Ru
12:22 / 05 Sentyabr 2022

Uydurulan narahatlıq - Azərbaycanda həqiqətləri kimlər gizlədir və məqsəd nədir?

11389
Əlövsət Əliyev,
Hüquq müdafiəçisi











Cari ilin 30 avqust tarixində Cenevrə şəhərində BMT-nin İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Komitəsi Azərbaycan və bir sıra başqa ölkələrdəki vəziyyətlə bağlı nəticələri açıqlayıb.


Komitənin hesabatı İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Beynəlxalq Konvensiyanın həyata keçirilməsi ilə bağlı müsbət aspektlərlə yanaşı, əsas narahatlıqları və tövsiyələri də ehtiva edir.


Komitə hesabatın Azərbaycanla bağlı hissəsində 2020-ci il və ondan sonrakı illərdə Dağlıq Qarabağda və onun ətrafında baş vermiş hərbi əməliyyatlar və sonrakı müddətdə Azərbaycan hərbi-silahlı qüvvələri tərəfindən hərbi əsirlərə və erməni mənşəli digər müdafiə olunan şəxslərə qarşı insan hüquqlarının kobud şəkildə pozulması ilə bağlı edilən iddialardan dərin narahatlığını ifadə edir.





Komitə bildirir ki, erməni mədəni irsinin, o cümlədən kilsələrin, abidələrin, tarixi yerlərin və qəbiristanlıqların dağıdılması ilə bağlı xəbərlər də narahatlıq yaradır. Komitə Azərbaycana insan hüquqlarını pozmaları ilə bağlı hərtərəfli və qərəzsiz araşdırma aparmağı və hesabatlılığın təmin edilməsi və cəzasızlığa son qoyulması üçün səyləri gücləndirməyi tövsiyə edir.


Komitə eyni zamanda Azərbaycanda yaşayan vətəndaşlığı olmayan şəxslərlə bağlı vəziyyətin narahatçılıq doğurduğunu bildirib. Belə ki, Azərbaycana vətəndaşsızlıq hallarının həlli üçün səylərini gücləndirməyi tövsiyə etmişdir.


Komitə Azərbaycandan vətəndaşsızlığın müəyyən edilməsi proseduru üçün qanunvericilik bazasının işlənib hazırlanmasını və qəbul edilməsini, ayrı-seçkiliyə yol vermədən bütün vətəndaşlığı olmayan şəxslərin statusunun müəyyənləşdirilməsini və şəxsiyyətini təsdiq edən sənədləri əldə etməsini xahiş edib.


Detallı, ilk baxışdan mükəmməl görünən hesabat təəssüf ki, həqiqəti əks etdirmir.
Bəs nə üçün Azərbaycan həqiqəti sübut etmir və ya bunu istəmir? Müvafiq dövlət orqanları Azərbaycan haqqında belə hesabatların yaranmasına şərait yaradır.


Komitə 2020-ci ildə və ondan sonrakı illərdə Dağlıq Qarabağda və onun ətrafında baş vermiş hərbi əməliyyatlar zamanı Azərbaycan hərbçiləri tərəfindən hərbi əsirlərə və erməni etnik və ya milli mənşəli digər müdafiə olunan şəxslərə qarşı insan hüquqlarının kobud şəkildə pozulmasını iddia edir. Hesab edirik ki, Ombudsman ixtisaslaşmış bir və ya bir neçə QHT ilə birlikdə döyüş əməliyyatlarının keçirildiyi ərazilər, sosial şəbəkələrdə erməni əsirlərə qarşı kobudluqla ifadə olunaraq çəkilən və daha sonra yayılan hər bir fakta görə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən başlanılan cinayət işləri və xidməti yoxlamaların nəticələri haqqında, xüsusiylə cəzalandırılan zabit və əsgərlər haqqına dolğun hesabat hazırlatdırmalı və beynəlxalq təşkilatlara çatdırılmasını təmin etməli idi. İndi də bunu etmək mümkündür və faydalı ola bilər.





Ərazilərimizin işğaldan azad olunmasından sonra həmin ərazilərdə dərhal Azərbaycanın mədəni irsinin, o cümlədən məscidlərin, tarixi abidələrin, müqəddəs hesab edilən yerlərin və qəbiristanlıqların mövcud vəziyyətini əks etdirən hesabatlar hazırlanmalı idi. Təbii ki, Azərbaycanın hökumət orqanları tərəfindən hazırlanan hesabatlardan söhbət getmir. Beynəlxalq təşkilatlar və QHT-lərlə əməkdaşlıq çərçivəsində yerli QHT-lərin birgə hazırladıqları hesabatlar effektli ola bilərdi və belə qərəzli hesabatların hazırlanmasına mane ola bilərdi.


Biz müharibə başa çatan kimi hökumətin hazırladığı hesabata alternativ hesabatın hazırlanmasını təklif etmişdik.


Komitənin Azərbaycandan vətəndaşsızlığın müəyyən edilməsi proseduru üçün qanunvericilik bazasının işlənib hazırlanmasını və qəbul edilməsini, vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərlə təmin olunması sahəsində problemlərin olduğunu qeyd etmişdi. Bildiyimə görə, bu problem həqiqətən mövcuddur. DMX-nin rəhbərliyi bu problemin təcilli həll olunmasını təmin etməlidir.


Ölkə ərazisində yaşayan hər kəs sənədlə təmin olunmalıdır. Başqa ölkələrdə olduğu kimi Azərbaycanda da heç kəsin bir gün də olsun sənədsiz yaşamasına imkan verilməli deyil.


Komitənin hesabatından belə bəlli olur ki, vətəndaşlığı olmayan şəxslərin statusunun müəyyənləşdirilməsi zamanı ayrı-seçkiliyə (guya, ermənilərin sənədləşməsində problemlər yaradılır) yol verilir. Bu yanaşma da tam qərəzlidir. Azərbaycanda son beş ildə onlarla erməni ailəsinin sənədləşdirilməsi haqqında müxtəlif məhkəmələr tərəfindən qərarlar qəbul edilib. Hətta 44 gün müddətində davam edən müharibə zamanı belə Azərbaycan məhkəmələri Bakıda yaşayan ermənilərin iddialarını qəbul edib, onların sənədləşdirilməsi vəzifəsini müvafiq dövlət orqanlarına həvalə edilməsi haqqında qərar qəbul edib və bütün qərarlar icra edilib.





Uzun illər ölkənin şəxsiyyət vəsiqəsi və pasport şöbəsinə rəhbərlik etmiş, daha sonra BMT QAK-la partnyor olan təşkilata rəhbərlik etmiş və Azərbaycanda məskunlaşan ermənilərə birbaşa hüquqi yardım göstərmiş şəxs kimi hələ 16 il əvvəl Dağlıq Qarabağda yaşayanları nəzərə almadan Azərbaycanda 30 min erməninin yaşadığını bildirmişdim.


Hazırda Azərbaycanda təxminən 25 000 nəfər erməni əsilli şəxs yaşayır. Onların əksəriyyəti dövlət orqanlarında müxtəlif vəzifələr tutur. 44 günlük müharibə zamanı Ermənistana qaçan ermənilərin əksəriyyəti müharibə bitəndən sonra yenidən Azərbaycana qayıdıblar. Ayrı-seçkiliyin qurbanı olmuş şəxslər heç zaman təkrar olaraq Azərbaycana qayıtmazdı.


Azərbaycanda yaşayan ermənilər və 44 günlük müharibə ərəfəsində Azərbaycanı tərk etmiş onlarla erməninin yenidən Azərbaycana qayıtması təbii ki, ən azından DTX, XİN, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməki kimi təşkilatlara məlumdur. Belə olan halda bu həqiqətlər onların təşəbbüsü ilə niyə məhz milli QHT-lərin vasitəsi ilə beynəlxalq təşkilatların diqqətinə çatdırılmır?


Niyə ölkədə tanınmış və beynəlxalq təşkilatların da inandığı hüquq müdafiəçilərinə bu barədə hesabatların yazılması üçün müraciət edilmir? Niyə beynəlxalq təşkilatlatı "narahat edən" belə məsələlər bizi narahat etmir? Ümumiyyətlə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının bu sahədə maliyyələşdirdiyi layihələrin hesabatları kimlər üçün hazırlanıb?


Hesab edirik ki, dövlət qurumları vətəndaş cəmiyyəti institutlarına qrant verməli, onların Azərbaycan həqiqətlərinin beynəlxalq təşkilatlara çatdırılması üçün rolunun artırılmasına dəstək verməlidirlər.


Hesabat hazırlanan zaman Azərbaycanda yaşayan və himayə olunan ermənilərdən də istifadə olunmalıdır. Bunlara məhkəmələr tərəfindən iddiaları təmin olunan və Beynəlxalq təşkilatların himayəsində olan, Fərhad Bədəlbəyli kimi nüfuzlu şəxslər tərəfindən himayə olunan ermənilər, müharibə vaxtı ölkədən qaçan və sonradan ölkəyə qayıdan şəxslər önə çıxarılmalı və Azərbaycanda ermənilərə qarşı ayrı-seçkilik hallarının olub-olmaması və digər problemləri haqqında məlumat verməlidirlər. Bu faktları yada salmaqda məqsədim beynəlxalq təşkilatlar üçün çox tutarlı arqument olacağını düşünməyimdir. Çünki ötən əsrin 80-90-cı illərindən indiyədək Ermənistanda demək olar ki, 1 nəfər də azərbaycanlı yoxdur və ümumiyyətlə, Ermənistan monoetnik ölkədir. Azərbaycanın isə bu mənada nə qədər koloritli və humanist, multiklutural olduğu gün kimi aydındır.


Ancaq görünür, qəsdən bu, beynəlxalq aləmə nümayiş olunmur, lazımi faktlar vaxtında aidiyyəti qurumlara çatdırılmır, beynəxalq təşkilatların uydurma narahatçılıqlarına şərait yaradır.
Şərhlər
  • Alovsat Aliyev

    Təşəkkürlər, bakupost.az

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər