faktiki olaraq, bu da kənd təsərrüfatı məhsullarının əlavə dəyər verigisinə tətbiq edilməklə qiymət artımına səbəb olmuşdur.



- İqtisadçı kimi dünya iqtisadiyyatında baş verən böhran xarakterli amillərin həllini nədə görürsünüz? Azərbaycan dünya iqtisadiyyatında baş verən böhrana nə kimi müsbət təsir göstərə bilər ki, bu da həm Azərbaycan üçün, həm də dünya bazarı üçün stimulverici olsun?

- Fikrimcə, taxıl elə bir məhsuldur ki, strateji məhsul olmaqla, buna xüsusi dövlət yanaşması olmalıdır. Biz Azərbaycan olaraq mövcud olan qanunvericiliyə müəyyən dəyişikliklər etməklə, Azərbaycanı 3 il müddətində 100 faiz daxili istehsalat hesabına təmin etmək olar. Burada bir sıra amillər var, kiçik təsərrüfatlarla bağlı tətbiq edilən vergi qərarı dəyişilməklə problemləri aradan qaldırmaq olar.

Böyük müəssisələrlə bağlı onu deyə bilərəm ki, ölkə başçısının 2011-ci ildə müvafiq bir tapşırığı var idi ki, əkin dövriyyəsinə yeni torpaq sahələrinin cəlb edilməsidir. Bununla bağlı 2011-2012-ci ildə işlər aparılsa da, tam şəkildə həyata keçirilmədi. Biz əkin dövriyyəsinə yeni torpaq sahələri əlavə etsək və növbəli əkini həyata keçirsək, ümumi heyvandarlıq komplekslərinin yem bazasını, üstəlik taxılçılıq sahəsində mövcud olan problemin aradan qaldırılmasına nail ola bilərik. Ümumiyyətlə, dünya iqtisadiyyatına gəldikdə isə mən konkret olaraq Avropa iqtisadiyyatında və ələlxüsus Almaniya iqtisadiyyatında hal-hazırkı vəziyyəti təhlil edə bilərəm. Avropanın iri müəssisələri istehsal etdikləri məhsullarının maya dəyərinin aşağı olması üçün zamanında bir çox böyük komplektləşdirici istehsallarını Çində yaratmışdılar. Təsəvvürünüzə gətirin ki, istər “MERCEDES”, istər “BMW”, istər “MN”, istər digər ağır və yüngül sənaye istehsalının hissələri Çində istehsal olunur. Avropanın Çinlə ticarət dövriyyəsi 2020-ci ilə qədər hər il yüksələn artım dinamikası ilə inkişaf edirdi. Avropa ilə Çin arasında loqistika yük daşıma elə bir həddə çatmışdır ki, artıq mövcud olan Polşa, Belarusiya, Rusiya, Qazaxıstan üzərindən Çinə daşınan yüklərin çatdırılma müddətləri 12 gündən 22 günə və hal-hazırda 28 günə çatmışdır. Məhz bu səbəbdən də istehsallarda istehsal hissələrinin zamanındaa çatdırılmamasına görə iqtisadi durğunluq müşahidə olunur. 3 aya sifarişlə hazırlana bilən bir istehsalat xətti bu gün bir ilə və daha çox müddətə icra olunur. Bu da sözsüz ki, iqtisadiyyata öz mənfi təsirini göstərir. Hesab edirəm ki Azərbaycanda, xüsusən işğaldan azad olunmuş ərazilərdə xüsusi iqtisadi rejim müəyyən edilməklə hal-hazırda Avropa müəssisələrinin Çin istehsalını əvəz edən yeni müəssisələrin Azərbaycanda yaradılması istiqamətində iş aparılmalı və buna nail olunmalıdır. Həm məsafə baxımından, həm də işçi qüvvəsi baxımından buna Azərbaycanda tam labüd şərait var.



- Rəsul müəllim, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin sayəsində 44 günlük müharibənin nəticəsi olaraq uğurlu bir zəfər əldə etdik və bu zəfər nəticəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu yaradıldı. Hal-hazırda həmin rayonlarda quruculuq işləri gedir. Bu 1 milyona yaxın məcburi köçkünün orada məskunlaşması, çalışması üçün müsbət mənada bir çox işlər görülür. Nəticədə gələcək illərdə kənd təsərrüfatı sahəsinin həmin iqtisadi rayonlarda inkişaf perspektivlərini necə dəyərləndirirsiniz?

- Biz bir şirkət olaraq Ağdam rayonunda Aqrar Sənaye Kompleksi yaratmaq fikrimiz var. Özüm şəxsən bir neçə dəfə ora səfər etmişəm, oranın iqlim şəraiti ilə həmçinin digər məsələlərlə bağlı araşdırmalar aparmışam. Eyni zamanda Almaniyanın bu sahədə xeyli inkişaf etmiş şirkətləri var ki, onlarla da danışıqlar aparmışıq. Biz hesab edirik ki, həmin zonalarda kompleks şəklində layihələr icra olunması səmərə baxımından əlverişlidir. Ümumiyyətlə, həmin ərazilərə böyük miqdarda daxili və xarici investisiyanın cəlb edilməsi üçün Qarabağ azad iqtisadi zonası kimi dövlət tərəfindən status verilməsi bu ərazinin qısa zamanda investorlar hesabına inkişaf etdirilməsinə zəmin yaradar. Bu təcrübə dünyanın bir çox dövlətlərində, hətta Almaniyanın Hanburq şəhərində tətbiq olunub və öz nəticələrini qısa zamanda göstərib. Dövlət tərəfindən bu addım atılarsa, Avropa şirkətlərinin bir çoxu Çin dövlətində olan istehsal müəssisələrini bu ərazilərdə yaratmasına böyük maraq göstərər. Mən şəxsən bir neçə böyük şirkət sahibi ilə bu barədə danışıqlar apararkən, onlar belə bir istəklərinin olmasını bildirmişdilər.


- Kənd təsərrüfatı sahəsinə gənclərin marağı nə dərəcədə ümidvericidir?

- Gənclərin iş rejimi üçün şərait yaradıldığı kimi, asudə vaxtları üçün də şərait yaradılmalıdır. Biz işə cəlb etdiyimizin gənclərin böyük əksəriyyəti, Almaniyada, İsveçrədə təlimlərdən keçiblər. Bizdə tətbiq olunan bütün texnikalar hər biri Avropa (Almaniya, İsveçrə və s.) istehsalıdır. Özümüzün texniki xidmət mərkəzimiz var ki, bizim gənclər məhz həmin mərkəzdə mühərriklərin sökülüb-yığılmasında və digər işləri də həyata keçirə bilirlər. Bunun başlıca səbəbi gənclərin zamanında xaricdə həmin təlimlərdə iştirak etmələridir. Bizdə texniki işçilər, operatorlar işə 19 yaşından götürülür, mühəndislər isə 23-25 yaşından bizdə çalışırlar.
Bu gün vaxtilə bizim Ağstafa Aqrar Sənaye Kompleksində çalışmış gənclər var ki, hal-hazırda ölkənin digər kənd təsərrüfatı ilə bağlı müəssisələrdə fəaliyyət göstərirlər. Biz də öz növbəmizdə yeni gəncləri öz kompleksimizə cəlb etməyə çalışırıq. Bu da həm gənclər üçün yaxşıdır, həm də ölkəmiz üçün xeyirlidir.

Fuad Mədətov
Mahir Hüseynbəyli
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər